Bu gün:

"İkimiz də "artistlik" etməyi yaxşı bacarırıq"-aktyorla müsahibə


24media.az-ın budəfəki qonağı Respublikanın Əməkdar artisti, teatr və kino aktyoru İlham Hüseyndir.

İlham bəy, incəsənətə marağınız necə yarandı? 

- Ümumiyyətlə, incəsənətə marağının necə yarandığını heç kim deyə bilməz. Bəlkə də, deyər. Valideynlərindən ilhamlanıb sənətə gələnlər olur. Mənim ailəmdə incəsənət adamı olmayıb. Qohumlarımdan musiqiçiliklə məşğul olanlar var idi. İlk başlarda onlara baxıb həvəsə gəlmişdim, nağara musiqiçilik məktəbinə yazılmışdım. O vaxtlar fikirləşirdim ki, mən nağaraçı olacam. Kiçik yaşlarımda, təxminən, 5 il bu işlə məşğul olmuşam. Amma sonra müəyyən səbəblərdən bu sənətdən imtina etmişəm. İstər-istəməz nağara ifa edirəmsə, toy məclislərinə getməli idim. Xasiyyətim çox utancaq olub. Amma valideynlərim təkidlə: “get, açılış, bu sənin sənətindir”,- deyirdilər. Mən isə utanırdım, bu mənə əziyyət verirdi. Utancaqlıq həmişə məni izləyən problem olub, indi də var. Toylara, kiçik məclislərə gedirdim, amma utanırdım, sıxılırdım. Əslində, səhnəyə çıxmaq yaxşı mənada utancverici hissdir. Auditoriya qarşısında çıxış edəndə çox həyəcan keçirirdim, içimdə olan o istək utancaqlığa qalib gəlirdi. Deməli, rol oynamağı daha çox sevirdim, nəinki nağara ifa etməyi. Görünür, mən öz həyatımı teatra bağlayıb aktyor olmalı idim. Orta məktəb yaşlarımda bütün həyatımı planlaşdırmışdım. Planım belə idi: İncəsənət İnstitutunun dram və kino-aktyorluq fakültəsinə qəbul olub oranı bitirmək, Akademik Milli Dram Teatrında işə düzəlmək, müəyyən müddətdən sonra fəxri ada layiq görülmək... Bir sözlə, həyat yolumu düşünmüş, yuxu kimi xəyal dünyası qurmuşdum. 

İlham Hüseynov deyəndə ilk ağla gələn "Vicdan haqqı" serialından “İmran” obrazıdır. Həyatdakı İlham ilə “İmran”ın nə kimi oxşar vər fərqli xüsusiyyətləri var? 

-Mənim “İmran” ilə oxşar cəhətim var. İkimiz də "oynamağı", məcazi mənada  "artistlik" etməyi yaxşı bacarırıq. Fərq ondadır ki, o, həyatda, mən isə kamera qarşısında bacarıram. Bu mənim peşə borcum olduğu üçün öhdəsindən gəlməliyəm. 

O ki qaldı fərqli cəhətlərə, mən vicdan diktəsi ilə yaşayan insanam. Bu mənim həyat amalımdır. Amma nə vaxtsa vicdan sərhədini keçərəmsə, özüm özümü mühakimə etməyi bacaran birisiyəm.  

İlham Hüseynov öz arzularını həyata keçirə bildimi? 

