Bu gün:

Zaman həbsxanası və "qışqıran divarlar" əfsanəsi


Paris şəhəri əsrlərlə Lutetia əhəngdaşı ilə tikilib. Bu daşı çıxarmaq üçün şəhər kənarında çoxlu mədənlər qazılıb. Bu qeyri-rəsmi mədənlər bir çox hallarda sənədsiz qazılıb və tərk edilib. Zaman keçdikcə şəhər genişlənib və bu mədənlərin çoxu Parisin öz ərazisinə düşüb.

1774-cü ildə "Rue d’Enfer" küçəsində bir evin çökməsi nəticəsində şəhərin altındakı vəziyyətin təhlükəli olduğu üzə çıxıb. Kral XVI Lüdovik məsələni araşdırmaq üçün mədən müfəttişliyi xidmətini təsis etdirib.

1780-ci ildə Les İnnosan qəbiristanlığının divarı çöküb və onun arxasında yığılan kütləvi məzar torpağı qonşu evin zirzəmisinə dolub. Bu hadisə şəhər rəhbərlərini qəbiristanlıqları şəhər xaricinə köçürməyə məcbur edib.

Katakombaların qurulması

1785-ci ildə qərara alınıb ki, şəhərin mərkəzindəki sümüklər Tombe-Issoire tunellərinə köçürülsün. Bu yolla həm yeraltı mədənlər möhkəmləndirilib, həm də şəhər gigiyenik baxımdan rahatlaşıb. 1786-cı ilin aprelində, rəsmi açılışdan sonra gecə vaxtı iki il ərzində milyonlarla sümük katakombalara daşınıb. Ən çox köçürülən sümüklər Les İnnosan qəbiristanlığından olub — burda 600 il ərzində 2 milyon insan dəfn olunub.

Ziyarət və daxili görünüş

Ziyarətçilər "Cəhənnəm qapısı" yaxınlığındakı girişdən 19 metr dərinliyə spiral daş pillələrlə enib, 1.5 km-lik dolanbac koridorlarla irəliləyiblər. Girişdə belə yazılıb: "Dur! Bura Ölümün İmperiyasıdır."

Katakombaların içində sümüklər bədii düzülüşlərlə yerləşdirilib, məsələn, tibiyalarla əhatələnmiş ürək şəklində qurulmuş kəllələr, “çəllək” formasında sütunlar və müxtəlif daş oymalar. Ziyarətçilər yeraltı bulaqlar, daş qapılar və gizli keçidlərə aparan dəmir barmaqlıqlarla da qarşılaşıblar.

Qeyri-adi hadisələr

• 1793-cü ildə məmur Filibert Aspair katakombalarda itkin düşüb və 11 il sonra cəsədi tapılıb. Oradaca dəfn olunub.

• II Dünya Müharibəsi zamanı Fransız Müqaviməti və Nasistlər katakombaları bunkerlər kimi istifadə ediblər.

• 2004-cü ildə polis yeraltı bir zaldakı gizli kino teatrı aşkar edib — ekran, oturacaqlar, restoran, bar və elektrik sistemi ilə tam təchiz olunub. Kim tərəfindən qurulduğu bilinmir.

• 2015-ci ildə Airbnb şirkəti reklam məqsədilə bura gecə qalmaq üçün müştərilər göndərib.

Katakombaların bəzi yerlərində qeydə alınan hadisələrə görə, bəzən səsin öz-özünə çoxaldığı, zaman anlayışının itdiyi, saatların dayanıb, insanlar arasında halüsinasiyalar baş verdiyi iddia olunub. Xüsusilə müəyyən sahələrdə "divarların qışqırdığı" barədə katakomba araşdırmaçıları tərəfindən qeyri-rəsmi videolar və hesabatlar yayılıb.
Bəziləri bu zonalara "zaman həbsxanası" deyir, çünki burada zamanın normal axmadığını, yaddaş pozuntusu və psixoloji sarsıntılar yaşandığını bildiriblər.

Mənbə: WordPress.com

Tərcümə etdi: Arzu Qafarova

Paylaş
Şərh əlavə et