İtaliyanın paytaxtı Romada yerləşən Monte Testaccio kurqanı əslində qədim Roma tullantılarından ibarət süni bir dağdır. 5 hektarlıq ərazini əhatə edən bu unikal təpənin hündürlüyü 36 metrə, həcmi isə 580 min kubmetrə çatır.
Təpənin əsasını eramızdan əvvəl 1-ci əsrdən başlayaraq məqsədli şəkildə ora atılmış amforalar, yəni gildən və metaldan hazırlanmış qədim qablar təşkil edir. Ən mühafizəkar hesablamalara görə, burada təxminən 53 milyon amfora parçalanmış şəkildə yerləşir.
Bu zibil sahəsi təsadüfi şəkildə yaranmayıb. Qədim romalılar tullantıların mərkəzləşdirilməsi üçün bu ərazini xüsusi olaraq müəyyənləşdiriblər. Yəni Monte Testaccio planlı və təşkilatlanmış bir tullantı sahəsi olub.
İndiyədək olduğu kimi qorunub saxlanan bu təpə qədim romalıların tullantı idarəçiliyinə dair yanaşmasını və təşkilatçılıq qabiliyyətini əks etdirən maraqlı arxeoloji nümunələrdən biri sayılır.
Mənbə: Another History
Tərcümə etdi: Səid Quliyev
