İngiltərənin cənub-qərbindəki kiçik Scilly adaları bir vaxtlar dünya tarixində ən uzun sürən müharibənin tərəfi olub.

Bu qəribə müharibə 1651-ci ildə başlayıb və düz 335 il rəsmi olaraq davam edib. Ən maraqlısı isə odur ki, bu qədər uzun sürməsinə baxmayaraq, heç bir güllə atılmayıb, qan tökülməyib.
Müharibənin kökü İngiltərə Vətəndaş müharibəsinə gedib çıxır. O dövrdə Niderland parlamentçiləri dəstəkləyib, çünki onların qalib gələcəyini düşünüb. Lakin kralçılar bunu xəyanət kimi qəbul edib və holland gəmilərinə hücum etməyə başlayıb.
1651-ci ilə gəldikdə kralçıların vəziyyəti ağırlaşıb. Onlar məğlub olaraq donanmaları ilə birlikdə Scilly adalarına çəkilib. Niderland isə təzminat almaq üçün 12 hərbi gəmidən ibarət donanmanı adalara göndərib. Kralçılar cavab vermədikdə, holland admiral Maarten Tromp 30 mart 1651-ci ildə Scilly adalarına müharibə elan edib.
Üç ay sonra Oliver Kromvelin rəhbərliyindəki parlamentçi donanma kralçıları təslim olmağa məcbur edib. Beləliklə, adalar parlamentçilərin nəzarətinə keçib və Niderland donanması geri qayıdıb. Ancaq rəsmi olaraq sülh elan etməyi unudublar.
Bu qəribə vəziyyət 1985-ci ilə qədər davam edib. Həmin il Scilly adalarından yerli tarixçi Roy Duncan məsələni araşdırmağa başlayıb və Niderlandın Londondakı səfirliyinə məktub yazıb. Səfirlikdə aparılan araşdırma nəticəsində məlum olub ki, Niderlandla Scilly adaları hələ də rəsmi olaraq müharibə vəziyyətindədir.
Duncan dərhal Niderland səfiri Rein Huydecoperi adalara dəvət edib. 17 aprel 1986-cı ildə rəsmi sülh müqaviləsi imzalanıb və bu qəribə müharibə nəhayət sona çatıb.
Bununla da, Scilly adalarının sakinləri 335 ildən sonra nəhayət rahat nəfəs alıb. Niderland səfiri zarafatla deyib:
"Yəqin ki, bu illər ərzində biz hər an hücum edə bilərdik. Bu, qorxunc hiss olmalı idi”.
Mənbə: Historic UK
Tərcümə etdi: Arzu Qafarova
