Bu gün:

“Biz vaxtında distant təhsil üçün baza formalaşdırmalı idik” - Elçin Əfəndi ilə MÜSAHİBƏ


24Media-nın növbəti müsahibi təhsil üzrə ekspert, mütəxəssis Elçin Əfəndidir.

Mövcud vəziyyət ilə bağlı nələr deyə bilərsiniz?

- Mövcud vəziyyət elə bir görüntü yaradıb ki, "Sabah nə baş verməyəcək?" sualı ilə qarşı-qarşıya qalmışıq. Məlum pandemiyanın dövrü, insanların psixoloji gərginliyi, işsizlik və qlobal güclərin siyasi-iqtisadi gedişatları xaotik vəziyyət yaratmaqla yanaşı, insanların yaşam harmoniyasını da pozub. Bütün bunlar özünü hər bir sferada göstərir. Amma daha çox, təbii ki, təhsil, iqtisadiyyat və sosial müdafiəyə siraət edir.

Sizcə, koronavirus həyatımızda ən çox hansı sahəyə təsir etdi?

- COVID-19 virusu həyatımıza ən çox iqtisadi və təhsil sarıdan təsirini göstərdi. İnsanların maddi durumunun ürəkaçan səviyyədə olmaması ilə yanaşı, bir də təhsilin ənənəvi üsulla tədrisinin mümkünsüzlüyü çox ciddi sıxıntılara, psixoloji gərginliyə səbəb olub.  Ölkə başçısının təbirincə desək: "Biz birlikdə güclüyük!"

Virusun təhsil sahəsinə zərbəsini necə qiymətləndirirsiniz?

- Virus təhsil sahəsinə çox ciddi zərbə vurdu. Bu zərbənin miqyası ölçülməz dərəcədə böyükdür. Bunun fəsadını həm qəbul imtahanlarında, həm də digər müsabiqələrdə görməmək mümkün deyil. Nəticələr ötən illərlə müqayisədə ürəkaçan deyil. Bunun da başlıca səbəbi vaxtında ölkəmizdə distant təhsil üsulunun qəbul edilməməsi və bu sahədə iş görülməməsidir. Biz bu günü görüb vaxtında məhz distant formalı təhsilin tədrisi üçün baza formalaşdırmalı idik. Əgər biz 5-10 il əvvəl bu sahədə baza yaratsaydıq, bu gün baş verən zərərlərin miqyası çox kiçik və hiss edilməyəcək dərəcədə olardı.

Təhsil eksperti olaraq ölkəmizdəki təhsilin səviyyəsi barədə düşüncələriniz nələrdir?

- Təhsil sahəsində çalışan mütəxəssis olaraq deyə bilərəm ki, hazırda ölkəmizdəki təhsil səviyyəsi inkişaf etmiş ölkələrin təhsil səviyyəsindən çox geridə qalır. Bunun da başlıca səbəbi proqramların mənimsədilmədən əvvəl tətbiqidir. Məsələn, biz kurikulum təhsilini tətbiq etdik, amma bu sahədə o qədər problem var ki, bunları həll etmək uzun zaman alır. Kurikulum təhsil metodunun əvəzinə Finlandiya təhsil sistemini və ya STEAM təhsil formasını, həmçinin də Yaponiya təhsil sistemini tətbiq etməli idik.
Bütün bunlarla yanaşı, o qədər ölü ixtisaslar var ki, əmək bazarında onlara artıq tələbat yoxdur. İxtisasların bir çoxu köklü şəkildə dəyişilməlidir. Yeni ixtisaslara üstünlük verilməlidir. Kadrlar hazırlanmalıdır. Bu gün təhsildə tədris verən elə müəllimlərimiz var ki, onlar informasiya texnologiyalarından geridə qalıblar. Bu şəxslər ağıllı lövhələrlə işləyə bilmirlər. İşləyə biləcək və İT sahəsi üzrə biliyə sahib olan kadrlar da azdır. Bu isə vəziyyətdən çıxış yolu deyil. Hər kəs bilməli və tətbiq etməlidir.
Başqa problemlər də var. Onları indi saysam gərək vaxt uzun çəkə. Başqa bir müsahibədə hamısını açıqlayaram.

