Bu gün:

Londonu boğan ölümcül duman


1952-ci ilin dekabrın 5-də, İngiltərənin London şəhərində insanlar qalın smokun havasını udduqdan sonra tənəffüs problemləri yaşamağa başlayıblar. Bu ölümcül hava hadisəsi – Böyük Smok demək olar ki, bir həftə davam edib və 4,000 ilə 10,000 nəfər arasında insanın ölümünə səbəb olub.

Smok sənaye tullantıları və təbii hava şəraiti nəticəsində yaranıb və hava çirklənməsi növüdür. Londonun elektrik və istilik üçün daş kömürlə işləyən elektrik stansiyarından və ictimai nəqliyyat üçün dizel mühərrikli avtobuslardan asılı olması böyük smoku yaradan əsas amillərdən biri olub.

Londonun hava şəraiti də böyük smoka səbəb olub. Şəhər böyük bir çay vadisində yerləşib, bu da hava dövranını məhdudlaşdırıb. Bundan əlavə, hadisədən bir gecə əvvəl bölgəni soyuq hava kütləsi örtüb, vadidəki daha isti havanı aşağıda saxlayıb. Bu isti hava isə evlərdən, avtomobillərdən və fabriklərdən çıxan çirklənmə ilə zəngin olub.

1952-ci ilin böyük smoku Birləşmiş Krallığı hava çirkliliyi ilə bağlı daha sərt qanunlar qəbul etməyə vadar edib. Dünyadakı bir çox şəhər havadakı çirkliliyi azaltmağa çalışıb. Lakin smok hələ də Meksika, Pekin və Los-Anceles kimi şəhərlərdə ciddi problem olaraq qalmaqda davam edir.


Mənbə: National Geographic Society 

Tərcümə etdi: Arzu Qafarova 


Paylaş
Şərh əlavə et