Bu gün:

Repetitor: Şəhərdən uzaq ərazidə yerləşən bölgələrdə sakinlərin xarici dilə olan marağı son illərdə artmaqdadır


Qloballaşan dünyada kommunikasiya əsas anlayışlardan birinə çevrilib.

Ölkələr arasındakı ünsiyyətdə önəmli yerə malik olan ingilis dilinin ölkəmizdəki məktəblərdə hansı səviyyədə tədris olunduğunu 7 ildən çoxdur ki, bölgələrin birində kursda repetitor kimi fəaliyyət göstərən Əhəd Məmmədovdan soruşduq.

Hər ötən gün televiziyada, radioda və sosial mediada ingilis dilinin önəmli olduğunu diqqətə çatdırırlar. Sizcə, ingilis dilini müasir dövrdə önəmli edən hansı amillərdir? 

Mediada mütəmadi olaraq xarici dilin, xüsusən də ingilis dilinin önəmindən danışılır. Fikrimcə, bu haqlı məsələdir. Çünki, müvafiq qurum və şəxslər gənclərin öz gələcəklərini inşa etmələri üçün ingilis dilinə ehtiyaclarının olduğunu anlayırlar. Əslində hazırki dövr üçün bu normaldır. Hazırda bir çox ölkələrlə kommunikasiyanın qurulmasında rahat yol kimi ingilis dilinə müraciət edilir. İngilis dilinin önəmini artıran məsələlərdən biri də geniş iş imkanlarının olmasıdır. Yəni, bir gənc ingilis dilini bilirsə və sahəsi üzrə müvafiq bilgilərə sahibdirsə, həmin şəxs özünə normal iş tapa bilər. 

 İngilis dilinin tədrisində məkan amili nə dərəcədə rol oynayır? 

İngilis dilinin tədrisində şəhər və şəhərdən kənar bölgələr deyilən qütblər yaranıb. Hansı ki, tədris birində digərinə nisbətən normaldır. Amma tələbatı tam ödəyən yararlı məktəblər şəhərlərdə çox az saydadır. Düşünürəm ki, rayon mərkəzlərində və şəhərlərdə xarici dilin tədrisi şəhərdən kənar ərazilərə nisbətdə bir qat daha yaxşıdır. Hətta, mən buna əlavə olaraq ucqar kəndləri misal göstərə bilərəm. Həmin ərazilərdə ümumiyyətlə ingilis dilinin tədrisindən danışmaq absurd olar. Çünki həmin ərazilərdəki məktəblərdə ingilis dilinin, ümumilikdə isə xarici dilin tədrisi üçün yetərli və tam faydalı mənbələr, ədəbiyyatlar yoxdur. Hesab edirəm ki, bu da zamanla qaydasına düşəcək. Çünki Müəllimlərin İşə Qəbulu imtahanında uğurlu nəticə əldə etmiş çox sayda gənc müəllim var. Onlar çalışmaq istədikləri ərazilərdə və ya oraya yaxın yerlərdə iş tapa bilmədikdə ucqar kəndlərdəki məktəblərdə işləmək məcburiyyətində qalırlar. Bu isə oradakı təhsil səviyyəsinin müsbətə doğru dəyişəcəyinə ümid yaradır. 

 Bölgələrdə, qəsəbələrdə və rayon mərkəzlərindən uzaq ərazilərdə məskunlaşan sakinlər ingilis dilinin tədrisində nə qədər aktiv iştirak edə bilirlər? 

Əslində öncəki sualın cavabını da müəyyən qədər bu suala aid etmək olar. Eyni zamanda başqa bir məqamı da qeyd etmək istəyirəm. Şəhərdən uzaq ərazidə yerləşən bölgələrdə sakinlərin, tələbələrin xarici dilə olan marağı son illərdə artmaqdadır. Buna isə hazırki dövrdə iş imkanları, müxtəlif mədəniyyətləri araşdırmaq və xaricdəki insanlarla rahat ünsiyyət qurmaq şansının olması nümunə ola bilər. 

