
Dizayner və Renata Litvinovanın yaxın dostu Demna Qvasaliya etiraf edib ki, karyerasının əvvəlində Balenciaga moda evinin kişi geyimləri şöbəsində təcrübə keçmək istəsə də, ona imtina cavabı verilib. Lakin bir neçə ildən sonra o, həmin brendin rəhbəri olub və onu dünyanın ən məşhur moda evlərindən birinə çevirib.
Gucci-nin yeni kreativ direktoru sosial şəbəkələrdə 2007-ci ildə elektron poçtuna gələn bir məktubu paylaşıb. Həmin məktubda bildirilir ki, Antverpendə yerləşən Kral Gözəl Sənətlər Akademiyasında geyim dizaynı üzrə magistr təhsilini yeni başa vurmuş gənc gürcü dizaynerin Balenciaga-da təcrübə keçmək müraciəti rədd edilib.
“Hörmətli Demna, Balenciaga kişi geyimləri dizayner komandasında təcrübə keçmək istəyinizə görə sizə təşəkkür edirik. Məktubunuzu diqqətlə nəzərdən keçirdik, lakin hazırda namizədliyinizi dəyərləndirmirik. CV-nizi gələcək imkanlar üçün arxivimizdə saxlayacağıq. Sizə ən xoş arzularımızı bildiririk”, — məktubda qeyd olunub.
Demna Qvasaliya 2015-ci ildə, cəmi yeddi ildən sonra Balenciaga-nın kreativ direktoru oldu. O, brendə moda dünyasında əsl inqilab yaşatdı. Yaxın günlərdə isə, bu vəzifədən ayrılıb Gucci-yə keçdi. Balenciaga, Gucci və digər məşhur brendlər Səlma Hayekin həyat yoldaşı Fransua-Anri Pino-ya məxsus olan Kering korporasiyasına aiddir.
Balenciaga-dan əvvəl Demna Maison Margiela və Louis Vuitton-da baş dizayner vəzifələrində çalışmış, 2014-cü ildə isə qardaşı Quram Qvasaliya ilə birlikdə Vetements brendini yaratmışdı. Yaxın günlərdə o, moda sahəsindəki xidmətlərinə görə İncəsənət Ordeni ilə təltif olunub.
Mənbə: spletnik
Tərcümə etdi: Fatimə Umarbəy
