Bu gün:

“Çərçivə qoymuram, amma çərçivələri də aşmıram” – MÜSAHİBƏ


24Media-nın budəfəki müsahibi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədovadır.


İlk olaraq sizin teatra gəlməyinizdən başlamaq istərdik. Teatrda ilk dəfə Hüseynağa Atakişiyevin quruluşunda olan Şekspirin “Cülyetta”sını canlandırmısınız. “Cülyetta” mühüm bir obrazdır. Həmin vaxt keçirdiyiniz həyəcanın öhdəsindən necə gəlmişdiniz?


- İnstitutu bitirən kimi Şəki teatrına təyinat aldım. Şəkiyə bir neçə məzunla öz istəyimizlə gəlmişdik. Çünki o zaman əyalət teatrı olmasına baxmayaraq həm rejissor, həm repertuar potensialı baxımından, həm də artıq xarici ölkələrdə festivallara dəvət alan teatrlardan biri olan Şəki teatrında işləmək, ilk addımlarımızı məhz bu teatrda atmaq bizim üçün çox vacib idi. Əlbəttə ki, “Cülyetta”ya qədər bir neçə tamaşada artıq rol almışdım, Hüseynağa müəllim də mənim potensialıma bələd olmuşdu və ondan sonra “Cülyetta” obrazını mənə həvalə etmişdi. Hüseynağa müəllim insan pərgarı idi. Obrazı aktyorda görürdü. Əslində “Cülyetta” gənc aktrisaların arzuladığı obrazdır. Ona görə böyük həvəs və məsuliyyətlə canlandırmışdım. O zaman Moskvada keçirilən Şekspir festivalında da bu tamaşanı oynamışdıq.

Gənc aktrisa və aktyorlarımızın faydalana biləcəyi hansı məsləhətləri verərdiniz?


- İstedad, məktəb, zəhmət, məsuliyyət və şəxsiyyət. Bunlar mütləqdir. Bu sənətin çox ciddi bir sənət olduğunu heç vaxt unutmamalıdırlar. Peşəmiz aktyordan çox səmimi olmağı istəyir. Tərəf müqabilini təkcə görmək deyil, ən vacibi ona qulaq asmağı bacarmaq lazımdır. O zaman sənin oyunun inandırıcı olur və tamaşaçıya təsir edir.

"Qan qohumları" serialında "Şəhzadə xanım" obrazını canlandırmısınız. Həyatda da bu obraz kimi hökümlü və sərt bir xanımsınız?

- Xeyr, deyiləm. Əksinə insanları başa düşməyə, onların vəziyyətini anlamağa çalışıram.

Bir dəfə teatra gələndə sizin rol aldığınız tamaşada tamaşaçı qismində yer almışdım. Səhnədə mahnı oxuduğunuz zaman tamaşaçılarla göz kontaktında olaraq səmimi münasibəti hiss etdirə bilmişdiniz və çıxışda müşahidə etdiyim zaman hamının çox razı qaldığını görmüşdüm. Nə düşünürsünüz, aktyor, aktrisa tamaşaçı auditoriyasını teatra necə həvəsləndirə, cəlb edə bilər?

- Ümumiyyətlə, tamaşaçı ilə ünsiyyət qurmaq, dördüncü divarı yox etmək bütün tamaşalarda mümkün deyil. Bu, tamaşanın janrından, rejissor üslubu yanaşmasından, quruluşdan, aktyora rejissor tərəfindən verilən tapşırıqdan asılıdır. Yəqin bir aktrisa kimi həmin tamaşada zal ilə ünsiyyət qurmalı idim. Bu ünsiyyət, əsasən, uşaq tamaşalarında daha çox olur. Bizim zala ötürdüyümüz müsbət enerji bizə qayıdır və biz aktyorlar özümüzə daha çox güvənirik. Tamaşaçı ilə aramızda yaranan isti münasibət, enerji bizi yaşadır. Bunu isə tamaşaçı hiss edir. Aramızdakı sevgi və mehribanlıq belə yaranır və o, sabah yenə teatra gəlir.

