
Bir qrup nəzəriyyəçi elə bir ssenari təsvir edib ki, bu ssenariyə görə, bizim Kainat təkliyin içindən yaranmayıb, daha böyük bir Kainatda yaranmış qara dəliyin içində sıxılmadan genişlənməyə keçib. Müəlliflər iddia edirlər ki, onların hipotezası məlum fizika qanunlarının hüdudlarından kənara çıxmır.
Fiziklər Böyük Partlayış modelini daha məntiqli bir ssenari ilə əvəz etməyi təklif edirlər: Kainat, başqa, daha böyük bir Kainatda maddənin qravitasiya ilə sıxılması nəticəsində yarana bilərdi. Onların versiyasına görə, genişlənmə təkliyin içindən deyil, “tullanma”dan (yəni “atılmadan”) sonra başlayıb – bu, qravitasiyanın sıxmanı dayandırdığı və əks prosesi başladığı an idi.
Tədqiqat müəllifləri hesab edirlər ki, bizim Kainat öz qravitasiya radiusunun daxilində qalır. Kənardan baxıldıqda, o, qara dəlik kimi görünür. Bu nəticə qravitasiya davranışını kvant mexanikası ilə əlaqələndirməyə imkan verir, bunun üçün ekzotik nəzəriyyələrə və yoxlanılmamış hipotezlərə ehtiyac qalmır. Məqalə Physical Review D jurnalında dərc olunub.
Standart model relikt şüalanmanı, qalaktikaların strukturunu və məkanın sürətlənən genişlənməsini izah edir. Lakin bu model qaranlıq maddə və enerjinin mənşəyini izah etmir, böyük partlayış anını aydınlaşdırmır və kvant qanunları ilə uzlaşmır.
Mənbə:hightech
Tərcümə etdi:Fatimə Umarbəy
