Bu gün:

“Elə musiqilər ərsəyə gətirməliyik ki, düşmənlərimiz paxıllıqdan dəli olsunlar” - Nailə Mirməmmədli ilə MÜSAHİBƏ




24Media-nın budəfəki müsahibi bəstəkar, Azərbaycan Respublikasının incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Bakı Dövlət Universiteti Mədəniyyət-yaradıcılıq Mərkəzinin direktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi Nailə Mirməmmədlidir.  

Pandemiyadan öncə Bakı Dövlət Universitetində Mədəniyyət-yaradıcılıq Mərkəzinin direktoru təyin olundunuz. Gəlişinizdən sonra burada hansı işləri gördünüz?

- Pandemiyadan öncə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev tərəfindən universitetin 100 illiyinə həsr olunmuş himn bəstələmək təklifi aldım. Sözləri Baba Vəziroğlunun olan bu himni böyük şərəflə bəstələdim. Fəxrlə deyə bilərəm ki, bu tədbir çox möhtəşəm keçdi. Bu himni cənab İlham Əliyevlə birlikdə bütün zal ayaq üstə dinlədi və alqışladı. Elə bundan sonra rektor Elçin müəllim məni universitetə dəvət etdi. Mədəniyyət-yaradıcılıq Mərkəzinin yaradılması və mənim buraya direktor təyin olunmağımı təklif etdi. Bu təklif mənə olunduqdan sonra universitetə gedib-gəlirdim. Orada mənə qədər olan ansambl üzvləri, xor rəhbəri, rəqs dərnəyinin rəhbərləri, ifaçılarla birlikdə açılış konserti etməyi qərara aldıq və həyata keçirdik. Tədbirdəki çıxışımda öz təşəkkürümü bildirdim, Mədəniyyət-yaradıcılıq Mərkəzi barədə danışığımdan sonra hazırladığımız kiçik konsert proqramını təqdim etdik.

Bir müddət sonra biz 26 fevral Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbir hazırladıq. Burada Nigar Qayyumun yazdığı ssenari əsasında səs rejissorumuz Vüqar Nəbiyev videoçarx hazırlamışdı və Xocalı hadisələrinin arxiv kadrlarından da istifadə etmişdilər. Həmin videoçarxı səsləndirən də elə ssenarist özü oldu. Bu tədbirdə ssenari əsasında iki qız və oğlan da şeirlər oxudular. Mənim bəstəm olan "Xocalı'' mahnısı da Rəqsanə Əsədova tərəfindən ilk dəfə bu tədbirdə ifa olundu. Mən və rektor Elçin Babayev tərəfindən bəyənilən daha bir videoçarx var idi ki, burada müxtəlif sənət sahibləri Xocalı hadisələri haqqında çıxış edirdi. Burada məqsəd düşmənlərimiz tərəfindən amansızca həyata keçirilən Xocalı hadisələrini, bu faicənin şahidi olmayan gələcək nəslə düzgün şəkildə ötürülməsi idi.

Daha sonra rektor Elçin Babayevin göstərişi ilə 15 üzv seçməli idim ki, bu üzvlər Mədəniyyət-yaradıcılıq Mərkəzinin işçiləri hesab olunacaqdılar. Belə fikirləşdik ki, biz gələcək planlarımıza uyğun işçilər seçməliyik. Bu işçilər sırasına ansabmlın üzvləri: tar, klarnet, qarmon, nağara, müşayiətçi sintezator, həmçinin rəqsin həm qızlar, həm də oğlanlar üçün olan rəhbərləri, xor qrupunun rəhbəri, solistlər, aktyor-rejissor, səs rejissoru daxildir. Bütün bu üzvlərlə iclaslar keçirdim. Bu iclaslarda onların da münasibətini, fikirlərini öyrəndim və belə qənaətə gəldim ki, əgər belə bir kollektivimiz varsa, gələcəkdə biz bu mərkəzin adına layiq mahnı, rəqs, xor ansamblı ilə filarmoniya səviyyəsində, müasir texniki vasitələrin müşayəti ilə çox gözəl tədbirlər keçirə biləcəyik. Məsələn, Üzeyir Hacıbəylidən başlayaraq tanınmış bəstəkarlarımızın operettalarından, həmçinin hansısa yazıçımızın, şairimizin yaradıcılıq gecəsi üçün səhnələr qura bilərik. Bunun üçün bizim əlimizdə rejissorumuz da var. Bizə jurnalistika və filologiya fakültələri ilə əlaqələrin yaradılmasını və onların dəstəyinin, köməyinin lazımlılığını Elçin müəllimə bildirdim və məsləhətləşərək həll etdim. Karantindən sonra Elçin müəllimin göstərişi ilə yeni avadanlıqlarla, musiqi alətləri ilə təmin olunacağıq. Bəzi təmirsiz otaqlar isə yenidən təmir ediləcək.

