Bu gün:

Mütəxəssislər isti havada yatmağın effektiv üsulu araşdırıblar


Yüksək temperatur səbəbindən bir çox insan gecə yuxusuzluq yaşayır. Tədqiqatlar göstərib ki, yatmazdan əvvəl corab geyinmək yuxuya getməyi asanlaşdırır, yuxunun keyfiyyətini yaxşılaşdırır və daha uzun müddət fasiləsiz yatmağa imkan verir.

2025-ci ilin yayında ilk isti dalğası ilə müşahidə olunan Avropada yüksək temperatur səbəbindən bir çox insanlar gecələr yatmaqda çətinlik çəkirlər. Araşdırmalar göstərib ki, yatmazdan əvvəl corab geyinmək yuxuya getməyi asanlaşdırır, yuxunun keyfiyyətini yaxşılaşdırır və daha uzun müddət fasiləsiz yuxuya getməyə imkan verir.

Yuxu üzrə mütəxəssis, Hollandiya Neyrologiya İnstitutundan professor Eus van Somerenin sözlərinə görə, beyin təkcə bədən istiliyini tənzimləmir, həm də dərinin temperaturunu “yuxu siqnalı” kimi qəbul edir. İsti ayaqlar beyinə yatmaq vaxtının gəldiyini bildirir.

Normalda, bədən yatmazdan əvvəl vazodilatasiya yolu ilə istilik buraxaraq soyuyur. Corab geyinmək bu vazodilatasiyanı təqlid edir və beyni bu prosesin başladığını düşünməyə aldadır. Nəticədə əsas bədən istiliyi aşağı düşür. Bu, yuxuya getməyi asanlaşdırır.

Yuxu üzrə alim Doktor Maykl Qradisar da Daily Mail-ə bildirib ki, bu üsul Raynaud sindromu və zəif qan dövranı kimi problemləri olan insanlar üçün daha da faydalı ola bilər.

2018-ci ildə aparılan bir araşdırma 23 dərəcədə corab geyinən insanların orta hesabla 7,5 dəqiqə daha tez yuxuya getdiyini və gecə ərzində yeddi dəfə az oyandığını müəyyən edib.

Metoddan ən effektiv necə istifadə etmək olar?

Yatmazdan bir saat əvvəl ayaqlarınızı isitmək bədən istiliyinin aşağı salınması prosesinə erkən başlaya bilər.

Ancaq corablarda nəfəs alan təbii liflərə üstünlük verilməlidir.

Corablar sizi yuxuya hazırlamağa kömək edə bilər, lakin temperatur yüksəldikcə sizi oyandıra da bilər. Gecədən sonra onları çıxarmaq yaxşı bir fikir ola bilər.

Doktor Qradisar həmçinin otağı sərin saxlamağı və mümkünsə kondisionerdən istifadə etməyi tövsiyə edir. Ayaqları isti və bədəni sərin saxlamaq yuxu üçün ideal temperatur tarazlığını təmin edir.

Yataqda corab geyinməyi narahat hesab edirsinizsə, isti duş və ya ayaq hamamı ilə oxşar effekt əldə edə bilərsiniz. Yatmazdan 1-2 saat əvvəl ayaqlarınızı 20 dəqiqə 40 dərəcə suda islatmaq orta hesabla 10 dəqiqə tez yuxuya getməyinizə kömək edə bilər.


Mənbə: Gazeteoksijen

Tərcümə etdi: Sona Osmanova 

Paylaş
Şərh əlavə et