Bu gün:

Sükut nəyi ifadə edir?


İnsan münasibətlərində ünsiyyətsizlik çox zaman aydın bir böhranın xəbərçisi olur. Xüsusilə, tərəflərdən biri qəfil sükuta qərq olduqda digər tərəf özünü çaşqın, məyus və çox vaxt kənarda qalmış hiss edir.

Mütəxəssislərin fikrincə, bu sükut təkcə məsafə yaratma vasitəsi deyil, eyni zamanda, basdırılmış hisslərin, qaçınılan qarşıdurmaların və daxili ziddiyyətlərin təzahürüdür.

İnsanların danışmaq əvəzinə susmağa üstünlük verməsinin ən geniş yayılmış 7 səbəbi aşağıdakılardır:

1. Hisslərin ağırlığı

Bəzən hisslər o qədər güclü olur ki, insan nə deyəcəyini bilmir. Qəzəb, məyusluq və ya inciklik… Bu hisslərin ağırlığı altında əzilən insan özünü ifadə etməkdə çətinlik çəkir və sükutu bir müdafiə mexanizmi kimi istifadə edir.

2. Qarşıdurmadan qaçma meyli

Mübahisələrdən narahat olan şəxslər qarşıdurmanın daha da alovlanmaması üçün susmağı seçirlər. Bu, əslində qarşıdurmadan qaçmaq, onu təxirə salmaq cəhdidir. Kənardan laqeydlik kimi görünsə də, əksər hallarda gərginliyi artırmamaq məqsədi daşıyır.

3. Söz tapmaqda çətinlik

Hisslərlə mübarizə aparmaq çətindir, xüsusilə də onları düzgün sözlərlə ifadə etmək. İnsanlar bəzən yanlış bir söz deyib qarşı tərəfi daha çox incitməmək üçün susmağa üstünlük verirlər. Bu, laqeydlikdən yox, daxili qarışıqlıqdan irəli gəlir.

4. Emosional cəza: İntiqam səssizliyi

Bəzi insanlar incindiyi zaman sükutu cəza aləti kimi istifadə edirlər. Bu, qarşı tərəfin günahkarlıq və peşmanlıq hiss etməsi üçün şüurlu şəkildə geri çəkilmə ola bilər. Lakin bu yanaşma problemin həllinə deyil, münasibətlərdə gərginliyin artmasına səbəb olur.

5. Görünüşü qorumaq istəyi

Bəzən insan sükutla özünü güclü və ya nəzarət altında göstərmək istəyir. Xüsusilə, peşəkar mühitlərdə və ya cəmiyyətdə emosional görünməkdən çəkinən şəxslər hisslərini boğaraq susmağa üstünlük verirlər.

6. Məsuliyyətdən qaçmaq

Səhv etdiyini bilən, lakin bununla üzləşmək istəməyən şəxslər məsuliyyətdən yayınmaq üçün susurlar. Bu hal qarşı tərəf üçün xüsusilə ağır olur, çünki ünsiyyət tamamilə pozulur.

7. Güc nümayişi kimi sükut

Bəzən sükut manipulyasiya vasitəsinə çevrilir. Qarşı tərəfi günahkar hiss etdirmək, onu öz üzərinə cəlb etmək və ya münasibətə nəzarət etmək məqsədilə bilərəkdən susmaq psixoloji üstünlük əldə etməyə yönəlmiş davranışdır.


Tərcümə etdi: Mina Yadigarlı

Mənbə: NTV

Paylaş
Şərh əlavə et