Artıq bir neçə aydır ki, karantin rejimindəyik. Bu müddət ərzində nə kimi fəaliyyətləriniz oldu?

- Bu karantin rejimi başlayanda ilk olaraq mənim reaksiyam oldu. Sübhanə Nəciqızının sözlərinə "Evdə qal" musiqisini bəstələdim. Bu musiqini Bakı Dövlət Universitetinin Mədəniyyət-yaradıcılıq Mərkəzinin solistləri ilə bərabər tanınmış müğənnilər, xanəndələr, məktəb şagirdləri, universitet tələbələri, hətta başqa sənət sahibləri də ifa etdi. Bütün bu proses evdə onlayn şəkildə həyata keçirildi. Məqsədimiz sağlamlığımız üçün hamını evdə qalmağa səsləmək idi. Daha sonra biz onlayn şəkildə 2 tələbəmiz ilə müxtəlif bayramlara aid musiqilər ifa edərək "Facebook" səhifəmizə yerləşdirdik. Bəstəkarlıq fəaliyyətimə qaldıqda isə, bir sıra vətənpərvərlik musiqiləri bəstələdim. 187 saylı məktəbin direktoru olan Nailə Məmmədovanın sözlərinə xor, solist, orkestr üçün olan musiqinin notlarını tamamladım. Niyam Səlami ilə sözləri elə Nailə Məmmədovanın olan yeni "İnanmazdım" mahnısını səsyazma studiyasında yazdırdıq. Tələbələrimlə icazə vasitəsi ilə səsyazma studiyasında mahnılar yazdırdıq və bu mahnılar onlayn şəkildə, yaxud karantin rejiminə riayət olunaraq bir sıra efirlərdə təqdim olundu. Dosenti, baş müəllimi olduğum Azərbaycan Dövlət Pedaqoji Universitetində yeni fənlər var ki, o fənlərə uyğun proqram yazılmalı idi, onu bitirdim. "Xor sinfi" adlı fənnin proqramı və mühazirəsini də tamamladım.

Karantin rejimi bitdikdən sonra direktoru olduğunuz Mədəniyyət-yaradıcılıq Mərkəzi ilə hansı planlarınız var?

- Karantin rejimi artıq bitmək üzrədir, təki salamatlıq olsun. Ölkə rəhbərliyi də çox gözəl qanunlarla, evdə qalmağa səsləməklə, karantin rejiminin tətbiq olunması ilə bizim sağlamlığımızın qorunmasına görə addımlar atdı. Bütün bu şərtlərə riayət etdiyimizə görə, zənnimcə bu karantin rejimi hələ tez və salamatlıqla bitir. Düzdür, virusdan zərbə alanlar, dözməyənlər, hətta ölüm hadisələri də oldu, amma bu heç kəsin günahı deyil. İmmuniteti zəif olanlar, karantin qaydalarına riayət etməyənlər xəstələndilər. Bütün bunlara rəğmən atılan addımlara görə, yenə də deyirəm, biz hələ tez çıxırıq sərt karantin rejimindən. Hələ yumşaldıcı tədbirlər olacaq və biz yenidən fəaliyyətimizə davam edəcəyik. Təki salamatlıq olsun. Bizim fikrimiz var ki, karantin rejimindən sonra Mədəniyyət-yaradıcılıq Mərkəzinin üzvləri ilə birlikdə sentyabr ayının 18-də şərqdə ilk operanın, Azərbaycanda ilk akademik musiqinin, özündən sonra ifaçılıq, bəstəkarlıq məktəbi yaradan dahi Üzeyir bəy Hacıbəylinin doğum günüdür və bu münasibətlə, baxmayaraq ki, biz evdə idik, amma onlayn şəkildə də olsa, bir sıra əsərlərdən musiqi nömrələri hazırlamışıq. Ümid edirik ki, salamatlıq olsun, tələbələrimiz universitetlərdə təhsillərini davam etdirsinlər, biz də bu tədbiri həyata keçirək.

