Bu gün:

“Hər bir hüquqşünasda əsas olaraq məntiqi təfəkkür, analitik düşünmə bacarığı olmalıdır”


24Media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi hüquqşünas Gülnur Əkbərlidir. Müsahibimiz  hüquqşünasların bilməli olduqları vacib biliklərdən danışıb. 


-Hüquqşünaslar üçün hansı biliklər olduqca mühümdür?

-İki nöqteyi-nəzərdən bu suala belə cavab verə bilərəm ki, ilk növbədə, hüquqşünasın hüquqi biliyi olmalıdır. Hüquqşünas sonradan ixtisaslaşdığı hüquq sahəsindən asılı olaraq müəyyən bilikləri daha yaxşı bilməlidir. Məsələn, ola bilər ki, hər hansı hüquqşünas prokuror-müstəntiqlik üzrə ixtisaslaşmaq istəyər, bu zaman o, cinayət qanunvericiliyi və cinayət prosessual qanunvericiliyindən agah olmalıdır. Əmək-sosial təminat sahəsində ixtisaslaşan hüquqşünaslar məhz bu hüquq növündə spesifik biliklərə malik olmalıdırlar. Ümumən nəzər yetirsək, deyə bilərəm ki, hər bir hüquqşünasda əsas olaraq məntiqi təfəkkür, analitik düşünmə bacarığı olmalıdır. Məhz bu səbəbdən universitetlərdə tələbə hüquqşünaslara məntiq fənni tədris edilir, lakin məntiq fənni seçmə fənlər sırasında yer alır. Mən isə belə düşünürəm ki, yaxşı olardı ki, məhz bu istiqamətdə məntiq fənni seçmə fənlər sırasından çıxarılıb əsas fənnlərin kateqoriyasına daxil edilsin. Hüquq fakültəsində, həmçinin hüquq-psixologiya, hüquq fəlsəfəsi fənləri də tədris olunur ki, bunlar da bir hüquqşünasın karyera həyatında mühüm əhəmiyyətə malikdir. Tələbələr universitetin birinci kursunda hüquq nəzəriyyəsi fənnini öyrənirlər. Onun özəyi hüquq fəlsəfəsi fənninə dayanır. Çox yerdə fəlsəfə fənni universitetlərdə hüquq fakültəsində seçmə fənn olaraq tədris edildiyi üçün bəzi hüquqşünaslarda sırf bu istiqamətdə bilik əskikliyi yaşanır. Hüquqşünaslıqda, xüsusilə, müstəntiq və ya cinayət-hüquq sahəsində çalışan insanlar üçün psixoloji biliklər mühüm  əhəmiyyətə malikdir, çünki psixoloji biliklərə yiyələnmiş hüquqşünaslar insan psixologiyasından xəbərdar olur, dindirilmə zamanı insanların yalan deyib-demədiklərini rahat şəkildə müəyyənləşdirə bilirlər. Ən əsası isə budur ki, istintaq hərəkətlərinin icrası zamanı hüquq psixologiyası olduqca vacibdir.

24Media.az xatırladır ki, Azərbaycanda Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası və ADA kimi təhsil müəssisələrində hüquq fakültəsi mövcuddur.

Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et