Bu gün:

Cicada 3301: Şifrənin arxasında kim var?


2012-ci ilin yanvarında internetdə qəribə bir şəkil paylaşılıb, içində “Salam. Biz ağıllı insanları axtarırıq” mesajı yer alıb. Bu mesaj Cicada 3301 adlı sirli və anonim bir qrupun başladığı ən mürəkkəb şifrə oyunlarının ilk addımı olub

Mesajı görənlər onun sadəcə şəkil olmadığını anlayıb, içində gizlədilmiş steqanoqrafik məlumatı çıxarıb və bu onları yeni bir linkə yönəldib. Beləcə, dünyada minlərlə insan bu sirli oyunun bir hissəsinə çevrilib. İştirakçılar şəkillərdə, səslərdə, mətnlərdə və hətta coğrafi koordinatlarda gizlədilmiş ipuclarını axtarıb, onları şifrə ilə deşifrə edib, yeni tapşırıqlara keçib. Tapmacalar kriptoqrafiya, klassik ədəbiyyat, proqramlaşdırma, fəlsəfə və tarixlə bağlı mürəkkəb bilik tələb edib.

2012, 2013 və 2014-cü illərdə üç böyük tapmaca dərc olunub. Hər biri əvvəlkindən daha çətin və dərin olub. İlk oyunu sona qədər apara bilənlər anonim şəkildə Cicada tərəfindən əlaqəyə alınıb, amma onlardan sonra nə baş verdiyi heç vaxt açıqlanmayıb. 2014-cü ildə “Liber Primus” adlı run əlifbası ilə yazılmış bir kitab təqdim olunub. Bu kitabın bəzi hissələri deşifrə edilsə də, əksəriyyəti hələ də açılmayıb və bir çoxlarına görə bu sirrin açarı məhz həmin kitabdadır.

Cicada tapmacalarında Sezar şifrəsi, RSA, PGP, Base64 kodlaşdırması, modulyar arifmetika, prime ədədlər və hash funksiyalarından istifadə edilib. Tapmacalarda eyni zamanda Vilyam Bleyk, Alister Krouli və digər ezoterik mənbələrdən parçalar yer alıb. Bəzi tapşırıqlar isə real dünyaya keçib -müxtəlif şəhərlərdə konkret ünvanlara yerləşdirilmiş QR kodlar vasitəsilə yeni mərhələlərə istiqamət verilib. Bu şəhərlərə Seattle, Varşava, Seul və Sidney də daxil olub.

Cicada 3301-in kim tərəfindən yaradıldığı və məqsədinin nə olduğu indiyədək məlum deyil. Bəziləri bunun CIA və ya NSA kimi kəşfiyyat orqanlarının istedadlı şəxsləri tapmaq üçün təşkil etdiyi gizli bir sınaq olduğunu düşünüb. Digərləri isə bunun özəl kibertəhlükəsizlik qrupu və ya azad düşüncəni təşviq edən fəlsəfi bir hərəkət olduğunu ehtimal edib. Hətta bunu sadəcə intellektual oyun kimi görənlər də olub. Daha qaranlıq nəzəriyyələr isə Cicada-nın dərin internetdə fəaliyyət göstərən gizli təşkilatla əlaqəli olduğunu iddia edib.

2016-cı ildən sonra bu qrupdan heç bir rəsmi mesaj gəlməyib. Onlar yalnız bir dəfə - saxta Cicada adından istifadə edənlər barədə xəbərdarlıq edərək səssizliyini pozub. O gündən bəri Cicada 3301 sirri açılmamış qalır. Heç kim bu oyunun məqsədinin nə olduğunu, kimlərin bu oyunu qazandığını və niyə hər şeyin qəfil dayandığını bilmir. Amma bir şey dəqiqdir: bu, internet tarixində hələ də tam həll olunmamış ən maraqlı sirrlərdən biridir.


Mənbə: 6Oout Escape Rooms

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et