Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Apostol Kilsəsinin ruhani lideri Katolikos II Qareginin çevriliş planları hazırlayan şəxslərə dəstək verdiyini iddia edib.
Paşinyan sosial media hesabında yayımladığı açıqlamada, “hakimiyyəti ələ keçirmək” və “konstitusiya quruluşunu zorakı yollarla devirmək” planları ittihamı ilə saxlanılan din xadimləri – Şirak yepiskopu Mixail Ajapahyan və Tavuş yepiskopu Baqrat Qalstanyanı müdafiə edən II Qaregini sərt tənqid edib.
Baş nazir bildirib:
“Əgər Ktrij Nersisyan (II Qaregin), Qalstanyan və Ajapahyanın həbsini qanunsuz hesab edirsə, deməli, onların çevriliş etmək, insanları divar kənarlarında güllələmək və ölkədə xaos yaratmaq planlarını və ideologiyalarını bölüşür.”
Paşinyan vurğulayıb ki, hüquq-mühafizə orqanlarının Ermənistan Apostol Kilsəsinin Eçmiədzindəki mərkəzində fəaliyyətinə maneə yaradıla bilməz. O, həmçinin II Qaregin və ətrafındakı bəzi şəxsləri “əxlaqi pozğunluq”da ittiham edib.
Hadisənin fonu
Son dövrlərdə Ermənistan Apostol Kilsəsi ilə Baş nazir Paşinyanın rəhbərlik etdiyi hökumət arasında gərginlik yaşanır.
Kilsə Paşinyanı Azərbaycanın maraqlarına güzəştə getməkdə ittiham edir. Paşinyan isə kilsəni “dövlət işlərinə müdaxilə etməkdə” və “hakimiyyəti ələ keçirməyə cəhd etməkdə” günahlandırır.
Bundan əlavə, Paşinyan Katolikos II Qareginin subaylıq andını pozaraq övlad sahibi olduğunu və buna görə də dini lider ola bilməyəcəyini iddia edir.
Baş nazir daha əvvəl bəyan etmişdi ki, “kriminal oliqarx ruhani təbəqə” hakimiyyəti ələ keçirmək planı hazırlayır. Bu səbəbdən Ermənistan Milli Təhlükəsizlik Xidməti bir sıra şəxsləri saxlamışdı.
Hökuməti qeyri-qanuni yollarla devirməkdə ittiham olunan və aralarında Baş yepiskop Baqrat Qalstanyanın da olduğu 15 nəfər məhkəmənin qərarı ilə həbs edilib.
Hüquq-mühafizə orqanlarının Eçmiədzindəki kilsə mərkəzinə keçirdiyi əməliyyat zamanı saxlanılan Şirak yepiskopu Mixail Ajapahyanın da həbsdə istintaq altında qalmasına qərar verilib.
Qeyd edək ki, 2024-cü il mayın 4-də Ermənistan hökumətinin qərarı ilə Azərbaycanın Qazax rayonunun 4 kəndinin geri qaytarılmasına etiraz olaraq Ermənistan Apostol Kilsəsinin təşəbbüsü ilə Tavuş və Şirak bölgələrindən paytaxt İrəvana yürüş təşkil olunub və ölkə miqyasında etiraz aksiyaları keçirilib.
Paşinyan isə istefasını tələb edən kilsəyə cavab olaraq bildirmişdi ki, hakimiyyət dəyişikliyi yalnız seçki yolu ilə baş verə bilər.
Mənbə: Cümhuriyyət
Tərcümə etdi: Mina Yadigarlı