"Vətənpərvərlik həftəsi" keçirmək kimi bir planımız da var. Bu layihəyə tələbələr cəlb olunsun. Bu, təxminən oktyabr, noyabr aylarına təsadüf edəcək. Tələbələrdə vətənə, ölkəmizə, əsgərlərimizə aid şeirlər, musiqi çıxışları, rəsm əsərləri varsa, onların müraciəti ilə aralarından seçimlər aparılacaq. Seçimlərdən sonra biz eyni mövzuda seçilən tələbələrlə birgə tədbir keçirəcəyik. Bu tədbirdə Tovuz hadisələrində şəhid olmuş əsgər və zabitlərlə yanaşı, həmin günə qədər vətənini qorumaq naminə öz canını fəda edən bütün şəhidlər haqqında danışılsın, anılsın. Seçilən bu tələbələrlə gələcəkdə müxtəlif çıxışlar hazırlamağı da planlaşdırırıq.

Həm Azərbaycan Dövlət Pedaqoji Universitetində, həm də Bakı Dövlət Universitetində çalışırsınız. Bu iki universitetin tələbələri arasında hansı fərqləri müşahidə etmisiniz?

- Bəxtimdən hər iki universitetin rektorları, yəni Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər müəllimlə, həmçinin Bakı Dövlət Universitetinin rektoru Elçin müəllimlə də çox gözəl münasibətimiz var, sağ olsunlar mənə çox böyük hörmət edirlər. ADPU-nun daimi müəllimi sayıldığım halda, iki universitetin rektorlarının danışığından sonra Cəfər müəllim məni burada saxlamaq şərti ilə Bakı Dövlət Universitetində işləməyə icazə verdi. Bu, mənim üçün böyük fəxrdir ki, bir müddət öncə 100 illiyini qeyd etdiyimiz BDU-nun bir üzvü sayıldım. Doğrudur, ADPU da geri qalmır, inşallah gələn il də ADPU-nun 100 illiyini qeyd edəcəyik. Fərq ondan ibarətdir ki, ADPU-da musiqiçi tələbələrlə çalışıram, BDU-da isə qeyri-peşəkar, musiqiçi olmayan tələbələrlə ünsiyyətdə oluram. Karantin olmasaydı BDU-da rektorun məsləhəti ilə biz həmin tələbələrə musiqiyə, rəqsə, qiraətə, natiqliyə dair öz tədrislərinə mane olmamaq şərti ilə dərslər keçmək niyyətimiz var idi. Biz çalışacağıq ki, mərkəzin tələbə üzvlərini musiqi baxımından ADPU-da olan musiqiçi tələbələrin səviyyəsinə çatdıra bilək.

Az əvvəl planlarınızdan danışdınız. Bəs solo konsert vermək fikriniz varmı?


- Mənim Hikmət Mirməmmədli ilə olan son solo konsertim 2006-cı ilə təsadüf edir. Bu konsert Heydər Əliyev adına sarayda keçirilmişdi. Ondan sonra fikirləşirdim ki, bir dəfə də konsert təşkil edəm, amma maliyyə cəhətdən bir az çətinliklər yaşanır. Orada fəaliyyəti olan bir sıra rejissorlar, işıqçılar dekorasiya işləri ilə məşğul olanların hər biri pulla çalışır, pulsuz deyil. Ona görə də bir az çətindir. Ümid edirəm ki, yeni Mədəniyyət nazirimiz əməkdar incəsənət xadimi olan, 37 ildir ki, musiqi sahəsində 11 fəndən dərs deyən, pedaqoji fəaliyyəti olan mənə və mənim kimi konsert verməyə ehtiyacı olan, tamaşaçı ilə ünsiyyəti özünə vacib bilən digərlərinə şərait yaradar, layihələr təşkil olunar ki, biz də Heydər Əliyev adına Sarayda rahat şəkildə solo konsert verə bilək. Məndə uşaqlar üçün də, böyüklər üçün də xora, həmçinin orkestra aid əsərlər var, amma təki salamatlıq olsun, təki elə bizim tək dərdimiz solo konsert olsun, razıyam. Vətənimiz salamat olsun. Bizə layiq olmayan düşmənlərimiz var. Adam gərək düşməni ilə də fəxr edə ki, gör kiminlə düşmənlik edirəm. Vallah, çox istəyərəm ki, bunlar qeyd olunsun. Mən heç onları özümüzə düşmən hesab etmirəm. Onlara heç xalq da demirəm. Onlar "Don Kixot" kimi, güya, fikirləşirlər ki, düşmənlik edirlər, amma onlar bizim yanımızda heç kimidirlər. O acizləri məhv edəndən sonra əlbəttə ki, Qarabağın düzündə, İsa bulağının üstündə, Kəlbəcərimdə, Ağdamımda, Füzulimdə, Laçınımda - bütün o bölgələrdə mən razıyam ki, gecə-gündüz gəzim, konsertlər verim. Onu da qeyd edim ki, mən Mədəniyyət Nazirliyinin xətti ilə təxminən 10 il öncə bir sıra cəbhə bölgələrində tələbələrimlə bir yerdə əsgərlərimizə ruhlandırıcı, vətənpərvərlik mövzusunda konsertlər vermişik. Daha öncələrdə də Hikmət Mirməmmədli ilə bir yerdə qaçqınlara dəstəyimizi əsirgəmirdik.

