Bu gün:

İntihara meyillilik genetik ola bilər


Son illərdə elm adamlarının apardığı genişmiqyaslı tədqiqatlar intihar meyilliliyinin yalnız psixoloji travmalar və sosial təzyiqlərlə yox, genetik miras, beyin strukturlarındakı dəyişikliklər və immun sisteminin reaksiyaları ilə də əlaqəli ola biləcəyini ortaya qoyub. Bu, intihar mövzusunda elmin illərlə gecikmiş yanaşmasına işıq salır.

Genetik amillərin gücü: 50%-ə qədər irsi təsir

1930-cu illərdən bəri aparılan əkiz tədqiqatları intihar davranışında genetik təsirin 30-55% arasında olduğunu göstərsə də, bu məlumatlar uzun müddət nəzərə alınmayıb. Lakin son illərdə biobanklarda 50 mindən çox insanın genomu analiz edildikdən sonra bu ehtimallar sübut olunub.

2023-cü ildə aparılan genetik tədqiqatda, təxminən 1 milyon insanın DNT-si araşdırılıb və 16 mühüm genetik risk nöqtəsi aşkar edilib. Bu nöqtələrin bir çoxu beynin stresslə mübarizə, emosional tənzimləmə və immun sistemi ilə əlaqəli genlərinə aiddir.

Beyin görüntülərində “fren sistemində” pozuntu

MRI görüntüləmələr göstərir ki, intihara cəhd etmiş şəxslərin beynində, xüsusilə ventrolateral prefrontal korteks və anterior singulat bölgələrində həcm azalması və sinir bağlantılarında zəifləmə müşahidə olunub. Bu sahələr qərarvermə və təhlükə analizində vacib rol oynayır. Yəni bu fərdlər kritik anlarda özünü saxlamaqda və emosional reaksiya verməkdə çətinlik çəkirlər.

Əldə edilən məlumatlara görə, bədəndəki iltihab (enflamasiya) göstəricilərinin artması, beyində ümidsizlik və depressiya əlamətlərini gücləndirə bilər. Bu o deməkdir ki, fiziki vəziyyətlə psixoloji vəziyyətin arasında birbaşa əlaqə mövcuddur.

Alimlər bildirir ki, bu bioloji əlaqələrin bir çoxu 1990-cı illərdə aşkarlansa da, genom analizləri və böyük miqyaslı MRI görüntüləmələr aparılmadığı üçün nəticələr elmi ictimaiyyət tərəfindən ciddi qəbul edilməyib. Lakin son beş ildə əldə olunan məlumatlar yeni bir dövrün başlandığını göstərir.

Hazırda elm adamları poligenik risk skaneri və real vaxtda beyin fəaliyyəti izləmə cihazları üzərində işləyirlər. Eyni zamanda immun sistemindəki iltihabın azaldılması ilə bağlı bioloji dərmanların klinik sınaqları davam edir.

Bu araşdırmaların məqsədi – intihara meyilli şəxsləri daha erkən mərhələdə müəyyənləşdirmək, onların həyatına vaxtında müdaxilə etmək və bu sahədəki elmi gecikmənin doğurduğu faciələrin qarşısını almaqdır.

Mənbə: Buzz feed

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et