Yanğın — alışan maddənin oksigenlə sürətlə və nəzarətsiz şəkildə yanmasıdır. Bu proses zamanı istilik, işıq və tüstü əmələ gəlir.

Yanğın normalda insan üçün faydalı vasitədir. Ondan yemək bişirmək, isitmək və enerji əldə etmək üçün istifadə olunur. Lakin nəzarətdən çıxarsa, təhlükəli fəlakətə çevrilir.
Yanğın niyə baş verir?
Yanğının baş verməsi üçün üç əsas element bir araya gəlməlidir. Buna “yanğın üçbucağı” deyilir:
Yanan material (yanacaq): Taxta, zibil, ot, plastik, kağız, parça kimi asanlıqla yanan materiallar;
Oksigen: Atmosferdə təbii olaraq mövcuddur. Yanma üçün təxminən 16% oksigen kifayətdir;
İstilik (alovlanma mənbəyi): Alışqan, kibrit, günəşdən gələn güclü istilik və ya elektrik qığılcımı kimi alovlanma mənbəyi.
Bu üç elementdən biri əskik olarsa, yanğın baş verməz. Lakin hər üçü bir araya gəlib nəzarət altına alına bilməyəndə yanğın qaçılmaz olur.
Yanğınların əsas səbəbləri nələrdir?
Yanğınların səbəbləri təbii hadisələrdən tutmuş insan səhvlərinə qədər uzanır. Əsas səbəblər bunlardır:
Səhlənkarlıq və ehtiyatsızlıq: Piknikdən sonra söndürülməyən manqal odu, siqaret kötükləri və ya küləş yandırılması kimi insan tərəfindən törədilən səhvlər;
Elektrik nasazlıqları: Qısa qapanma, həddindən artıq yüklənmə və köhnə qurğular yanğına səbəb ola bilər;
Təxribat: Bəzi hallarda qəsdən başlayan yanğınlar təəssüf ki, meşələrə və yaşayış sahələrinə ziyan vurur;
Təbii səbəblər: Çox isti hava və aşağı rütubətin birləşməsi nəticəsində ildırım çaxması, otların özbaşına alışması;
Sənaye və kənd təsərrüfatı fəaliyyətləri: Nəzarət olunmayan zavod bacası qığılcımları, kombaynların isti mühərrik hissələrinin quru otlara toxunması.
Yanğından qorunmaq üçün nə etmək olar?
Yanğınların böyük bir hissəsi insanların səhlənkarlığı nəticəsində baş verir. Beləliklə, sadə ehtiyat tədbirləri bir çox fəlakətin qarşısını ala bilər:
Meşə sahələrində od yandırmaqdan çəkinin, lazım gələrsə, onların tamamilə söndürüldüyünə əmin olun.
Piknikdən sonra həmişə yanğınları və közləri su ilə söndürün.
Siqaret kötüklərini yerə atmayın, tamamilə söndürmədən zibil qutusuna atın.
Elektrik qurğularını mütəmadi olaraq yoxlayın.
Evdə yanğınsöndürən saxlayın və ondan istifadə qaydalarını öyrənin.
Meşə yanğınları zamanı həmişə səlahiyyətlilərin evakuasiya xəbərdarlıqlarına əməl edin. Yanğınlar alovun nəzarətsiz qalması nəticəsində yaranır və həm təbiət, həm də insan həyatı üçün böyük təhlükədir. Son illər ölkəmizdə baş verən yanğınlar göstərir ki, maarifləndirmə və ehtiyat tədbirləri həyati əhəmiyyət daşıyır. Yanğının nə olduğunu, necə yaranmasını və təhlükəsizlik qaydalarını bilmək riskləri azaldır və meşələrimizi, kənd təsərrüfatını və sevdiklərimizi qorumağa kömək edir.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