Kurikulum, yoxsa ənənəvi təhsil forması?

- Fikrimcə, heç biri. Artıq STEAM təhsil sistemi tətbiq olunmalıdır. Şagirdləri, tələbələri yükləmək lazım deyil. Onlara kağız və ya dəmir vermək lazımdır ki, ondan nə cür istifadə edəcəklərini bilək. Əgər istifadə edə bilmirlərsə, öyrədək. Nə kurikulum, nə də ənənəvi sistem öyrədici deyil, əzbərçilikdir. Amma bizə bunlar lazım deyil. Bizə bilik və bacarıqları eyni zamanda tətbiq edəcək öyrədici sistem lazımdır.

Yeni məzun olmuş abituriyentlərə nələrə diqqət etmələrini məsləhət görərsiniz?

- Abituriyentlər qarşıdakı günlərdə imtahanlar verəcəklər. Hər birinə, əvvəla, uğurlar arzu edirəm. İkincisi, imtahanda həyəcanlı olmamağı, suallarla işləyərkən diqqətli olmağı, eləcə də vaxtdan düzgün istifadə etməyi tövsiyə edirəm. İmtahan prosesindən sonra isə müsabiqə zamanı əmək bazarında ehtiyac olan ixtisasları seçmələrini uyğun bilirəm.

Müəllimlərin sertifikasiyası barədə nə deyə bilərsiniz?

- Müəllimlərin sertifikasiyası əslində onların bilik və bacarıqlarının qiymətləndirilməsi üçün irəli sürülən bir müsabiqədir. Amma burada şəffaflıq olarsa, olduqca mütərəqqi nəticələrini görə bilərik. Hansı ki, suallarınızın birində qeyd etdiyim kimi, məhz indiki dövrün tələblərinə cavab verə bilməyənlərin təhsildən kənarlaşdırılması gözəl addım olardı. Amma onlara da elə təqaüd verilməlidir ki, illərlə çəkdikləri əziyyətin bəhrəsini görsünlər. Bu, vacibdir.

Qarabağ məsələsi ilə bağlı nə deyə bilərsiniz?

- Bizim təhsil və digər sahələrdən də böyük, hətta qlobal olan ən ağrılı problemimiz məhz erməni işğalçıları tərəfindən Dağlıq Qarabağla birgə işğal olunmuş 7 rayonumuzdur. Çox təəssüf ki, BMT-nin qəbul etdiyi qətnamələrə məhəl qoymayan işğalçı Ermənistan indiki halda da yenə işğalçılıq siyasətini yürüdür və dinc əhaliyə, sərhədlərimizi qoruyan hərbçilərimizə qarşı odlu silahlardan istifadə edirlər. Bütün bunlara isə biz ATƏT-in Minsk qrupu kimi səssiz qala bilmərik. Əgər o qurum bir işə yaramırsa, o zaman Azərbaycan ordusu və xalqı öz müqəddəratını həll edəcək. Tezliklə ərazilərimiz düşmən tapdağından azad olunacaq. Biz qan tökmədən işğalçı ölkədən ərazilərimizi qeyd-şərtsiz boşaltmasını tələb edirik. İşğalçı Ermənistan və onun hazırkı işəyaramaz iqtidarı düşünməlidir ki, indiki Ermənistan ərazisi qədim Azərbaycan torpaqlarıdır. Biz ərazilərimizin bərpası üçün ayağa qalxsaq, o zaman tarixdə yeni yaranmış Ermənistan adlı dövlət birdəfəlik tarixin yaddaşına gömüləcək. Düşünürəm ki, bizim peşəkar ordumuz bunlara qadirdir.

Bəs mənim soruşmadığım, amma sizin cavablandırmaq və ya qeyd etmək istədiyiniz nə isə var?

- Əslində çox məsələlər var ki, danışmaq və həlli üçün təkliflər vermək olar. Burada bu gün üçün zəruri olanlara aydınlıq gətirdik. Fikrimcə, indi üçün də bu lazımdır.

Paylaş
Şərh əlavə et