-Bəli, mən öncə ən vacib arzumu həyata keçirdim. İncəsənət İnstitutuna qəbul oldum. Təhsil aldıqdan sonra arzum Akademik Milli Dram Teatrında işləmək idi, təəssüf ki, bu gerçəkləşmədi. Mən Gəncəyə qayıtdım, təxminən 3 il aktyor kimi fəaliyyət göstərdim. Bir müddət sonra müxtəlif səbəblərdən ölkəni tərk etməyə “məcbur oldum” deməzdim, amma bu mənim üçün vacib idi. Rusiyaya getdim. Tamamilə fərqli işlərlə məşğul oldum. 2003-cü ildə doğma Gəncə Teatrına qayıtdım. Böyük həvəslə çalışdım. Əziyyətim öz bəhrəsini verdi. Daha bir arzum həyata keçdi, 2011-ci ildə Respublikanın Əməkdar artisti fəxri adına layiq görüldüm. Bu da mənim uşaqlıq arzum idi. Təbii ki, böyüyəndə bu arzular o qədər də əhəmiyyət kəsb etmir, prinsip olaraq həyata keçirməyə çalışırdım. Amma Akademik Milli Dram Teatrında işləmək arzusu qalırdı. Gözlənilmədən 2012-ci ildə Akademik Milli Dram Teatrının o zamankı rəhbəri İsrafil İsrafilov məni işə dəvət etdi. Bu da mənim növbəti arzumun gerçəkləşməsi demək idi. Teatrda 5 il işlədim, müxtəllif rollar canlandırdım. Təəssüf ki, rəhbərlik dəyişəndə teatrın yeni rəhbəri çox gülünc səbəblərdən məni sözün əsl mənasında teatrdan qovdu. Bəlkə də, nə vaxtsa zaman gələcək bunun səbəbini təfərrüatı ilə açıqlayacam. İndi ehtiyac duymuram. Xoş bir hal var idi ki, İsrafil İsrafilov mənim üçün elə şərait yaratmışdı ki, həm Gəncə teatrında, həm də Akademik Milli Dram Teatrında işləyirdim. Bu, aktyor üçün maraqlı nüansdır. İşlərimi çatdırırdım. Mənim də taleyim belə gətirdi. Teatrdan qovuldum. İşimi Gəncədə, doğma teatrda davam etdirdim, hazırda həmin teatrda aktyor kimi fəaliyyət göstərirəm. 

Öz adınızla deyil, “İmran” obrazının adı ilə tanınmağınız sizdə kompleks yaradırmı? 

-“İmran” İlhamın zəhmətinin, qabiliyyətinin məhsuludur. Hər bir insana gördüyü işə görə qiymət verirlər. Bizi bir-birimizdən ayırmayın. İlham elə “İmran”dır, “İmran” da elə İlhamdır. Biz birik, bir-birimizə qısqanclıqla yanaşa bilmərik. 

Serialların reytinq qazanması üçün peşəkar rejissor, aktyorlar və yardımçı işçi heyəti tələb olunur. Azərbaycan seriallarının bugünkü vəziyyətini necə qiymətləndirirsiz? 

-Serial deyilən anlayış geniş tamaşaçı auditoriyası üçün nəzərdə tutulmuş layihədir. Hazırda Rövşən İsaxın çəkdiyi seriallar sevilərək izlənilir. Deməli, keyfiyyətlidir. Bəs digər seriallar bu dərəcədə sevilirmi? İzlənilirsə, çox yaxşı, izlənilmirsə, deməli, keyfiyyətsizdir. 

Yeni nəsil aktyor kadrlarının hazırlanması işi, sizcə, necə həyata keçirilir? Gənc yetirmələr haqqında fikirlərinizi öyrənmək istərdik... 

-Mən belə düşünürəm ki, biz aktyor sənəti məktəbini mükəmməl səviyyəyə çatdıra bilməmişik. Ən azından qonşu Gürcüstan və Rusiya ilə müqayisədə bu özünü göstərir. Belədir ki, bilməyən biləndən öyrənər. Biz onlardan öyrənib bəhrələnməliyik. Bunun da öz yolları var. Zənnimcə, bu işə cavabdeh şəxslər ciddi addımlar atmalıdır. Yeri gəlmişkən, hardasa 3-4 il əvvəl Mədəniyyət nazirimiz bu sahədə yaxşı addım atdı. Belə ki, müxtəlif teatrlardan 10 nəfər aktyor seçib Moskvada yerləşən məhşur Şukin adına Teatr məktəbində dövlət hesabına oxumağa göndərdi. Hamıya bəllidir ki, Moskva Teatr məktəbi dünyadakı ən böyük teatr məktəblərindən biridir. Fikrimcə, bu iş ənənəyə çevrilməli, hər il Moskvaya təhsil almaq üçün tələbələr göndərilməlidir. Bizim aktyorlara, tələbələrə dərs demək üçün xaricdən mütəxəssislər dəvət edilməlidir. Bu kimi yollarla milli teatr məktəbimizi gücləndirə, bəlkə də, mükəmməlləşdirə bilərik. 

