Bu gün:

"Azərbaycanda cizgi filmlərə sponsor dəstəyi yox səviyyəsindədir"


24Media.az-ın budəfəki qonağı animator Zaur Rövşənlidir. O, animasiya sahəsinin Azərbaycandakı vəziyyəti barədə danışıb.Müsahibənin əvvəlində animator Azərbaycanda yerli animasiyalar və cizgi filmlərin hazırlanmasına marağın çox olduğunu deyir: 

"Akademiyada animasiyanı tədris edirik və tələbələrə baxanda marağın kifayət qədər olduğunu görürük. Düşünürəm ki, animasiya sahəsinə sadəcə bir balaca dəstək olsa, ürəkaçan nəticələr əldə edə bilərik".

Zaur Rövşənli vurğulayır ki, cizgi filmlərin çəkilməsində sponsor dəstəyi yox səviyyəsindədir. Daha sonra müsahibimiz fikrini belə davam etdirir:

"Biz animasiya ilə bağlı ölkə üzrə bir müddət araşdırma etdik. YouTube-da elə cizgi filmlər var ki, qeyri-peşəkar səviyyədə işlənib, amma baxış sayısı və maraq kifayət qədər var". 

Animator yerli və modern filmlərin indiki uşaq psixologiyasına görə necə çəkilməsi ilə bağlı qeyd edir: 

"Piarda belə bir şey var ki, nə satılırsa, yaxud hazırlanıb ictimaiyyətə təqdim olunursa, hansı kütləyə xitab edəcəyimizi müəyyən etmək və yaş kriteriyalarına uyğunlaşdırmaq lazımdır. Yetkinlər və uşaqların hər biri üçün animasiya qrafikalarının düzgün şəkildə seçilməsi daha yaxşı nəticələr verər". 

Zaur Rövşənli Azərbaycanda bu sahəni inkişaf etdirmək üçün güclü kadrların olub-olmadığına belə aydınlıq gətirir:

"Olduqca güclü kadrlar var. Məsələn, sosial şəbəkələrdə bu mövzularla bağlı bir çox qruplar var və onları daim izləyirik. Hərə hazırladığı animasiyaları paylaşır və buna kifayət qədər dəstək olunsa, ortaya çıxacaq yüksək potensiallı insanlar var. Hətta bir neçə tanıdığım şəxs var ki, işinin peşəkarıdır və özü üçün Youtube kanalı açaraq ancaq ingiliscə animasiyalar paylaşır, daha çox xarici şəxslərə xitab edir. Çünki yerli bazara dəstək o qədər də olmur”.

Bu fikrinin ardından Zaur Rövşənli vurğulayır: 

"Mən deyə bilmərəm ki, Azərbaycanda bu sahənin inkişafı üçün çoxsaylı töhfələr verilir. Amma onu deyə bilərəm ki, məsələn, bir neçə il bundan öncə animasiyaya dəstək üçün bir layihə yaradılıb. Layihənin əsas məqsədi animasiya sahəsinə olan marağın artırılması idi. Layihənin şərtlərinə nəzər saldıqda bunun çətin olduğunu müşahidə etdim. Məsələn, fərdi insanların bu layihəyə qoşulması qətiyyən mümkün deyildi. Gərək idi ki, böyük şirkət və ya komandan olsun ki, onlarla əməkdaşlıq etmək mümkün ola. Ölkəmizdə isə animasiya üzrə fəaliyyət göstərən böyük şirkətlər, demək olar yoxdur. Ancaq fərdi insanlar özləri çalışırlar”.

Müsahibimizin sözlərinə görə, Azərbaycan universitetlərində animator dizayn ixtisası üzrə daha çox qrafik dizayna yönəlirlər. Sonra o fikrinə belə davam edir: 

"Qrafik dizaynı tədris edən kurslar, öyrənmək istəyənlər, həm də qrafik dizaynı bacaran kütlə çoxdur. Ardıcıllıq belədir: öncə qrafik dizayn, moşn və animasiyalar olmalıdır. Biz hələ də qrafik dizaynın üzərində qalmışıq, moşna keçid edə bilmirik. Düşünürük ki, önümüzdəki növbəti illərdə qrafik dizayndan moşna keçid edəcəyik. Bizdə kütlə nəyə tələbat çoxdursa, daha çox ona qaçır və əlavə şeylər öyrənməyə maraq göstərmir. Animasiya sahəsi daha çox səbir tələb edən və hazırlanması uzun başa gələn sahədir. Məsələn, qrafik dizayn yarım saata, moşn 1-2 gün ərzində hazırlanırsa, animasiya daha çox vaxt tələb edir. Animasiyanın çox vaxt aparması onun ssenari mürəkkəbliyindən asılıdır. Əgər bir fərd tək şəkildə animasiyanın qrafikasını, onun dizaynı və hərəkətə gətirilməsini edirsə, bu 1 həftə və ya 1 ay vaxt ala bilər. Əvvəllər cizgi filmin ərsəyə gəlməsi üçün daha çox vaxt sərf olunurdu". 

Rəqəmsallaşma və müasir texnologiyanın bu sahəyə təsiri barədə Zaur Rövşənli deyir:

"Müasir texnologiyanın animasiya sahəsinə kifayət qədər təsiri var. Animasiya sahəsi üzrə kifayət qədər proqramlar və müasir avadanlıqlar var". 

Müsahibənin sonunda animasiya sahəsində yeni layihələrlə bağlı animator deyir:

"Akademiyanı açmaqda məqsədimiz odur ki, animasiya sahəsi daha da inkişaf etdirilsin. Önümüzdəki aylarda və ya illərdə böyük layihələrin həyata keçirilməsini düşünürük və bazarda bu sahənin inkişaf etməsi üçün tədbirlər görəcəyik".

Tərlanə Abdullayeva



Paylaş
Şərh əlavə et