Bu gün:

“Söz Allahın yer üzündəki əksidir” - gənc şair Ağarza Elçinoğlu ilə MÜSAHİBƏ


Budəfəki müsahibimiz “Hər yan xatirədir” şeirlər kitabının müəllifi, gənc şair Ağarza Elçinoğludur.

İlk şeirinizi nə vaxt yazdığınızı xatırlayırsınız?

- Əlbəttə, yaxşı yadımdadır. 2-ci sinifdə oxuyurdum, ana dili müəllimimiz Vətən - Azərbaycan adı gələndə ilk ağlımıza gələnləri yazmağımızı istədi bizdən. Sinif yoldaşlarım müəllim deyən kimi vərəq götürüb ölkəmizi necə təsvir etdiklərini inşa kimi yazıb müəllimə apardılar. Mənim isə ağlıma ilk işğalda olan torpaqlarımız, Qarabağ gəldi və mən də bir şeylər yazıb tez apardım. Sıra mənim yazımı oxumağa çatanda müəllim dedi: "Baxın, uşaqlar, sinif yoldaşınız Ağarza şeir yazıb". Onda bildim ki, ilk şeirim özümün də bilmədən, fəqət ürək yanğısı ilə yazdığım “Vətən” adlı şeir imiş.

Deyirlər ki, sözlə bizim aramızda bir uçurum yaranıb. Ümumiyyətlə, bir qələm adamı kimi söz sizin üçün nədir?

 - Düşünürəm ki, o uçurum mərhum xalq şairimiz Bəxtiyar Vahabzadədən sonra yarandı. Ona görə ki, məhz o, yeni dövr ədəbiyyatının zirvəsinə çıxdı və ondan sonra heç kim həmin zirvəyə qalxa bilmədi.

Söz Allahın yer üzündəki əksidir. Söz gücdür. Səməd Vurğunun da dediyi kimi: “Şairin sözü insan qüvvəsinin sərkərdəsidir”. Biz əgər istəyiriksə sözlə aramızda olan uçurumu bərpa edək, gərəkdir ki, köklü şəkildə özümüzü dəyişək. Söz sahibi haqdır, haqq da sözdür. Öncə biz həm haqqımıza, həm də haqlarımıza sahib çıxıb onu qorumalıyıq. İkincisi, sözün yer üzündə olan sahiblərinə hörmət və sayğı göstərilməlidir. Onlar da düşünürəm ki, sözü bizə öyrədən müəllimlər və ən əsası söz ustadı olan şairlərdir. 

 Şair ilham pərisini nə vaxta qədər qoruya bilər?

 - Şah Şəhriyarın bir sözü var: “Şair ola bilməzsən, anan doğmasa şair”. Həqiqətən də belədir. Əgər o, əsl şairdirsə, onun ilham pərisi heç vaxt onu tərk etməz, şair ömrü boyu ona sadiq qalar.

 Ruh düşkünlüyü yaşadığınız vaxtlar olurmu?

- İnsanın bu dünyada yaşaya bilməsi üçün mütləq onun həyatında təzadlar olmalıdır. Xeyirlə şər, sevinclə kədər, sevgi və nifrət və s. kimi hallar ömrümüzü mənalandırır. Ruh yüksəkliyi ilə ruh düşkünlüyü də belədir. Bəzən insan qəhqəhə çəkib güldüyü yerdə də yadına hansısa hadisə düşüb kədərlənə bilər. Həyatdır, sevinci qədər əzabı da şirindir. Bu mənada, şübhəsiz ki, ruh düşkünlüyü biz şairlərdən də yan keçmir. və o anda da ilham pərim məni tərk etmir. Gördüyünüz giley-güzarlı şeirlərim, satiralarım, yəqin ki, ruh düşkünlüyümün bəhrəsidir. Düşünün ki, həyat bir pianodur, qara dilləri kədəri, ağlar isə sevinci əks etdirir. Həyatı mənalı yaşamaq üçün isə insan o dillərin hər ikisinə toxunmalıdır.

 Şeir yazanda sizə ən çox  dəstək verən kim olur?

- Bilirsiniz, bu, elə bir şeydir ki, tənqidlərə, mənfi rəylərə baxmayaraq nəsə səni məcbur edir ki, yazasan. Yəni sənə dəstək verməsələr belə yazacaqsan. Amma insanın ailəsi, eyni zamanda onun gerçək sevgisi heç vaxt onu yalnız buraxmır, onu hər işində dəstəkləyir, həmçinin, şeir yazmaq mövzusunda.

 Bəzən sərbəst ölçüyə münasibət birmənalı olmur. Bu haqda nə düşünürsünüz?

