Bu gün:

Qaçırılan film ulduzu: Çoi Eun-hinin hekayəsi


Bir dəvət məktubu məşhur Cənubi Koreyalı aktrisa Çoi Eun-hinin həyatını kökündən dəyişdirib. O dövrdə iş tapmaqda çətinlik çəkən sənətçi Honq-Konqda keçiriləcək görüşə qatılmağa razılıq verib. Lakin bu görüş bir tələ idi. Çoi gözlənilmədən özünü Şimali Koreyada, lider Kim Çen İlin qarşısında görüb. İllər öncə ayrıldığı həyat yoldaşı məşhur rejissor Şin Sonq-kyon ilə yolları da məhz burada, gözlənilməz şəkildə yenidən kəsişib. Hər iki sənət adamı bu dəfə istəmədikləri bir “səhnənin” əsas rollarında idilər.

Şimali Koreya lideri Kim Çen İl kino və təbliğat filmlərinə olan xüsusi marağı ilə tanınıb. Hələ atası Kim İr Sen ölkəyə rəhbərlik etdiyi dövrdə Kim Çen İl Təbliğat və Ajitasiya İdarəsinin başçısı kimi fəaliyyət göstərib. O, kino nəzəriyyələrinə dair kitab da nəşr etdirib, həmçinin 30 mindən artıq filmi əhatə edən nəhəng bir kolleksiya toplayıb.

Lakin Kim Çen İl Şimali Koreya filmlərinin cansıxıcı və ideoloji təkrarlardan ibarət olduğunu düşünüb, Cənubi Koreya istehsalı olan ekran işlərini qibtə ilə izləyib. Bu narazılıq onu son dərəcə radikal bir qərar verməyə sövq edib: Cənubi Koreyanın məşhur aktrisası Çoi Eun-hi və onun sabiq rejissor əri Şin Sonq-kyonu qaçırmaq.

Çoi Şimali Koreyaya gətirildikdən sonra hər şey elə qurulub ki, sanki o öz istəyi ilə ora gəlib. Kim Çen İl onu şəxsən qarşılayıb, jurnalistlər şəkillər çəkib. Sonradan Çoi təcrid olunub, Şin isə qaçmağa cəhd etdiyi üçün əmək düşərgəsinə göndərilib. Onlar illərlə əsirlikdə qalsalar da, bir-birlərindən xəbərsiz idilər. Nəhayət, Kim Çen İl onları öz doğum günü mərasimində yenidən bir araya gətirib.

Bu görüşdən sonra Çoi və Şinə film çəkmək tapşırılıb. Onlar cəmi 2 il 3 ay ərzində 17 film ərsəyə gətiriblər. Yuxusuz gecələr, daimi nəzarət, ağır təzyiqlər altında başa gələn bu filmlərin məqsədi – Kim Çen İlin beynəlxalq festivallarda Şimali Koreya filmlərini nümayiş etdirmək arzusu idi. Və bu məqsədə qismən də olsa nail olunub – xüsusilə də Şərqi Blok ölkələrində bəzi filmlər maraqla qarşılanıb. Hətta bu ekran əsərlərində Şimali Koreya kinematoqrafiyası üçün qeyri-adi sayılan insani və romantik motivlər də yer almağa başlayıb.

Sonradan cütlük ABŞ-yə sığınaraq 1999-cu ilə qədər orada yaşayıb. Onların bu qaçışı Kim Çen İli dərin şəkildə sarsıdıb. Nəticədə, cütlüyün adları çəkilən filmlərdən silinib, həmin əsərlərin nümayişi qadağan olunub. Buna baxmayaraq, illər sonra Şimali Koreya kinosu məhz Çoi və Şinin estetik yanaşmalarına bənzər mövzu və üslublara yönəlməyə başlayıb.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et