Bu gün:

“Mətbuatla müqayisədə kitab nəşri ölməyəcək” – Naşirlə Müsahibə


“Azərbaycanda təxminən 10 milyon insan var. Təəssüf ki, kitabsevərlərin sayı isə çox azdır. Bu azlıq kitabların nəşrində, nəşriyyatın fəaliyyətində hiss olunur. Oxucuların say azlığı naşirlərin əhvallarına da mənfi təsir göstərir, bəzən onların həvəsdən düşməsi ilə nəticələnə bilir”.

Bu sözləri 24media.az-a müsahibəsində  “Altun kitab” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılov deyib. 

2004-cü ildə “Altun kitab” nəşriyyatını yaradan Rafiq İsmayılov hazırda ora rəhbərlik edir.

Naşirin sözlərinə görə, 80-ci illərdə kitab, qəzet, jurnal yazılması və nəşr edilməsi çətin idi. Buna səbəb isə həmin dönəmdə bütün nəşriyyatların dövlətə məxsus olması idi:

"Yenidənqurmadan sonra özəl nəşriyyatlara  icazə verildi. Özəl nəşriyyat yaratmağa Arif Əliyev, mən və digər bəzi dostlar təşəbbüs göstərdik, həmin özəl nəşriyyatda bir neçə kitab nəşr etdik. Daha sonra respublikamızda kiril əlifbasından latın əlifbasına keçid oldu. Bu keçid isə kitab nəşrində durğunluğa səbəb oldu, nəşriyyatlar hansı əlifba ilə işləməyin düzgün olduğunu müəyyənləşdirməkdə çətinlik çəkdi. Həmin dönəmdə uşaqlar yalnız latın, böyüklər isə kiril əlifbasını bilirdilər. Bu kimi səbəblərdən dolayı mən 2000-ci illərin əvvəllərinə qədər daha çox sifarişlə çalışırdım. Fərqli insanlar və təşkilatlar kitab sifariş edirdilər, mən də nəşr edirdim. Bu kitablar müxtəlif mövzulara həsr olunurdu”, - deyə R.İsmayılov bildirib.

Müsahibimiz eyni zamanda qeyd edib ki, onlar 90-cı illərin sonunda naşirlər birliyi yaradıblar: “Xaricdə özəl nəşriyyatı öyrənmək üçün müxtəlif ölkələrə səfərlər təşkil edildi. Artıq nəşriyyatlar geniş oxucu kütləsinə xitab etməyə başladı. Naşirlər tələbatın daha çox olduğu kitabların sayını artırdı, öz üzərində işləyərək maraqlı nəşrlərə üstünlük verdi. Naşirlər birliyinin sədri olaraq mən də müxtəlif təlimlərdə, seminarlarda, beynəlxalq konfranslarda iştirak edib, özümü daha da təkmilləşdirdim. 2000-ci illərin əvvəllərində ilk bədii kitabları nəşr etməyə başladım, sonra dərsliklərin yaradılması prosesinin iştirakçısı oldum. Biliklərimi və bacarıqlarımı artıraraq 2004-cü ildə “Altun kitab”ı yaratmağa nail oldum".

"Altun kitab" nəşrlər evi 2004-cü ildən uşaq və tədris ədəbiyyatı sahəsində fəaliyyət göstərir. Nəşriyyatın bir sıra kitabları ("Azərbaycan musiqi alətləri", "Qabusnamə") yerli və beynəlxalq sərgilərdə xüsusi diplomlara layiq görülüb. Nəşriyyat dərsliklərin hazırlanması istiqamətində Təhsil Nazirliyi ilə əməkdaşlıq edir:

“İş dəftərləri, testlər və digər məktəbə aid nəşrlər hazırlanır, dərsliklər sifariş edilir. Son dövrlərdə dünya ədəbiyyatından ibarət 100-dən çox kitab nəşr etdik. Kitablarımızın 90%-i 3-15 yaş arası uşaqlar üçün hazırlanıb”, - naşir əlavə edib. 

