Boliviyanın Sucre şəhərində böyük bir sement zavodu fəaliyyət göstərir. Zavod genişləndirilən zaman işçilər təsadüfən üzərində dinozavr izləri olan nəhəng bir qaya aşkar ediblər.
Araşdırmalara görə, bu izlər təxminən 68-70 milyon il əvvələ aiddir. Sahənin uzunluğu 1,2 kilometrdir və burada 12.092 dinozavr izinin qorunub saxlandığı müəyyən olunub. İzin sayına və müxtəlifliyinə görə bu yer dünyanın ən böyük dinozavr izləri sahələrindən biri hesab olunur. İzlər müxtəlif növ dinozavrlara həm ot yeyənlərə, həm də yırtıcılara aiddir.
Ən heyrətamiz məqamlardan biri isə bu izlərin necə gün üzünə çıxdığıdır. Vaxtilə göl yatağı olan bu yer tektonik plitələrin hərəkəti nəticəsində tədricən qaldırılıb və sonunda dik bir uçuruma çevrilib. Beləliklə, milyonlarla il əvvəl palçıqda qalan dinozavr izləri indi sanki nəhəng bir daş divarda açıq-aşkar görünür.
Bu qeyri-adi tapıntı Boliviyada həm yerli əhali, həm də turistlər üçün maraqlı və elmi əhəmiyyətli bir məkana çevrilib. Bu gün həmin ərazidə ziyarətçilər üçün açıq muzey fəaliyyət göstərir və dinozavrların qədim izləri yerində qorunaraq nümayiş etdirilir.
Mənbə: Another History
Tərcümə etdi: Səid Quliyev