 - Sərbəst ölçü elədir ki, onu hər bir şair bir cür qavrayır, hərəsi bir cür yazır. Bir şairin yaradıcılığında bəyənilir, digərində yox. Bu, ən çox şeiri hiss etməkdən, onu yaşamaqdan asılı olan bir hissdir. Bəzi “şairlər” də şeirin sərbəst adından istifadə edərək sözün əsl mənasında ağızlarına gələni yazırlar. Bu qəbuledilməzdir. Sərbəst də olsa onun bir ölçüsü, səpkisi var və bunlara riayət etmək hər bir şairin borcudur. 

 Bəs Elçinoğlu hansı şairlərdən bəhrələnir?

 - Fikrimcə, bir şairin çox sevdiyi, onun yaradıcılığını öyrəndiyi bir və ya bir neçə şairlər ola bilər. Fəqət ondan bəhrələnə bilməz. Şair müəllim, usta deyil ki, ondan bəhrələnələr, ya da o, hansısa şairdən bəhrələnə.

Şairlik istedaddır, o da bir nəfərə verilmir ki, o birilər bir şairdən bəhrələnib şair ola. Dediyim kimi, şair elə anadan şair doğulur və hərəsinin də öz yolu olur. Biz bir şairin adı gələndə onu həmin dəqiqə beynimizdə canlandırırıq. Təsəvvür edin ki, M.Ə.Sabir Nizamidən bəhrələnib onun yazdığı kimi yazır. Bu, çox gülünc olar. Halbuki, Sabir Nizami bədii irsini çox sevib, onun yaradıcılığı ilə dərindən maraqlanıb. Amma baxın, Sabirdə bir qram da olsun Nizami irsi hiss olunmur. Yəni şair şairin yaradıcılığını sevər, şairin özünü sevər, amma ondan bəhrələnə bilməz. Mən də Müşfiqi, Vahabzadəni, Sabiri çox sevməyimə baxmayaraq onlardan bəhrələnmirəm, öz yolumu gedirəm.

 Kitablar insanın həyatını dəyişməyə qadirdirlər. Sizin həyatınızı dəyişən kitab olub? 

 - İnsan oğlu ömrü boyu, beşikdən qəbrə qədər oxuyub öyrənməlidir. Kitablar da bu yolda bizə çox kömək olur. Amma inanmıram ki, kitab insanın həyatını dəyişə bilə. Necə deyərlər, insanın öz quyusunda su olmalıdır. Kitab insanı yalnız əqli cəhətdən zənginləşdirə bilər. Mən də bu yaşıma qədər özümə görə həddindən çox kitab oxuyub mütaliə etmişəm. Hələ ki, həyatımı dəyişən kitab olmayıb.

Bu yaxınlarda "Hər yan xatirədir " adlı kitabınız nəşr olundu. Kitab çıxarmaq qərarına necə gəldiniz?

 - Bəli, “Hər yan xatirədir” mənim ilk şeirlər kitabımdır. Əvvəllər şeirlərimi yazıb evdə oxuduğum kitabların arasına qoyurdum ki, itməsinlər. Keçən ayların birində yazdığım bir şeiri itirdim, onda fikirləşdim ki, artıq yazdıqlarımı bir yerə toplamağın vaxtıdır. Əvvəlcə şeirlərimi kompüterə köçürdüm, sonra fikrimi müəllimim, Jurnalistlər Birliyinin üzvü, BDU-nun dosenti Fikrət Əlizadəyə dedim. Kitab çıxarmaq fikrimi dəstəklədi və ön söz yazmaq təklifimi də məmnuniyyətlə qəbul etdi. Daha sonra kitabıma rəng qatmaq üçün satirik şeirlərimə uyğun olaraq karikaturalar çəkdirmək qərarına gəldim. Bu işi isə tanınmış rəssam Fərid Hüseynliyə həvalə etdim. Nəticədə isə 128 səhifədən ibarət, içərisində satirik şeirlər və onlara aid karikaturalar olan, Vətən mövzulu və sevgi şeirləri ilə əhatə olunmuş çox maraqlı bir kitab ərsəyə gətirə bildim deyə düşünürəm.

Son olaraq, bir şair kimi özünüzdən razısınızmı?

 - Ölkəmin digər vətəndaşları kimi, layiqli övlad kimi, tələbə kimi özümdə olan xüsusiyyətlərdən məmnunam, özümdə özümə əminlik, razılıq var. Əminəm ki, məni tanıyanlar da məndən razıdırlar. Amma bir şair kimi 

“Bircə ondan razıyam ki,

Özümdən narazıyam”.

24Media

Paylaş
Şərh əlavə et