Bu gün:

Youtube pul qazanma şərtlərini dəyişib


Süni intellektin sürətli inkişafı YouTube-da məzmun istehsalını xeyli artırıb. Lakin bu, bəzi problemlərə səbəb olub. YouTube isə tənqidlərə görə pul qazanma qaydalarını dəyişməyə hazırlaşır. Bəs bu nə deməkdir?

15 iyul 2025-ci ildən “YouTube”da yeni dövr başlayır

YouTube-un açıqlamasına görə, 15 iyul 2025-dən etibarən kütləvi və təkrarlanan məzmun paylaşan kanallar monetizasiyadan çıxarılacaq. Bu kanallar YouTube Tərəfdaşlıq Proqramından uzaqlaşdırılacaq.


Bu addımla YouTube keyfiyyətsiz və spam məzmunun qarşısını almağı hədəfləyir. Lakin “kütləvi və təkrarlanan” anlayışının qeyri-müəyyən olması bəzi yaradıcılar üçün narahatlıq yaradıb.


Yalnız süni intellekt(Sİ) videolarına təsir edəcək?

Mövzunun əsas məqamı məhz budur. Çünki YouTube hələ dəqiq hansı məzmunun xaric ediləcəyinə tam aydınlıq gətirməyib.


YouTube rəsmisi bildirib ki, mövcud qaydalar qalır, amma artıq daha ciddi şəkildə tətbiq olunacaq. Yəni, platforma spam və kopya məzmunla daha sərt mübarizə aparacaq. 


İcma iki cəbhəyə bölünüb: kiçik istehsalçılar üçün təhlükə yaranır? 

YouTube-un qərarı məzmun istehsalçıları və izləyicilər arasında geniş müzakirələrə səbəb olub.


Bəziləri qeyd edir ki, keyfiyyətsiz və eyni tipli Sİ videoları platformadan təmizlənməlidir.


Bəziləri bu addımın kiçik yaradıcıları sıxışdırmaq və gəlirləri böyük tərəfdaşlara yönəltmək məqsədi daşıdığını düşünür. Sİ ilə hazırlanan oxşar videolar tamaşaçı təcrübəsini zəiflətdiyindən, bir çox izləyici dəyişiklikləri müsbət qarşılayıb. Lakin kiçik istehsalçılar hələ də ciddi narahatlıq keçirir.


Mənbə: Fikrimucit

 

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et