
2006-cı ildə Mavritaniyanın düz ortasında, sahildən 50 kilometr aralıda, uzunluğu təxminən 50 metr olan tərk edilmiş bir gəmi tapılıb. O sanki təzəcə sahilə yan almış kimi qumların ortasında dayanıb, amma yaxınlıqda nə su, nə çay, nə də məntiqli bir izahat olub. Beləcə, XXI əsrin ən qəribə “gəmi-xəyal”larından birinin hekayəsi başlayıb.
İnternetdə “Maria Theresa Desert Ship” (Maria Tereza səhrası gəmisi) adı ilə tanınan bu gəminin nə tanıdıcı işarəsi, nə adı, nə də bayrağı olub. İlk şəkillər internetdə heç bir izahat olmadan yayılıb — sadəcə qumların ortasında nəhəng, paslanmış bir gəmi. İnsanlar fərziyyələr irəli sürməyə başlayıblar: bəziləri bunu miraş adlandırıb, bəziləri gəminin qum fırtınaları ilə daşındığını deyib. Hətta bəziləri bunun paralel reallıqdan gəlmiş bir qalıq olduğunu düşünüb.
Amma hər şey daha adi çıxıb. 2016-cı ildə aparılan araşdırma göstərib ki, bu gəmi həqiqətən də bir vaxtlar mövcud olub — bu, 2000-ci illərin əvvəllərində istismardan çıxarılmış bir balıqçılıq traleridir. Onu metallom üçün sökməli imişlər, lakin gəmi tədricən quruyub yoxa çıxan bir laqünada ilişib qalıb, daha sonra isə qum təbəqəsi ilə örtülüb. Sular çəkilib, amma paslı gövdə qalıb — sanki keçmişdən qalmış unudulmuş bir eksponat kimi.
Adi açıqlamaya baxmayaraq, “səhrada gəmi” insanların təsəvvürünü hələ də hərəkətə gətirir. Şəkillər hələ də internetdə mistik başlıqlarla dolaşır və bir çoxları bu sirrin hələ də tam açılmadığına inanır.
Mənbə: www.atlasobscura.com
Təcümə etdi: Fatimə Kərimli
