Foto və video çəkmək sahəsində bacarıqlarınızı inkişaf etdirdikdən sonra bir addım irəli getmək istəyirsinizsə, öyrənməli olduğunuz ilk texnika "Yaşıl Ekran" (Green Screen) üsuludur.
Sadə görünsə də, bu metod dərin bilik və təcrübə tələb edir. Yaşıl ekran texnikası ilə bir neçə görüntünü üst-üstə gətirərək, reallıqda çəkilməsi çətin və baha başa gələn səhnələri montajla yaratmaq mümkündür. Bu üsul əslində “xroma key” (açar rəng) adlanan vizual effekt texnikasına əsaslanır.
Texniki olaraq Yaşıl Ekran bir görüntüdə müəyyən rəngi əsasən yaşılı silib, yerinə başqa fon əlavə etməyə əsaslanır. Yaşıl rəng ton və kontrast baxımından uyğundur. Müasir texnologiyalar və proqramlarla bu üsul bu gün filmlərdə və reklamlarda geniş istifadə olunur.
Yaşıl Ekran harada istifadə olunur?
Baha və ya təhlükəli yerlərə getmədən, studiyada Yaşıl Ekran texnikası ilə həmin məkanda çəkilmiş kimi görüntü yaratmaq mümkündür. Çəkiliş yaşıl fon önündə aparılır, sonra isə istənilən görüntü ilə əvəz olunur. Bu üsul artıq fərdi əyləncə məqsədi ilə də istifadə olunur. Ən böyük üstünlüyü isə animasiya və vizual effektlərin əlavə olunmasına şərait yaratmasıdır.
Nələrə diqqət etmək lazımdır?
Yaşıl ekran texnikasında yaşıl rəngin seçilməsinin əsas səbəbi, bu rəngin insanda demək olar ki, rast gəlinməməsidir. Əgər yaşıl fon parça materialdandırsa, onun səliqəli və ütülü olması vacibdir, çünki qırışıqlıqlar kölgə yaradaraq görüntüdə pozuntulara səbəb ola bilər. Eyni zamanda işıqlandırma və işığın fon üzərinə düşmə bucaqları da düzgün tənzimlənməlidir. Əks halda çəkiliş keyfiyyətsiz alınar və ya görüntü, ümumiyyətlə, istifadəolunmaz hala gələr.
Əvvəlcə yaşıl fonda obyektin və ya şəxsin istənilən görüntüsü çəkilir. Montaj zamanı isə yaşıl rəng görüntüdən silinir və onun yerinə arxa fon yerləşdirilir. Keyfiyyətli nəticə üçün otağın ölçüsü, işıqlandırma, çəkiliş texnikası və istifadə olunan avadanlıq mühüm rol oynayır. Vacib nüanslardan biri də çəkiləcək şəxsin və ya obyektin yaşıl pərdəyə çox yaxın olmamasıdır. Belə ki, bir addım məsafədə dayanmaq tövsiyə olunur.
Mənbə: mediatrend
Tərcümə etdi: Aytac Musayeva
