Bu gün:

Pişik və it saxlamaq beyin sağlamlığını qoruya bilər


Cenevrə Universitetindən Adriana Rostekovanın rəhbərlik etdiyi tədqiqat qrupu tərəfindən aparılan yeni araşdırma göstərib ki, pişik və it saxlamaq yaşla bağlı idrak zəifləməsinin qarşısını ala və ya onu ləngidə bilər. Tədqiqat 50 yaş və yuxarı fərdlərin sağlamlıq və pensiya prosesi ilə bağlı aparılan səkkiz müxtəlif uzunmüddətli sorğunun 18 illik məlumatları əsasında aparılıb.

Scientific Reports jurnalında dərc olunan tədqiqatın nəticələrinə əsasən, it sahibləri yaddaş testlərində daha yüksək nəticələr göstəriblər, pişik sahibləri isə şifahi bacarıqların zəifləməsini daha yavaş templə yaşayıblar. Araşdırmada istifadə edilən məlumatlar 18 il ərzində toplanıb və fərdlərin yaşlanma prosesi çərçivəsində analiz edilib.

Mütəxəssislər qeyd edirlər ki, ev heyvanı saxlamaq yaşla bağlı idrak dəyişikliklərinə birbaşa təsir göstərə bilər. Xüsusilə it saxlayan şəxslərdə yaddaş itkisi riski daha az müşahidə olunub. Pişik saxlayan şəxslərdə isə şifahi qabiliyyətlərin zaman keçdikcə daha az zəiflədiyi müəyyən edilib.

Bununla belə, araşdırma göstərib ki, bütün ev heyvanları eyni təsirə malik deyil. Məsələn, quş və balıq kimi digər ev heyvanlarının idrak funksiyalarına eyni dərəcədə müsbət təsiri qeydə alınmayıb. Araşdırmanın rəhbəri Rostekova bu fərqin səbəbi kimi it və pişiklərlə daha güclü və interaktiv münasibətlərin qurulmasını göstərib.

Araşdırmada o da vurğulanıb ki, it sahibləri adətən daha çox fiziki aktivliklə (məsələn, gəzmək) məşğul olur və bunun nəticəsində daha çox sosial ünsiyyət qururlar. Bu sosial fəaliyyətlər isə idrak sağlamlığının qorunmasına yardımçı olur. Digər tərəfdən, pişiklər daha çox emosional dəstək verə bilən, fərdi münasibət qurulan heyvanlar sayılır. Hər iki halda, bu cür bağlar insanın zehni stimulyasiyasına və sosial təcridin azalmasına səbəb ola bilər.

Müəllif və eyni zamanda pişik sahibi olan Andrew Scott-un sözlərinə görə, ev heyvanı saxlamaq sağlam həyat tərzinin bir hissəsi kimi qiymətləndirilə bilər. Tədqiqat göstərir ki, ev heyvanları gündəlik həyatda idrak stimulyasiyasını artıra bilən müəyyən rutinlərin formalaşmasına səbəb olur.

Ekspertlər hesab edirlər ki, əhalinin yaşlanmasının artdığı bir dövrdə ev heyvanlarının demensiya və idrak zəifləməsinin qarşısının alınmasında potensial dəstəkləyici rol oynaya biləcəyi unudulmamalıdır.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et