Bu gün:

Oxatanlar bürcünün əfsanələri


Min illər boyu dünyanın hər yerində insanları heyrətləndirən və valeh edən Pleya Pləyaqlar ulduz dəstəsi — məşhur “Yeddi bacı” — mədəniyyətlər arasında mif və əfsanələrin ayrılmaz hissəsinə çevrilib. Antik yunanlardan tutmuş Aborigenlərə, çinlilərdən yerli amerikalılara, misirlilərdən hindlilərə qədər çoxsaylı xalqlar bu ulduzlara müxtəlif anlamlar verərək onlarla bağlı rəvayətləri şeir, incəsənət, musiqi və memarlıq vasitəsilə nəsildən-nəslə ötürüblər.

Ən qədim yazılarda pleyadalar

Pleya Pləyaqlar dünyanın ilk ədəbi mənbələrində qeyd olunan ulduzlardandır. Çin salnamələrində bu ulduz dəstəsi eramızdan əvvəl 2350-ci ilə qədər gedib çıxır. Avropa ədəbiyyatında isə onlar ilk dəfə Hesiodun eramızdan əvvəl 1000-ci ilə aid bir şeirində, eləcə də Homerın “İliada” və “Odisseya” əsərlərində yer alıb.


Səyyahlar bu ulduzlardan naviqasiya üçün, fermerlər isə əkin-biçin vaxtlarını təyin etmək üçün istifadə ediblər. Məsələn, ABŞ-ın Nyu Meksiko ştatında yaşayan Zuni tayfası bu ulduzlara “Tohum Ulduzları” adını verib və onların gözdən itməsi ilə baharın başlandığını və əkin vaxtının gəldiyini anlayıblar. Bəzi inanclara görə isə bu yeddi bacı Yer planetini toxum kimi səpib, dünyanın ilk anaları sayılıblar.


Yunan mifologiyası və yeddi bacı

Yunan mifologiyasında Pleya Pləyaqlar – Maia, Alcyone, Asterope, Celaeno, Taygete, Electra və Merope adlı yeddi bacıdır. Onların atası Atlas, anası isə dənizçiləri qoruyan mifoloji tanrıça Pleion olub. Ovçu Orion bu bacılara vurulduqdan sonra, onların ardınca düşür. Onları qorumaq üçün tanrı Zeus bacıları göydə ulduza çevirərək Orionun əlindən qurtarır. Əfsanələrə görə Zeus üç bacı ilə uşaq da dünyaya gətirib.


Bu bacılar həm də “Su qızları” və ya “Buz qızları” kimi tanınır. Adlarının mənşəyi qədim yunan dilində “yelkən açmaq” anlamına gələn “plein” sözündən götürüldüyü iddia olunur.

Bacılardan bəzilərinin qısa təsviri:

    Maia – Ən böyük bacı, gözəlliyi və tənhalığı ilə tanınır. Roma mifologiyasında Bahar Tanrıçası sayılır. “May” ayının adı onunla bağlıdır.

    Alcyone – İkinci bacıdır və lider sayılır. Əri Ceyx ilə birlikdə tanrıları təqlid etdiklərinə görə cəzalandırılırlar.

    Merope – Ən solğun ulduz olaraq tanınır. Bəzi əfsanələrə görə ölümlü Sisyfusla evləndiyi üçün utanaraq üzünü gizlədib.

    Asterope – Adı “Ulduz” anlamına gəlir. Daha zəif bacı sayılır. Aresdən olan uşağı Oinomaos bəzi mənbələrdə onun əri kimi də qeyd olunur.

    Celaeno – Parlaq olmayan bacılardan biridir. İldırım vurduğu üçün ulduzu solğunlaşıb. Poseidondan və Prometeydən uşaqları olub.

    Taygete – Azadlığı sevən bacı, Zeusdan qaçmaq üçün Artemida tərəfindən marala çevrilib.

    Electra – Üçüncü ən parlaq ulduz sayılır. Troya şəhərinin banisi Dardanosun anasıdır. Troya dağıldıqdan sonra qeybə çəkildiyi söylənilir.


Amerika yerlilərində yeddi ulduz qızı

ABŞ-ın Vayominq ştatındakı məşhur “Devil’s Tower” (Şeytan qülləsi) ilə bağlı bir əfsanəyə görə, Kiowa tayfasının yeddi qızı ayılar tərəfindən izlənərkən, duaları eşidilir və qaya göyə doğru ucaldılır. Ayılar bu qayanın kənarlarını cıraraq iz buraxır, qızlar isə ulduzlara çevrilir.


Qaraayaq tayfası isə bu ulduzlara “Yetim oğlanlar” deyib. Valideynsiz uşaqlar tayfa tərəfindən rədd edilir, amma canavar sürüsü onları qəbul edir. Sonradan göyə çıxaraq ulduza çevrilirlər. Canavarlar isə hər gecə dostlarını itirdikləri üçün ulayır.


Aborigen rəvayətləri

Avstraliya Aborigenləri bu bacılara “Yunggarmurra su qızları” deyirlər. Onların atası Dunia öz qızlarına qarşı niyyətlərinə görə timsaha çevrilir. Bacıların ulduz kimi parlaması isə onların büllurla örtülmüş paltarı ilə izah olunur.


Hindu əfsanəsi

Hindistanda bu ulduzlar “Krittika” adı ilə tanınır və “Yeddi rişi”nin yoldaşları sayılır. Eyni zamanda müharibə tanrısı Murugan’ın anaları kimi də tanınırlar.


Yaponiyada Subaru

Yapon mədəniyyətində Pleya Pləyaqlar “Subaru” adlanır və birliyi simvolizə edir. Maraqlıdır ki, avtomobil markası olan Subaru da bu adı seçib, lakin logosunda yalnız altı ulduz yer alıb. Səbəb isə bu ulduzlardan yalnız altısının adi gözlə görünməsidir.


Yeddi bacı ulduz dəstəsi – Pleya Pləyaqlar – müxtəlif xalqların mifologiyalarında birləşdirici simvol kimi yer alıb. Hər bir əfsanə bu ulduzlara öz mənəvi və mədəni baxışını əks etdirir. Bu ulduzlar göylərdə parıldamaqla yanaşı, insanlıq tarixində və düşüncəsində də əbədi olaraq parlayır.


Mənbə: lucindariley

Tərcümə etdi: Aysu Əsgərzadə

Paylaş
Şərh əlavə et