Stanford alimləri qan damarları olan mini-ürəklər yaradıb.
Stanford Universitetinin alimləri laboratoriyada yaradılan orqanoidlərin – insan orqanlarını təqlid edən hüceyrə qruplarının – yaşamasını uzun müddət təmin edən əsas problemi həll ediblər. Bu “mini-ürəklər” və “mini-beyinlər” insan orqanlarını təqlid edir və alimlərə xəstəlikləri, dərman təsirlərini və inkişaf proseslərini daha dərindən öyrənməyə imkan yaradır.
Əvvəllər bu orqanoidlərdə qan damarları olmadığı üçün onlar müəyyən ölçüdən sonra inkişaf edə bilməyib. Ancaq “Science” jurnalında dərc olunan son tədqiqatda Stanford komandası damar sistemi olan döyünən ürək orqanoidləri yetişdirməyə nail olub. Bu kəşf dərmanların sınaqdan keçirilməsi və fərdi tibbin inkişafı üçün yeni imkanlar açır.

Professor Joseph Wu bildirib ki, bu orqanoidlər fərdi müalicə üsullarının hazırlanmasında istifadə oluna bilər. 16 günlük inkişafdan sonra bu mini-ürəklər, insan embrionunun təxminən 6,5 həftəlik ürəyi ilə oxşar hüceyrə tərkibinə sahib olub və döyünməyə başlayıblar.
Alimlər bu orqanoidləri pluripotent (yəni hər cür hüceyrəyə çevrilə bilən) kök hüceyrələrdən hazırlayıblar. Bu hüceyrələrin düzgün siqnal molekulları ilə təsiri nəticəsində onlar ürək toxumasına çevrilib və qan damarları yaradılıb. Bu məqsədlə xüsusi “mikronaxış” üsulu və dairəvi böyümə formaları istifadə edilib.
Alimlər eyni metodla qaraciyər orqanoidlərində də damar şəbəkəsi qurmağı bacarıblar. Araşdırmalar həmçinin süni orqanların fentanil kimi maddələrin ürək inkişafına necə təsir etdiyini araşdırmaq üçün də istifadə oluna biləcəyini göstərir.
Michigan Dövlət Universitetindən professor Aitor Aguirre və digər mütəxəssislər bu kəşfi sahədə böyük irəliləyiş adlandırıblar. Onlar qeyd edir ki, damar şəbəkəsi hələlik qan axını təmin etmir, lakin bu istiqamətdə növbəti mərhələlər planlaşdırılır.
Gələcəkdə bu texnologiya sayəsində şəxsi genetikaya uyğun orqanoidlər hazırlanaraq dərman sınaqları insanlara uyğunlaşdırıla bilər. ABŞ Qida və Dərman Administrasiyası (FDA) artıq heyvanlar üzərində testlərin azaldılaraq orqanoidlərdən istifadəyə keçid planlarını açıqlayıb.
“Bu artıq elmi fantastika deyil”, – deyə professor Wu bildirib.
Mənbə: bbc
Tərcümə etdi: Aysu Əsgərzadə