Gəncləri heyranlıqla izlədiyinizi söylədiniz. Gənc aktyorlardan kimləri bəyənirsiniz? 

-Akademik Milli Dram Teatrının aktyoru Ziya Ağanın, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Səbinə Məmmədovanın, Yuğ Dövlət Teatrının aktrisası Ləman Mərrihin adını çəkə bilərəm. Çoxlarının adını bilmirəm, amma bəyəndiklərim var. 

"Yuxu kimi" serialında "Nüsrət" obrazını canlandırırsınız. Onu qarşıda nələr gözləyir? 

-Deyə bilərəm ki, başıbəlalı personajdır. Belə insanlar həyatda da olur. Harada nə bədbəxtlik varsa, gəlib onu tapır. Onu deyə bilərəm ki, bəlalar silsiləsi davam edəcək. Açığı deyim ki, mən bu rolu oynamaqda çətinlik çəkirəm. O qədər dərin, psixoloji, emosional səhnələr var ki, o yükün altına girib çiynində daşımaq çox ağırdır. Eyni zamanda aktyor kimi bu mənə zövq verir. Həm mən tərəfdən aktyor kimi, həm də "Nüsrət" olaraq hər şey çətinliyə doğru gedir. Təki sonu xoşbəxtliklə bitsin, nağıllardakı kimi... 

İlham bəy, sərt görünüşünüz var. Bunun xarakterinizə aidiyyatı varmı? 

-Mən heç bilmirdim ki, kənardan sərt görünürəm. Amma onu deyim ki, çox emosional biriyəm, xarakterim də çox dəyişkəndir. Mən sərt də, mülayim də, kövrək də, qəddar da ola bilərəm. Bu mənim düşdüyüm vəziyyətdən, olduğum məkandan, qarşılaşdığım insanlardan, yaxud da hadisələrdən asılıdır. Ümumiyyətlə, monoton xarakterli insanları çətin qəbul edirəm, xoşum gəlmir. Dəyişkən xarakterli olmağım sənətdə mənə çox kömək edir. Axı biz səhnədə, ekranda fərqli-fərqli xarakterlər canlandırırıq, cilddən-cildə giririk. İnsan kimi içimizdə müxtəlif çalarlar olmasa, biz rolları, personajları canlandıra bilmərik. Amma bu o mənaya gəlməsin ki, mənim həyat amalım, mənəviyyatım dəyişkəndir. Mənim öz mənəvi qanunlarım var və bu qanunlarla yaşayıram. Ən azından buna çalışıram. 

Haqqınızda araşdırma aparanda çox məlumata rast gəlmədim, belə olması tamaşaçılarda maraq oyadır. Siz də gizli qalmağın tərəfdarısınız? 

-Düzdür, elə aktyorlar var ki, özlərini cəmiyyətdən gizli saxlayır. Bəlkə də, bu yaxşıdır. Aktyor özünü nə qədər gizli saxlasa, kənardan bir o qədər maraqlı görünür. Amma mənim heç vaxt belə məqsədim olmayıb. Ümumiyyətlə, həyatda oynamağı sevmirəm, bacarmıram. Olduğum kimi görünməyə, göründüyüm kimi olmağa çalışıram. İçimdən necə gəlirsə, elə də yaşayıram. Azadlığı və sərbəstliyi olduqca çox sevirəm. 

Bu gün verilişlərə çox çıxmırsınız. Bunun səbəbi öz istəyinizdir, yoxsa dəvət və təkliflərin olmaması? 

