Bu gün:

Dune filminin üçüncü hissəsinin çəkilişlərinə başlanılıb


Fransız-kanadalı rejissor Deni Vilnöv “Dune” (“Dyun”) film seriyasının üçüncü hissəsinin çəkilişlərinə başlayıb. Bu barədə layihənin rəsmi X sosial şəbəkə hesabında məlumat verilib.

“İz buraxmadan gəzdiyimiz torpaqlara doğru səyahətə başlayırıq”, – deyə paylaşımda bildirilir.

Filmin üçüncü hissəsi Frenk Herbertin “Dune Məsihi” (“Dune Messiah”) romanı əsasında çəkiləcək. Romanda Pol Atreidə qarşı qurulan siyasi sui-qəsddən bəhs olunur.

Layihədə Timoti Şalamet, Zendaya, Ceyson Momoa, Florens Pyu, Rebekka Ferqyuson və Coş Brolin öz rollarına yenidən qayıdacaqlar. Eyni zamanda, yeni filmdə Robert Pattinsonun da rol alacağı gözlənilir, lakin onun obrazı barədə ətraflı məlumat verilmir.

Bundan əvvəl məlum olub ki, Deni Vilnöv Ceyms Bond haqqında yeni film çəkəcək.

Filmin ilk hissəsi 3 sentyabr 2021-ci ildə ekranlara çıxıb və dünya üzrə 401,8 milyon dollar gəlir əldə edib.

“Dune” – Frenk Herberin ilk romanıdır və 1965-ci ildə nəşr olunub. O, XX əsrin ən məşhur elmi-fantastik kitablarından biri hesab olunur.

Mənbə: kinomail

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et