Pixar-ın yeni cizgi filmi Elio-da bir oğlan Yer planetindən kosmosa aparılır, lakin film özü “uçuşa” keçə bilməyib. Film ABŞ-də ilk həftəsonunda cəmi 21 milyon dollar (15 milyon funt sterlinq), dünya üzrə isə cəmi 14 milyon dollar (10 milyon funt sterlinq) qazanıb ki, bu da Pixar tarixində ən zəif açılışdır. 
DreamWorks-un “How to Train Your Dragon” filmi artıq bir həftə əvvəl çıxsa da, iki dəfə çox bilet satıb. Hətta Danny Boyle-un iPhone-la çəkilən zombi filmi “28 Years Later” belə daha çox tamaşaçı cəlb edib. Keçən il bu vaxtlar hər şey tam fərqli idi. 2024-cü ilin iyununda Pixar-ın əvvəlki filmi “Inside Out 2” artıq 1,7 milyard dollara yaxın gəlir əldə edib və 2024-cü ilin ən böyük filmi olub. Təkcə o deyil. “Times” qəzeti ötən ilin dekabrında 2024-cü ili “ailə filmləri üçün yeni dövr” adlandırıb və pandemiya dövrünün durğunluğunun başa çatdığını elan edib. Məqalədə göstərilən digər populyar ailə filmləri arasında “Despicable Me 4”, “Moana 2”, “Mufasa: The Lion King” və “Sonic the Hedgehog 3”də var idi. Bu filmlər birlikdə təxminən 6,85 milyard dollar gəlir gətirib.
Bu il uğur qazanan uşaq filmləri arasında “Minecraft Movie”, həmçinin “Lilo & Stitch” və “How to Train Your Dragon” filmlərinin canlı/CGI remeykləri var.
New York Times qəzetində Brooks Barnes yazır ki, “Ruby Gillman: Teenage Kraken” və “Migration” kimi filmlər 2023-cü ildə aşağı gəlir gətirib. Disney-in 100 illik yubiley üçün çəkdiyi “Wish” də uğursuz olub. 2022-ci ilin “Strange World” filmi isə Disney-in tarixində ən böyük iflaslardan biri sayılır. Pixar-ın “Onward” filmi 2020-ci ildə zəif nəticə göstərib. “Soul” və “Turning Red” isə kinoya çıxmadan birbaşa Disney+ platformasında yayımlanıb.
Mənbə: Bbc news
Tərcümə etdi: Nigar Muştaqova