Son günlər ardıcıl şəhid xəbərləri aldıq. Övladını itirən ana kimi şəhid analarına nə deyə bilərsiniz?

- Bunu hər yerdə demişəm, şəhid analarına, ümumiyyətlə, övlad itirən anaya heç cür təsəlli verməyə gücüm çatmaz. İnsanın canından can götürürlər. Ona nə deyə bilərsən? Heç nə. Allah heç kəsə övlad itkisi göstərməsin. Şəhid analarına yalnız bunu deyə bilərəm ki, Allah məhz sizin oğlunuzu seçib ki, vətənimizə, azərbaycanlılarımıza görə canını qurban versin. Bu, çox böyük bir fəxrdir. Şəhidlik nə qədər uca zirvədirsə, şəhid anasının zirvəsi ondan da ucadır. Yalnız bütün gücü özünüzdə tapın. Allaha bağlanın, dualar edin. Əlbəttə ki, övladınızın yeri cənnətin yeddinci qatıdır. Allah sizə səbr versin!


Əvvəllər sosial şəbəkələrdən istifadə etməmisiniz. Hətta sizin adınıza saxta hesab açanlara qarşı da irad bildirmisiniz. Bəs daha sonra hansı zərurətdən sosial mediada da fəaliyyətə başladınız?

- Nəinki mən, ümumiyyətlə, ailə üzvlərim də nə "İnstagram", nə də "Facebook" istifadəçisi deyilik. Əvvəllər mənim, Hikmətin adı ilə səhifə işlədirdilər. İndi də, fanatlar var ki, paylaşımlar edirlər. Amma Pedaqoji Universitetdə artıq məzun olmuş iki qız tələbəm var ki, biri "İnstagram", digəri də "Facebook" səhifəsini idarə edir. Onlar da yalnız mənim bəstəkarlıq fəaliyyətimi işıqlandırırlar. Mənim fikrimcə, sosial şəbəkələrdə hər kəs çərçivə gözləmək şərti ilə işinə aid paylaşımlar edərək özünü nümayiş etdirməlidir. Hamı başa düşməlidir ki, əgər bu səhifəni açırsa, kiminsə tərbiyəsinin, savadının artılmasında rol oynamalıdır. Çox əfsuslar olsun ki, bunu hər kəs dərk etmir. Çox vaxt eşidirəm ki, sosial şəbəkə istifadəçiləri bəzi səhifələrdə tərbiyədən kənara çıxanları gördükdən sonra sosial şəbəkə istifadə etdiklərinə görə peşman olurlar. Əlbəttə, xüsusilə, bu gün ölkəmizə aid olan xəbərləri öyrənmək üçün sosial şəbəkələrdən istifadə etmək vacibdir. Düzdür, bunun üçün dövlət televiziyası var. Mən məlumatı oradan əldə edirəm. Nə isə, sosial şəbəkələrin tərəfdarı deyiləm. Ola bilsin ki, köhnə fikirliyəm, yaşlanmışam. Amma övladlarım da istifadə etmirlər. Onu da qeyd edim ki, yardıcılığımızın başlanması 1983-cü ilə təsadüf edir, o vaxtlar sosial şəbəkələr, "YouTube" platforması yox idi. Lakin biz musiqilərimizi dinləyicinin qavramasına, yadda qalmasına, ürəyinə məlhəm olmasına görə, Tofiq Quliyev demişkən," 5 dəqiqəsini alırıqsa, əvəzində gözəl təəssürat vermək üçün işləyirdik, yaradıcılıqla məşğul olurduq".  "YouTube" xətrinə, səsin çox yığılmasına görə deyildi. İndiki vaxtda bəzi ifaçılar "trendə düşmək", səs vermələr, baxışlar niyyətindədir. Bunu düşünmək lazım deyil. Tarixdə qalmağı fikirləşmək lazımdır. Hər şey ələnib gedəcək. Siz elə bilirsiniz ki, Üzeyir bəydən sonra gələn nəslin bəstəkarlıq özfəaliyyətləri olmayıb? Olub, əlbəttə. Amma görürsünüz ki, heç biri tarixdə qalmayıb. Yalnız öz işini düzgün görən kəslərin əməlləri yadda qalıb. Bu, hər bir sahəyə aiddir. Əsas etibarilə, necə torpaqlarımızı qoruyuruq, eləcə də Azərbaycan mədəniyyətini, incəsənətini qorumaq naminə çalışmalıyıq. Biz elə musiqilər ərsəyə gətirməliyik ki, düşmənlərimiz paxıllıqdan dəli olsunlar, oğurlamaq fikrinə düşsünlər. Azərbaycan musiqisi, ladları çox zəngindir. Nədənsə, bəzi qeyri-peşəkar müasirlər başqa xalqların ladlarına müraciət edirlər. Onlar dərk etsələr ki, Azərbaycan ladlarında 7 əsas muğam var, elə o muğamlara müraciət etsələr, düşünün, necə zəngin musiqilərimiz yaranar. Onlar isə bir meyxana ritmi, bir də ya İran, ya da "Bayatı-Şiraz" ladı seçirlər. Mən çox demişəm, nə qədər sağam, gəlin, öyrənin. Əgər sizdə melodiya yazmaq qabiliyyəti varsa, peşəkarlaşın. Burada ayıb bir şey yoxdur.

