Bu gün:

Transilvaniyanın “Bermud şeytan üçbucağı” adlandırılan sirli meşəsi: Hoia Baciu


Rumıniyanın Kluj şəhərində yerləşən Hoia Baciu meşəsi uzun illərdir paranormal hadisələrlə yadda qalır.Bəzi mənbələrdə bu ərazi Transilvaniyanın bəzilərində isə ümumiyyətlə Avropanın “Bermud şeytan üçbucağı” adlandırılır. Bəziləri isə bu meşəni dünyanın ən qorxulu meşəsi hesab edir. Hansının daha doğru olduğunu demək çətindir, lakin deyilənlərə görə Kluj şəhərində yerləşən Hoia Baciu meşəsində uzun illər ərzində qəribə hadisələr baş verib.

İşıqlar, qeyri-adi səslər, meşəyə daxil olan insanların bir daha geri dönməməsi kimi məlumatlar uzun müddətdir yerli əhali arasında danışılır. Meşənin tam ortasında isə heç bir ağacın və ya kolun bitmədiyi çılpaq bir sahə mövcuddur.

Hoia Baciu meşəsini məşhurlaşdıran ilk ad Aleksandr Sift olub. O 1960-cı ildə göydə uçan naməlum obyekt gördüyünü iddia edib və onun fotoşəkillərini çəkib. Bu hadisə meşə ilə bağlı yayılan şayiələrin ilk təməlini qoyub.

Sonradan məlum olub ki yerli sakinlər bu meşəyə daxil olmaqdan çəkinir. Hətta bir əfsanəyə görə beş yaşlı bir qız beş il ərzində yoxa çıxıb və beş ildən sonra tam eyni paltarda və görünüşdə qəfil insanların qarşısında peyda olub. Qız həmin illərlə bağlı heç bir şeyi xatırlamayıb.

Meşə ilə bağlı ən qəribə iddialardan biri isə onun içində başqa bir ölçüyə açılan qapının olmasıdır. Məhz bu qapını görmək üçün 20 il əvvəl 60 nəfərlik bir qrup meşəyə daxil olub və təxminən bir ay boyunca hər gün həmin qapını axtarıb. Lakin nəticə əldə etməyən qrup məyus halda meşəni tərk edib.

Daha sonra Yaponiyada yayımlanan sənədli film Hoia Baciu meşəsinə olan marağı Asiyada da artırıb. Hazırda bir çox turizm şirkəti bu meşəyə ekskursiyalar təşkil edir və “heçliyin ortasındakı Bermud şeytan üçbucağı” adlandırılan bu sirli meşə turistlərin diqqət mərkəzinə çevrilib.

Mənbə: Eski şeyler

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et