Cinayətlə mübarizədə ən çox müzakirə edilən üsullardan biri cəzaların sərtləşdirilməsidir. Bununla belə, ictimaiyyət tərəfindən tez-tez verilən sual hələ də aktualdır: Cəzalar sərtləşdikcə cinayət nisbətləri həqiqətən azalırmı?
Son illərdə bir çox ölkədə müəyyən cinayətlərə görə cəzaların artırılması üçün hüquqi tənzimləmələr tətbiq edilib. Xüsusilə qadınlara qarşı zorakılıq, cinsi cinayətlər, narkotik ticarəti və mütəşəkkil cinayətkarlıq sahələrində daha sərt cəzalar qüvvəyə minib. Bu siyasətlərin əsaslandırması sərt cəzaların potensial cinayətkarlar üçün çəkindirici təsir göstərəcəyi ehtimalıdır.
Lakin ekspertlər bu yanaşmanın heç də həmişə gözlənilən nəticəni vermədiyini qeyd edirlər. Kriminologiya mütəxəssisi Prof. Dr. Ayşe Karaman cinayət nisbətlərini azaltmaq üçün təkcə cəzaların kifayət etmədiyini bildirir:
"Cəzaların artırılması qısa müddətdə cəmiyyətdə inam yaratsa da, onların uzunmüddətli təsirlərinin məhdud olduğunu görürük. Cinayətkarlıqla mübarizədə təsirli olan əsas amillər təhsil səviyyəsi, məşğulluq imkanları, ədliyyə sisteminə inam və sosial dəstək mexanizmləridir".
Ədliyyə Nazirliyinin məlumatına görə, 2020-2024-cü illər arasında bəzi cinayət növlərinə görə cəzaların artırılmasına baxmayaraq, cinayətlərin sayında ciddi azalma müşahidə olunmayıb. Məsələn, həbs cəzasının iki dəfə artırıldığı oğurluq cinayətlərində təkrar cinayət nisbəti 37% səviyyəsində qalıb.
Bunun əksinə olaraq, Norveç və Hollandiya kimi ölkələr cəza müddətini artırmaq əvəzinə reabilitasiya və reinteqrasiya proqramlarına sərmayə qoymaqla cinayət nisbətlərinin əhəmiyyətli dərəcədə azalmasına nail olublar.
Təbii ki, cəzaların tamamilə təsirsiz olduğunu demək olmaz. Xüsusilə kortəbii və planlaşdırılmamış cinayətlərdə deyil, əvvəlcədən planlaşdırılmış cinayətlərdə cəzanın şiddəti cinayətin olub-olmamasına təsir edə bilər. Lakin bu təsirin məhdud olduğu və kontekstdən asılı olaraq dəyişdiyi vurğulanır.
Nəticə etibarı ilə ədalət mühakiməsinin effektivliyi, cəmiyyətdə bərabərsizliklərin azaldılması, cinayətin kökünə sıçrayan siyasətin inkişafı cəzaların şiddəti qədər önəmlidir. Təkcə “cəzanın artırılması” anlayışı cinayətlə mübarizədə həll yolu olmaqdan uzaq görünür.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Dilbər Paşazadə
