Bu gün:

Tayvanda tayfun fəsadlar törədir


“Danas” tayfunu Tayvanın qərb sahillərinə güclü yağış və küləklər gətirib. Fırtına insan tələfatına, təxliyyələrə və nəqliyyatda aksamalara səbəb olub. Mütəxəssislər vətəndaşları diqqətli olmağa çağırıb. İndiyədək iki nəfər ölüb.Tayvanı təsirləndirən Danas qasırğası güclü külək və leysan yağışları ilə adanın qərb sahilinə böyük ziyan vurub. Tayvanın cənub-qərbindəki Tainan şəhərində ölənlər olub.

Milli Yanğından Mühafizə Xidməti bir nəfərin yıxılan ağacın altında qalaraq öldüyünü, digərinin isə elektrik kəsilməsi səbəbindən tənəffüs aparatının sıradan çıxması nəticəsində öldüyünü bildirib.

Fırtına səbəbindən 2853 nəfər evlərindən təxliyə edilib, 28 nəfərin isə yüngül xəsarət aldığı bildirilir.

Paytaxt Taypeyi keçdikdən sonra Tayvan boğazına doğru hərəkət edən tayfun intensivliyini itirib. Bununla belə Tayvanın cənub və mərkəzi hissələrinə təsirini davam etdirən yağışlar bəzi bölgələrdə daşqınlara səbəb olub.

Səlahiyyətlilər Tayvan boğazına nadir hallarda girən bu tayfunun 1986-cı ildə də oxşar təsirlərə malik olduğunu bildirib.

Tayvan Meteorologiya Xidməti fırtınanın 137 km/saata çatan küləklər və güclü yağışlarla təsirli olduğunu açıqlayıb.

Qasırğaya görə bəzi bölgələrdə məktəblər və ofislər bağlanıb. Tayvanın cənub perimetrində torpaq sürüşmələri və daşqınlar baş verib, magistral yollar da nəqliyyatın hərəkəti üçün bağlanıb.

Səlahiyyətlilər Tayvanın tropik iqlimi səbəbindən bu cür fəlakətlərin tez-tez baş vermə ehtimalının olduğunu vurğulayaraq vətəndaşları, xüsusən də dağlıq ərazilərdə yaşayanları diqqətli olmaları barədə xəbərdarlıq edib.

Mənbə: CNN Türk 

Tərcümə etdi: Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et