Bu gün:

Bəzi pişiklər niyə yüksək səslə miyoldayır?


Əgər evdə bir neçə pişiyiniz varsa, onların xasiyyətlərinin fərqli olduğunu görmüsünüz. Bəziləri qucağınızda mırıldayır, yemək istəyərkən miyoldayır, qonaqları qarşılayır, digərləri isə sakitcə uzaqdan izləyir.

Yaponiya Kyoto Universitetinin araşdırmasına görə, pişiklərin bu fərqli davranışlarının səbəbi onların genetik quruluşu ilə bağlıdır. Tədqiqatda pişiklərin DNT nümunələri götürülüb və xüsusilə, X xromosomundakı AR (androgen reseptoru) geninə diqqət yetirilib. Bu gen, pişiklərin hormonlar, xüsusilə, testosterona necə reaksiya verdiyini müəyyən edir.

Nəticələr göstərir ki, AR genində qısa ardıcıllığa sahib olan pişiklər daha çox yüksək səslə miyoldayır və daha aktivdirlər. Məsələn, erkək pişiklər yemək istəyərkən və ya çölə çıxmaq istəyəndə səs-küylü olur. Dişi pişiklər isə yad insanlara qarşı daha aqressiv ola bilər.

Əksinə, uzun AR gen ardıcıllığı olan pişiklər daha sakit və yumşaq xasiyyətə malikdirlər. Belə pişiklər daha çox evcil və insanlarla ünsiyyətə meyllidirlər.

Araşdırma göstərir ki, pişiklərin bu fərqli davranışları yalnız evcilləşmə ilə deyil, genetik faktorlarla da bağlıdır. Vəhşi pişiklərin aqressiv davranışları isə onların həyatda qalması üçün hələ də faydalıdır.

Ümumilikdə, pişiklərin niyə bəzilərinin yüksək səslə miyoldaması, bəzilərinin isə sakit olması, genetik xüsusiyyətləri və hormonal reaksiyalarının fərqliliyindən qaynaqlanır.

Mənbə: BBC

Tərcümə etdi: Ətirə İbayeva 

Paylaş
Şərh əlavə et