İnsanlar həmişə asan yolla pul qazanmaq istəyiblər. Amma bəzi hallarda “asan yol” qarşılarına çıxan sürüşkən və uçurumlu bir yol olur. Cinayət də elə həmin yollardan biridir — bəziləri üçün cəzadan qorxu, bəziləri üçün isə ağılsızlıq səbəbi ilə tam iflasla nəticələnir.
Bu yazıda qanunsuzluğa əl atan, amma planları o qədər gülünc və səmərəsiz olan adamların hekayələrini oxuyacaqsınız. Hər biri öz cəhdləri ilə sübut edib ki, ağılsızlıq həmişə ən böyük düşmənimiz ola bilər.

Mqanqa Mqanqa
Mart ayında günəşli bir gündə, 17 yaşlı Omaha (Nebraska) sakini Mqanqa oğlunu məktəbə aparan bir qadının qarşısına çıxıb, ona silah çəkib maşınını tələb edib. Qadın qorxudan avtomobili verib. Amma Mqanqa sükan arxasına keçib getmək istəyəndə anlayıb ki, bu, mexaniki sürət qutusu olan avtomobildir və o belə maşını idarə edə bilməyib. Bir neçə dəqiqəlik cəhdlə maşını cəmi bir neçə metr hərəkət etdirib. Sonda yerə tullanıb qaçmaq istəyib, amma çox keçmədən polis tərəfindən tutulub.
Derrik Mozli
Cinayət törətmək istəyəndə ən vacib məsələ onu yaxşı planlaşdırmaqdır. Amma Derrik Mozli bu məsələni nəzərə almayıb. O, əlinə yalnız bir beysbol çubuğu alıb, silah mağazasını qarət etməyə cəhd edib. Lakin bu, silah mağazası olduğundan, mağaza sahibi dərhal ona tapança tuşlayıb və polis gələnə qədər onu nəzarətdə saxlayıb.
Coey Miller və Metyu MəkNelli
Bu iki nəfər, bəlkə də tarixdə ən uğursuz maskalanma üsulunu seçib. Onlar maska, papaq və ya balaklava əvəzinə daimi markerdən istifadə ediblər. Düzdür, bu üsul onları hadisə zamanı tanınmaz edə bilərdi, amma markerin silinməz olduğunu nəzərə almayıblar. Nəticədə, üzlərindəki rəsmlərlə birlikdə asanlıqla tanınıb və polis tərəfindən tutulublar. Bu axmaq plan onlara “axmaq və daha da axmaq” ləqəbini qazandırıb.
Mark Smit
Ev oğurluğu fiziki olaraq yorucu ola bilər, amma normal cinayətkarlar ən azından evlərinə çatana qədər yatmamağa çalışıblar. Mark Smit isə başqa cür hərəkət edib. 2007-ci ildə Valium qəbul edib, araq içib və sonra evə girib. Spirt və dərmanın təsirindən o qədər halsızlaşıb ki, ev sahibinin yatağına girib və orada rahatca yatıb. Səhər onu polis oyadıb və nəticədə, 18 ay həbs cəzası alıb.
Klaus Şmidt
1995-ci ilin avqustunda Berlində bir kişi banka girib, əlindəki tapança ilə soyğun etməyə çalışıb. Hər şey adi bir soyğun kimi başlayıb. Amma kassirlərdən biri “Sizə torba lazımdır?” deyə soruşanda, o “Əlbəttə ki, bu silah gerçəkdir!” deyə cavab verib. Bu cavab göstərib ki, Şmidt kar olub və bank işçiləri onun eşitmədiyini anlayıb, səssizcə həyəcan düyməsini basıblar. Polis gələnə qədər o, heç nə hiss etməyib. İşin ən maraqlı tərəfi isə odur ki, Şmidt sonradan bankı onun əlilliyindən istifadə etdikləri üçün məhkəməyə verib.
Mənbə: HowStuffWorks
Tərcümə etdi: Arzu Qafarova