İngilis dilinin tədrisində hansı çətinliklərlə qarşılaşmısınız? 

Kursda repetitor kimi fəaliyyət göstərdiyim dövrdə ən çox qarşılaşdığım problemlərdən biri də şagirdlərin ingilis dilindən ibtidai qrammatika bilgilərinin çox aşağı olmasıdır. Düşünürəm ki, şagirdlər təməl qrammatik qaydaları bilməlidirlər. Bundan sonra isə dil öyrənmə prosesi daha rahat şəkildə irəliləyə bilir. Şagirdlərin təməl qrammatik bilgilərdən xəbərsiz olması müəyyən dərəcə də şagirdlərin öz günahlarıdır. Çünki şagirdlər 11 illik təhsil müddətində ən azından 4-5 təməl qrammatik qaydanı mənimsəyə bilmirlərsə, daha doğrusu, cəhd etmirlərsə, burada onların da həvəssizliyi və etinasızlıqları var. Aydın məsələdir ki, məktəblərdəki xarici dilin tədrisi çox aşağı səviyyədədir. Amma şagird bunu bəhanə gətirib bir yerdə dayanmalı deyil. Özü də öyrənməyə, araşdırmağa cəhd etməlidir. 

Hazırda məktəblərdə olan dil öyrənmə metodu nə dərəcədə effektivdir? 

Məsələyə ümumi yanaşsaq, məktəblərdə dil öyrənmə metodu deyilən anlayış yoxdur. Həmin dərs proqramları heç ali məktəblərə qəbul proqramları ilə uyğunlaşmır. Abituriyent bunun üçün əlavə olaraq repetitor tutmalıdır. Bu isə məktəblərin nə üçün fəaliyyət göstərdikləri sualını ortaya çıxarır. Məktəblər bir ara universitetlərə qəbul olan şagirdləri edirdilər. Lakin mən inanmıram ki, bir abituriyent orta məktəblərdə olan dərs vəsaitləri ilə ali məktəblərə qəbul imtahanlarına tam formada və əlavə mənbəyə ehtiyac duymadan hazırlaşa bilirlər. Ölkədə hər ötən gün repetitor hazırlığı üçün fəaliyyətə başlayan kursların sayının artması da buna sübutdur. 

 Ölkədə fəaliyyət göstərən səfirliklər, beynəlxalq təşkilatlar şəhərdən uzaq yerlərdə ingilis dilinin tədrisində hansı addımları atırlar? 

Hazırda Azərbaycanda fəaliyyətdə olan bəzi səfirliklər və beynəlxalq təşkilatlar mütəmadi olaraq ingilis dilinin tədrisi və təşviqi ilə bağlı layihələr hazırlayır. Amma bu kütləvi şəkildə gerçəkləşmir. Bunun daha çox insana çatmasının insanların dil mənimsəmək bacarıqlarını inkişaf etdirə bilməkləri üçün faydalı olacağını düşünürəm. 

 Son sual isə budur. İngilis dilini öyrənmək üçün hansı addımları izləmək lazımdır, hansı mənbələr bu işdə insanlara yardım edə bilər? 

Məncə, qrammatik bilgilər, çoxlu sayda xarici kitab oxumaq, video izləmək və ən əsası xarici ölkə vətəndaşlarının olduğu mühitlərdə olmaq dilin mənimsənilməsində və inkişaf etdirilməsində əsas faktorlardandır. Amma heç kəsə sirr deyil ki, dil daim aktiv olmalıdır. Onu nə qədər istifadə etməsən, bir o qədər yaddan çıxartmaq da asan olur. Hazırda xarici dil öyrənmək üçün internetdə müxtəlif materiallar və platformalar mövcuddur.

Lətif İsmayılov

Paylaş
Şərh əlavə et