Bu gün:

Uğurlu insanların sirri nədir ?


Bir çox insan daha məhsuldar və uğurlu bir həyat sürmək istəyir. Lakin bunu bacaranların sayı çox azdır. Mütəxəssislərə görə fərqi yaradan məhz səhərlər deyil, gecələr edilənlərdir. Uğurlu şəxslərin əksəriyyəti özlərini təşkil edən sadə, lakin təsirli vərdişləri mütəmadi şəkildə tətbiq edir. Üstəlik, bu vərdişlərin əksəriyyəti günə başlamazdan öncə, gecədən etibarən qüvvəyə minir.

Səhərləri dincəlmiş, fokuslanmış və enerjili oyanmaq istəyənlər üçün elm tərəfindən təsdiqlənmiş 5 gecə rutini:

1. Sabahı bu gecə planla

Yatmazdan əvvəl cəmi 5-10 dəqiqəlik planlama, səhəri stresssiz və aydın şəkildə qarşılamanıza kömək edər. Ertəsi gün üçün üç əsas prioriteti müəyyənləşdirmək, görüləcək işləri qeyd etmək, geyimləri hazırlamaq və ya yemək planı qurmaq kimi sadə addımlar səhər qərar vermə yorğunluğunu azaldır. Bu da günə daha nəzarətli və məhsuldar başlamağınıza şərait yaradır.

2. Yatmazdan əvvəl telefondan uzaq ol

Araşdırmalar göstərir ki, ekran işığı melatonin hormonunun ifrazını azaldaraq yuxuya getməni gecikdirir. Telefon ekranına baxaraq yatmaq keyfiyyətli yuxunun qarşısını alır. Mütəxəssislər yatmazdan ən az 30-60 dəqiqə əvvəl rəqəmsal fasiləyə keçməyi tövsiyə edirlər. Bu müddətdə kitab oxumaq, gündəlik yazmaq və ya sadəcə səssizcə oturmaq beyini sakitləşdirir.

3.Sevdiklərinə vaxt ayır

Günün sonunda həyat yoldaşınız, ailəniz və ya ev heyvanınızla keçirdiyiniz qısa, lakin keyfiyyətli zaman əhvalınızı yaxşılaşdırır. Duyğusal bağların gücləndirilməsi təkcə stres səviyyəsini azaltmır, həm də rahat yuxuya və xoşbəxt oyanışa zəmin yaradır.

4.Bədənini yuxuya hazırla

Sakit bir axşam rutini zehni və bədəni yuxuya hazırlayır. Ilıq duş, meditasiya, yüngül gərilmə hərəkətləri, bitki çayı və ya loş işıqda musiqi ilə bir neçə dəqiqəlik sükut həm rahatlaşmanı, həm də yuxuya keçidi asanlaşdırır. Davamlı şəkildə tətbiq olunan özünə qayğı səhər enerjinizi nəzərəçarpacaq dərəcədə artırır.

5. Günə bax, şükr et, yaz

Gecənin sonunda bir neçə dəqiqəlik düşünmə fasiləsi ruhi tarazlığı qorumağa kömək edir. Həmin gün üçün minnətdar olduğunuz bir-iki şeyi yazmaq zehni sadələşdirir, müsbət düşüncəni gücləndirir. Bu vərdiş stress səviyyəsini aşağı salır və diqqəti artırır. Üstəlik, sadəcə bir dəftərə qeyd olunan bir neçə sətir belə zamanla böyük dəyişiklik yarada bilər.

Mənbə: NTV

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et