-Təbii ki, verilişlərə dəvət edilirəm. Amma çox yox. Bəzən imtina etdiyim vaxtlar da olur. Bu mənim mənəvi hüququmdur. Birinci növbədə verilişin keyfiyyətini bilməliyəm, mən orada necə görünəcəm, nə söhbətlər olacaq. Keyfiyyətli verilişlərə dəvət olunanda çıxıram. 

Ümumiyyətlə, tamaşaçı istəyinə hörmətlə yanaşmaq lazımdır. Tamaşaçı sevdiyi aktyoru görmək, onun söhbətlərini dinləmək istəyir. Amma bunu tez-tez edəndə aktyor özü də gözdən düşür, tamaşaçı da bezir. Ona görə də mütəmadi olaraq verilişlərə çıxmağın tərəfdarı deyiləm. Yetər ki, verilişdə maraqlı aparıcı və maraqlı söhbət olacağını bilim. Əks halda bu mənim üçün maraqsızdır, o zaman imtina edirəm. 

Kadr arxasında unudulmaz anlar yaşanır. Hansı xatirəni xatırlayanda hələ də gülürsünüz? 

-Bəli, kadr arxasında unudulmaz anlar yaşanır. "Vicdan haqqı" serialında baş verən maraqlı hadisələrdən birini danışmaq istərdim. Bu bölümü səhərə yaxın 4-5 radələrində çəkirdik. Səhnə belə idi: Toydan gəlmişəm, yorğunam. Oğlumun yanında bir qız içəri daxil olur. Biz də həyat yoldaşımla təəccüblə baxırıq. O da mənim sevmədiyim, düşmən kimi baxdığım qohumum Yusifin qızıdır. Birdən: "az, bu Yusifin oğlu döyül?”,-deyirəm. “Qızı” deməkdənsə, “oğlu” dedim. Aləm dəydi bir-birinə, qəhqəhə düşdü. Gecənin vaxtında onsuz da hər kəs yorğun idi. Belə hadisələr çox olur. İndiyə qədər çəkiliş qrupu tərəfindən bu hadisə xatırlanır, deyib-gülürük. 

Bu günə qədər oynadığınız hansı rolu daha çox sevirsiniz? 

-Aktyorlar, adətən, bu suala belə cavab verirlər ki, oynadıqları bütün rollar, personajlar əzizdir. Mən belə deməzdim, bu sualın qarşısında daha səmimi olacam. Bəzən sevməyərək rol oynamışam, əsasən də teatrlarda. Bəlkə də, rolun açarını tapa bilməmişəm. Ekranda oynadığım rollar içərisində ən çox sevdiyim "Sonuncu Fəsil" serialında "İlyas" obrazı olub. 

Sonda oxucularımıza nə demək istərdiniz? 

- İncəsənət İnstitutunda oxuyurdum. İnstitutun yaxınlığındakı mağazada "Gün keçdi" filmində Əsmər obrazını canlandıran aktrisa Leyla Şıxlinskayanı gördüm. Ümumiyyətlə, bu Azərbaycan filmini çox sevirəm. Çox istəyirdim ki, ona yaxınlaşım, lakin tərəddüd edirdim. Fikirləşirdim ki, mənə yaxşı cavab verməz, pis qəbul edər, məyus olaram. İçimdə o istəyi boğdum. Bu emosional yaddaş həmişə məni izləyir. Həyatda da görürəm, hərdən yaxınlaşmağa, yaxud da yazmağa tərəddüd edirlər. Düşünürlər ki, yaxşı cavab vermərəm. Belə məqamda özümü onların yerinə qoyuram və çox məyus oluram. Mən tamaşaçılarımıza bunu deyə bilərəm ki, mənim  ürək qapım sizə açıqdır, nə vaxt istəsəniz, xoş, içdən gələn, səmimi dost ünsiyyətinə həmişə hazıram.

Aygün Tahir



Paylaş
Şərh əlavə et