Bu gün:

İnsanlar niyə sevimli şeylərə maraq göstərir?


İnsanların təbii olaraq sevimli şeylərə maraq göstərməsi artıq elm tərəfindən də sübuta yetirilib. Psixoloqların və neyroloqların fikrincə, şirinlik insanda rahatlıq, xoşbəxtlik, müsbət emosiyalar və qoruma hissi oyadır. Buna görə insanlar heyvan, uşaq, oyuncaq, hətta əşyalar və mənzərələr kimi şirin görünən hər şeyə xüsusi diqqət və simpatiya göstərirlər. Neyropsixoloq Sanam Hafiz bildirib ki, sevimli görünən şeylər insan beynində xoş duyğular yaradır, bizi rahatladır və əhvalımızı yaxşılaşdırır.

Şirinliyin təkamüllə bağlantısı

Mütəxəssislərin fikrincə, şirinliyə olan bu marağın kökü təkamül dövrünə gedib çıxır. Neyropsixoloq Mikael Valdez qeyd edir ki, böyük gözlər, kiçik burun və yumru üz kimi xüsusiyyətlər insanda zəif, baxıma ehtiyacı olan bir varlıq təsiri yaradır. Bu da insanın içində həmin varlığı qorumaq, ona kömək etmək instinktini oyadır. Bu davranış isə növün sağ qalmasına xidmət edir. Alimlər hesab edir ki, insan körpələrinin xarakterik şirin cizgiləri insanların onlara qayğı göstərməsini asanlaşdırmaq üçün formalaşıb.

Nəyi şirin hesab edirik?

Şirinliyin dəfələrlə təkrar olunan bəlli xüsusiyyətləri olsa da, bu anlayış hər kəsdə eyni olmur. Mütəxəssislər bildirir ki, şirinliyin qəbul edilməsi insanın şəxsi təcrübəsi, beyin quruluşu, mədəniyyəti və hətta o andakı əhvalından asılıdır. Bəzi insanlar üçün yaşlı insanlar və ya bəzi heyvan növləri (məsələn, pitbul kimi aqressiv görünən itlər) də şirin görünə bilər. Bunun səbəbi isə həmin insanın həmin varlığa qarşı xüsusi emosional və şəxsi bağlılıq hiss etməsi ilə izah olunur.

Şirinliyin beyində yaratdığı təsir

Araşdırmalar göstərir ki, şirin şeylərə baxanda insan beynində mükafat və həzz bölgələri aktivləşir. Xüsusilə, ventral striatum və nucleus accumbens adlı beyin bölgələri bu prosesdə əsas rol oynayır. Beyin bu zaman dopamin ifraz edir və bu, insanın içində müsbət, xoş emosiyalar oyadır. Bəzən isə bu həddindən artıq emosiyalar şirinlik aqressiyası adlı bir hal yaradır. İnsan həmin an şirin olan şeyi qucaqlamaq, sıxmaq və ya çimdikləmək istəyir.

Şirinliyin sosial və psixoloji təsiri

Şirinlik sadəcə fərdi psixologiyaya deyil, sosial münasibətlərə də təsir edir. Araşdırmalar sübut edir ki, şirin bir şeyin iştirakı insanlar arasında gərginliyi azaldır, stressi aşağı salır və mehriban ünsiyyətə təkan verir. Məsələn, gərgin mühitdə şirin bir heyvanın və ya uşağın olması vəziyyəti yumuşalda bilər. Şirinlik insanda başqalarına kömək etmək, qayğı göstərmək və sosial bağlılıq hisslərini gücləndirir.

Bütün bunlara görə, şirinlik populyar mədəniyyətdə və reklamlarda geniş istifadə olunur. Brendlər və marketinq şirkətləri insanlarda müsbət emosiyalar yaratmaq üçün şirin obrazlardan, maskotlardan, emojilərdən istifadə edir. Bu emosional bağlılıq son nəticədə insanların vərdişlərinə təsir edir. Araşdırmalara görə, insanlar bəyəndikləri şirin obrazla assosiasiya olunan məhsula daha çox meyil göstərir.


Mənbə: Buzz feed

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et