Rafiq İsmayılovun fikrincə ingilis naşirlər şanslıdırlar. Çünki dünyanın əksər ölkələrində insanlar ingilis dilində oxuyur. Rusların da oxucuları çox olduğu üçün bəxtləri gətirib. Buna görə də nəşriyyatlar orada çiçəklənir, amma Azərbaycanda kitab oxumağa həvəs çox azdır. Nəşriyyat heyəti bir kitab üzərində 6-7 ay işləyir və bu iş çoxlu xərc tələb edir. Hazırlanan kitab isə bəzən ilk tirajdan özünü doğrultmur: “Təcrübəsi olan naşirlər üçün bu iş nisbətən asandır. Məsələn 500 kitab nəşr etdirir, satır, yeni kitaba sərmayə toplayır. Sıfırdan başlayan naşirlər üçün proses daha çətindir: böyük sərmayələr qoymalıdırlar. Təcrübə göstərir ki, bizim kimi ölkələrdə nəşriyyata sərmayə qoyan az insan var. Məsələn təsisçilər TEAS nəşriyyatına çox pul yatırmağa üstünlük verir. Xarici nəşriyyatların müəllif hüquqlarını alır və bu kitabları Azərbaycan dilində nəşr edirlər”.

Xarici ölkələrdəki nəşriyyat fəaliyyəti ilə yerli fəaliyyəti müsahibimiz bu cürə fərqləndirib: “Sovet İttifaqı dağıldıqda yeni müstəqillik qazanan dövlətlərin əksəriyyəti kitab nəşrinə böyük vergi güzəştləri tətbiq edirdi. Əvvəlcə, Baltikyanı ölkələr, sonra Ukrayna, Belarusiya, Moldova, Gürcüstanda əlavə dəyər vergisi yoxdur. Bəzi dövlətlərdə milli dildə olan kitablarda gəlir vergisi yoxdur. Biz isə son dönəmlərdə kitab nəşriyyatı üçün əlavə dəyər vergisinin ləğvi ilə bağlı məsələni Milli Məclisdə qaldırmışıq. Düşünürəm ki, bu qanun layihəsinin qəbulu ölkəmizdə nəşrin inkişafı üçün yaxşı təkan olacaq”.

“Bizdə yeni əlifbaya keçid və mütaliə inkişafındakı boşluq 90-cı illərdə bütün bir nəsili oxumaq vərdişindən uzaq salıb, - müsahimiz sözlərini belə davam edir, - özü oxumayan bu valideyn uşaqlarına da bunu öyrətmir. Xarici ölkələrdə mövcud vəziyyət fərqlidir. Məsələn Türkiyədə TEDA təşkilatı var. Sözügedən təşkilat türk yazıçılarının kitablarını başqa dillərə tərcüməsi və nəşrləri üçün tələb olunan xərcləri ödəyəcəklərini açıqlayıb. Biz də hələki iki türk yazıçısının kitabının tərcüməsi və nəşri üçün onlara müraciət ünvanladıq. Həmin təşkilatın bunu etməyinin birinci səbəbi ədəbiyyatlarını xaricdə yaymağa geniş şərait yaratmaqdır. İkincisi, yazıçılara və naşirlərə gəlirlərini artırmaqda dəstək olmaqdır. Çünki hər bir halda xarici nəşriyyat müəlliflik haqqını ödəmək məcburiyyətindədir. Kitab bazarının inkişafı üçün həyata keçirdikləri bu cür layihələr çoxdur”.

Ölkəmizdə son zamanlar keçirilən sərgiləri naşir yüksək qiymətləndirib: “Lev Tolstoy Gürcüstanda 20-25 min tirajla nəşr edilirsə, Azərbaycanda tiraj sayı mindir. Orada 24 ildir sərgi keçirilir, nazirlər gəlir, maarifləndirmə işləri aparılır. Azərbaycan isə sadəcə 7 ildir keçirilən sərgilərdə yalnız stendlərdə kitablara baxmaqla yekunlaşır. Ancaq son sərgidə nəzərəçarpacaq bir inkişaf oldu. Buna görə də 10-15 ildən sonra bəlkə, Gürcüstan səviyyəsinə çatacağıq”.

Filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılov nəşriyyatın əsas prinsipləri barədə də danışıb. O qeyd edib ki, oxucuların ehtiyaclarını və zövqlərini öyrənmək nəşriyyatın təməl qaydasıdır:

"Əvvəla, bazarda hansı kitabların satıldığı ilə bağlı ilkin marketinq araşdırması ilə başlamalıyıq. Həm kitab mağazalarında, həm də oxucular arasında sorğu keçirmək olar. Buna əsaslanaraq hansı kitabların nəşr oluna biləcəyi ilə bağlı uzunmüddətli plan hazırlamaq, komanda toplamaq və işə başlamaq lazımdır. Mənə elə gəlir ki, hər şey kitab marketinqindən başlayır. Çünki kartof satırsınızsa, o zaman hamı bilir ki, Gədəbəy kartofu ən yaxşı və ən çox satıla biləndir. Kitablar isə fərqlidir. Bəziləri uşaq ədəbiyyatının yaxşı satıldığını söyləyə bilər. Lakin söhbətin hansı uşaq kitablarından getdiyini bilmək lazımdır. Kitabın dizaynı və həcmi nə olmalıdır? Hansı kağız olmalıdır? 2000-ci illərin əvvəllərində çoxlu səhvlər etdim. Kitabdakı mətn və təsvirlər uyğun gəlmədi. Mətn, məsələn 12 yaşlı bir uşaq üçün tərtib edilə bilər, ancaq təsvir 6-7 yaşlı uşaq üçün daha uyğundur. Bu, elə bir ziddiyyət yaradır ki, nə biri, nə də digəri satın alınır. Buna görə də bütün bunlar öyrənilməli və yalnız bundan sonra işə başlanılmalıdır”. 

Oxucu və nəşriyyat arasındakı münasibətləri Rafiq bəy öz təcrübəsinə əsaslanaraq bu cürə ifadə edir: 20 il əvvəl müştərilər üçün deyil, bazar üçün çalışmaq qərarına gələndə, artıq yetkin bir oxucumu itirdiyimi və gənclərlə işləmək lazım olduğunu düşündüm. Komandamız bu üzrə istiqamət aldı və sahəni diqqətlə öyrənməyə başladıq. Artıq rəsmləri və dizaynı dəyişəcəyik, çünki 20 il ərzində illüstrasiyalar köhnəlib, bir az da sovet estetikasını xatırladır. Düşünürəm ki, illüstratorlarla oxucuların zövqü üst-üstə düşəndə ortaya uğurlu iş qoymaq olur”.

Rafiq İsmayılov mətbuatla müqayisədə kitab nəşriyyatının bu qədər tez ölməyəcəyinə inanır: “Sosial media və internetin inkişafı qəzet və jurnalların bazarına mənfi təsir göstərdi, üstünlük onlayn mediaya keçdi. Bütün bunlar internetin operativlik mövzusunda qalib gəlməsindən qaynaqlanır. Qəzeti hazır edərkən bir gün keçir. Amma oxucu Qarabağda nələrin baş verdiyini və ya hansısa ölkədə baş verən zəlzələnin nəticələrini daha tez öyrənmək istəyir. Kitab nəşriyyatında isə işlər bir az fərqlidir. Bədii, elmi ədəbiyyat uzun müddət yaşayacaq. Ona görə də bədbinliyə heç bir əsas olmadığını düşünürəm. Əvvəllər dövlət qurumları tərəfindən kitab nəşrinə laqeyd münasibət sərgiləndi. Amma indi Mədəniyyət, Təhsil və Vergilər Nazirliyi bizə diqqət yetirməyə başlayıb. Mədəniyyət Nazirliyi aylıq sərgilər və digər layihələr yaratmaq üçün birliklə işləməkdə maraqlı olduğunu açıqladı. Düşünürəm ki, bundan sonra hər şey sürətlə inkişaf edəcək", - deyə müsahibimiz öz fikirlərini bölüşüb. 

Xarici təcrübələr əsas verir ki, oxucu həmişə stimullaşdırılmalıdır. Oxucunun çoxluğu nəşriyyatın inkişafına səbəb olacaq. 

Qeyd edək ki, Rafiq İsmayılov 1960-cı ildə Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Moskva Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. O, 1991-ci ildən nəşriyyat sahəsində fəaliyyət göstərir. "Azadlıq", "Yeni nəsil", "Fineko" nəşriyyat müəssisələrinə rəhbərlik edən naşir 1999-2002-ci illərdə Azərbaycan Naşirlər Birliyinin sədri olub. O, M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunda laborant, müəllim (1982-1984), Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına ədəbiyyat institutunda elmi işçi və katib, "Xəzər" jurnalında redaktor (1990-1991) vəzifələrində çalışıb.

 Müsahibimizə cavabları üçün təşəkkür edir, işlərində və ən əsası, Azərbaycan nəşriyyatının gələcəyində uğurlar arzu edirik!

Gülnarə Rəhimova

Paylaş
Şərh əlavə et