Bir müddət yerli teleseriallarımız üçün musiqilər yazırdınız. Nə üçün bu fəaliyyətiniz davamlı olmadı?

- Bəli, bir müddət əvvəl yerli teleseriallarımız üçün musiqilər yazırdıq, amma sonradan onlar qənaət edib "trend"də olan ucuz, keyfiyyətsiz musiqilərə müraciət etdilər. Çox seriallara, verilişlərə mən də, Hikmət Mirməmmədli də musiqilər yazmışıq. Əslində teleseriala musiqi bəstələmək elə də asan iş deyil. Ona görə ki, hər obrazın öz leytmotivi olmalıdır. Bu, ssenarini dərinləşdirmək baxımından çox önəmlidir. Ümumiyyətlə, həyəcanlı, sevgi, dostluq səhnələrinin hər birinin öz musiqisi olmalıdır. İndi isə bir musiqi yazırlar və onu bütün səhnələrdə istifadə edirlər. Çox əfsuslar olsun ki, kino sahəsində də "karantin"dir.

Mövcud musiqi durumundakı boşluqları doldurmaqda siz və tanıdığınız digər musiqiçilər hansı addımları atırsınız?

- 1970-1980-ci illərdə “Azkonsert”  Dövlət Qastrol Birliyi fəaliyyət göstərirdi. Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra “Lalə qızlar” ansamblında pianoçu kimi fəaliyyət göstərdim. Həmin müddətdə Baba Salahovun, İslam Rzayevin, Həbib Bayramovun, Məmmədbağır Bağırzadənin ansamblı, “Dan Ulduzu”, “Xəyal" instrumental ansamblı ora üzv idilər. Biz konsert verərkən orada böyük tədbirlər keçirilirdi. Konsert verdikdən sonra maaşımızı alırdıq. Bu qurum həqiqi peşəkarlığı ilə seçilirdi. Quruma üzv olan ansambllar qeyri-peşəkar olduqda onlara maaş verilmirdi. Mən və sənət yoldaşlarım arzu edirik ki, Azərbaycan musiqi mədəniyyətini qorumaq naminə, həm milli, həm akademik musiqinin gələcək nəsillərə düzgün ötürülməsinə görə belə bir qurum yenidən yaradılsın. O dövrdə televiziyalarda 30-60 dəqiqə müddətində özfəaliyyət bəstəkarlarının musiqilərindən ibarət konsertlər yayımlanırdı. Onlar ixtisasca musiqiçi olmasalar da, istedadlı şəxslər idilər. Bu, həm maraqlı, həm də fəxredici görüntülər idi. Çox istərdim ki, hazırda da televiziyada belə verilişlər yayımlansın.

İnsan fizioloji cəhətdən hər hansısa nahiyəsi ağrıdığı zaman həkimə müraciət edir, müalicə alır. Düşünürəm ki, musiqinin də müalicəvi xüsusiyyətləri var. Elə bu səbəbdən musiqimizi qorumalı, onu yaşatmalıyıq. Biz onu qorumasaq, 10 ildən sonra mədəniyyətimizdən əsər-əlamət qalmaz. Mən ümid edirəm ki, yaxın günlərdə təyin olunacaq yeni Mədəniyyət nazirimiz bu nüanslara diqqət edəcək, bizlərlə müzakirəyə açıq olacaq. Bir gün Üzeyir bəy Hacıbəylinin böyük zəhmətlə, ustalıqla yaratdığı bəstələri layiqincə yaşadacaq musiqiçilərimiz də yetişəcək.

Paylaş
Şərh əlavə et