Bu gün:

İsrail xalqı Qəzzada heçkimi günahsız saymır


İsraildə keçirilən sorğu cəmiyyətin əhəmiyyətli bir hissəsinin Qəzza zolağında “günahsız insan yoxdur” fikrini qəbul etdiyini ortaya qoyub. Qüds İvrit Universitetinin iyun ayına aid tədqiqat nəticəsində məlum olub ki, israilli yəhudilərin 64%-dən çoxu bu ifadəyə dəstək verir.

Eyni sorğuda Fələstin əsilli İsrail vətəndaşlarının isə 92%-i bu fikrə qarşı çıxıb. Bu, israillilər arasında radikal düşüncənin təkcə siyasi marjinallara deyil, bütün ideoloji spektrə yayıldığını göstərir. Belə ki, hökumət tərəfdarlarının 87%-i, sağ müxalifət seçicilərinin 73%-i, mərkəzçilərin 63%-i və hətta özünü “solçu” kimi tanıdanların 30%-i Qəzzada heç kimin günahsız olmadığını düşünür.

Nifrət dili təkcə bu günə aid deyil

İsraildə mülki fələstinlilərə qarşı nifrət dili son aylara xas deyil. 2018-ci ildə sabiq Müdafiə naziri Avigdor Lieberman Qəzza haqqında “orada günahsız insan yoxdur” ifadəsini işlədib. 2023-cü ildə isə Prezident İsxaq Hersoq “orada yaşayan hər kəs məsuliyyət daşıyır” deyə bildirib. Bu bəyanatlar Cənubi Afrikanın İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı soyqırımı iddiasında sübut kimi təqdim olunub.

Radikallaşma cəmiyyətin bütün qatlarına yayılıb

Haaretz qəzetinin məlumatına görə, bir çox valideyn övladlarının müharibədən sonra evə “radikallaşmış” şəkildə döndüyünü, mülki şəxslərin öldürülməsini müdafiə edən irqçi ifadələrdən istifadə etdiklərini bildirib. Ekspertlərə görə, bu dönüşüm yalnız uşaqlarla məhdudlaşmır, çünki cəmiyyətin bütün təbəqələrinə yayılıb.

Radikal ritorikanın siyasətə sirayət etdiyinin nümunəsi kimi 2014-cü ildə millət vəkili Ayelet Şakedin paylaşımı göstərilir. O, şəhid analarını da ölümlə hədəfləyən paylaşımına görə tənqid edilsə də, bir il sonra ədliyyə naziri təyin edilib. 

Soyqırımı ritorikası normaya çevrilib

Sorğunun nəticələri və ictimai diskursda yer alan fikirlər göstərir ki, İsrail cəmiyyəti təkcə hərbi baxımdan deyil, düşüncə səviyyəsində də sistemli şəkildə radikallaşır. Müharibə dili artıq gündəlik həyatın bir parçasına çevrilib. Küçədə, məktəbdə, siyasətdə və mediada açıq şəkildə özünü göstərir.

Mənbə: TRT Haber 

Tərcümə etdi: Ətirə İbayeva 


Paylaş
Şərh əlavə et