İqlim dəyişikliyi kənd təsərrüfatına və ərzaq istehsalına təsir edir. İndi mütəxəssislər süd məhsullarının, xüsusilə, pendirin keyfiyyəti və tərkibində dəyişiklik ola biləcəyini qeyd edirlər.

İqlim dəyişikliyi səbəbindən temperatur yüksəlir və yağışlar qeyri-müntəzəm olur. Bu isə heyvanların yediyi otların keyfiyyətinə təsir edir. Otların tərkibindəki zülal, mineral və vitamin dəyişdikcə, inək südündə də fərqlər yaranır və bu, pendirin keyfiyyətinə təsir edir. Ankara Universitetindən Prof. Dr. Esra Yalçın deyir ki, heyvanların yemləri dəyişəndə südün tərkibi də dəyişir və bu, pendirin zülal, yağ və kalsium miqdarının azalmasına səbəb ola bilər.
Fermentasiya prosesi də risk altındadır
Temperatur və rütubətin artması fermentləşdirilmiş məhsulların, xüsusilə pendirin hazırlanmasına təsir göstərə bilər. Pendirin yetişmə prosesində istənməyən mikroorqanizmlər artaraq keyfiyyətə və təhlükəsizliyə zərər verə bilər. Qida mütəxəssisi Nurcan Aydın bildirir ki, bu, pendirin dadını və faydalı bakteriyalarını azalda, həm də qida dəyərini aşağı sala bilər.
Mütəxəssislər iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün yerli yem mənbələrini artırmağı, istixana qazlarını azaldan heyvandarlıq üsullarını tətbiq etməklə istehsal zamanı temperatur və rütubətə nəzarət etməyi önəmli sayırlar.
Bu xəbər pendir sevənlər üçün xoş olmaya bilər, amma qida zəncirimizin iqlimdən nə qədər asılı olduğunu göstərir. Dəyişən iqlimə qarşı diqqətli və davamlı istehsal üsulları ilə bu riskləri azaltmaq hələ də mümkündür.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Dilbər Paşazadə
