ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini tənqid edərək onun Rusiya Prezidenti Vladimir Putinlə müqayisədə daha çətin tərəfdaş olduğunu bildirib.
Zelenski Antonio Koşta və Ursula fon der Lyayenlə Brüsseldə, BBC
24media.az BBC-yə istinadən xəbər verir ki, Tramp Ukraynanın Rusiyanın neft emalı zavodlarına qarşı hücumlarını da “rüsvayçılıq” adlandırıb. O, bu hücumların dünya bazarında neft qiymətlərinin artmasına səbəb olduğunu iddia edib.
Zelenski Brüsseldə Avropa İttifaqı liderlərinin sammitində iştirak edir. O, bildirib ki, Ukrayna ABŞ Prezidentinin müraciətinə uyğun olaraq enerji obyektlərinə zərbələri üç gün dayandırsa da, Rusiya hücumlarını davam etdirib. Buna görə də Kiyev zərbələri bərpa etmək qərarına gəlib.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Rusiyanın enerji atəşkəsinə əməl etmədiyini bildirərək, Moskvaya qarşı sanksiyaların gücləndirilməsinin vacibliyini vurğulayıb. Sammitdə Ukraynaya maliyyə və müdafiə dəstəyi, eləcə də ölkənin qışa hazırlığı müzakirə olunur.
Tramp Newsmax telekanalına müsahibəsində Zelenskinin razılaşma əldə etmək istədiyini desə də, əməldə bunun əksini etdiyini iddia edib. O, Putinlə Zelenski arasındakı qarşılıqlı düşmənçiliyin danışıqları çətinləşdirdiyini söyləyib.
ABŞ-nin Rusiya mənşəli 300 min ton dizel yanacağının idxalı ilə bağlı razılaşması da Kiyevin narazılığına səbəb olub. Zelenski bu addımı Rusiya liderinə verilən hədiyyə kimi qiymətləndirib. Bundan əlavə, “Starlink” rabitə şəbəkəsinə tətbiq olunan məhdudiyyətlər Ukraynanın hərbi imkanları ilə bağlı narahatlıqları artırıb.
Həmçinin Rusiyanın Xarkov şəhərinə pilotsuz uçuş aparatları ilə hücumu nəticəsində bir neçə nəfər həlak olub, azı 19 nəfər yaralanıb.
Ukrayna da Rusiyanın müxtəlif regionlarına dron hücumlarını davam etdirib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ölkənin 26 regionunda 644 Ukrayna dronu ələ keçirilib. Moskva üzərində hava məkanı bir neçə saatlıq bağlanıb, nəticədə uçuşlarda gecikmələr yaranıb.
Zəhra Məlikova