Fikrinizcə, teatra olan marağın artması üçün hansı tədbirlər görülməlidir?

- Sovet dönəmindən fərqli olaraq indi teatra da, kinoya da gedən azdır. Sosial şəbəkə insanları ünsiyyətdən uzaqlaşdırdı. Hər şey ailədən və cəmiyyətdən başlayır. Yadımdadır, uşaqlıqda valideynlərimlə tez-tez kinoya gedərdik. Məktəbimizə bilet gətirərdilər. Kukla teatrının, Gənc Tamaşaçılar Teatrının, Akademik Milli Dram Teatrının tamaşalarına gedərdik. Beləcə, bağımlılıq yarandı bizdə teatra. Ona görə teatra məhəbbəti uşaqlıqdan oyatmaq lazımdır. Teatrlar tərəfindən də təşəbbüslər irəli sürülməlidir. Necə ki, Gənc Tamaşaçılar Teatrının mətbuat katibi və hətta aktyorlarımızın da təşəbbüsü ilə mütəmadi olaraq sosial şəbəkələrdə öncədən həftəlik repertuar haqqında məlumat verilir. Televiziyada da teatrlarımızda gedən tamaşalardan kiçik anonslar verilsə, bu təbliğat yalnız işin xeyirinə olar. Tamaşanın afişası təkcə teatrların qarşısında deyil, şəhərin digər köşklərinə də vurulmalıdır.

Siz həm teatrda, həm də kinolarda iştirak edirsiniz. Bəs sizin üçün həyatınızın əvəzolunmaz parçası hansıdır: teatr, yoxsa kino?

- Mənim üçün teatr həmişə doğma və həyatımın ayrılmaz bir parçası olaraq qalır.

Məlumdur ki, teatr kinodan daha çətindir. Tamaşada oynayarkən obrazı saxta oynamamaq, tamaşaçının diqqətini daim səhnədə saxlamaq üçün hansı incəlikləri bilmək lazımdır?

- Teatrı sevmək, ona xəyanət etməmək, bütün həyatını ona həsr etmək lazımdır. Çünki yeganə sənətdir ki, tamaşaçı ilə üz-üzə, canlı ünsiyyətdəsən. İnsanda o qədər böyük məsuliyyət hissi olmalıdır ki... Baxmayaraq ki, illərlə səhnədəsən, bir tamaşanı dəfələrlə oynayırsan, amma o məsuliyyət hissi səni bir an belə tərk etməməlidir. Hər dəfə səhnəyə çıxanda, sanki ilk dəfə çıxırmış kimi hiss edirsən. Səhnənin sehri və dediyiniz incə məqam da bundadır.

Aktrisa olmaq üçün hansı mütləq olmalıdır: şans, şarm, yoxsa istedad?

- Aktrisa olmaq üçün istedad da olmalıdır, şans da. Zahiri şarm olmasa da, daxili şarm mütləq olmalıdır. İlk baxışdan həyatda sizə maraqlı gəlməyən aktrisa bir də görürsən səhnəni elə ələ alır ki, tamaşaçı ondan gözünü ayıra bilmir.

Bildiyiniz ki, türkiyəli aktrisa Türkan Şoray özü üçün çərçivə, qadağalar təyin etmişdi. Sizin də belə çərçivələriniz, qadağalarınız varmı?

- Müqayisəyə gəlməyəcək dərəcədə fərqliyik, aktyor ampulası cəhətdən. Çərçivə qoymuram, amma eyni zamanda çərçivələri də aşmıram.

Hansı aktyorlarla tərəf müqabili olmağı sevirsiniz? Kimlərlə tandeminiz yaxşı alınır?

- Səhnədə də, kinoda da məni hiss edən, görən və mənə mane olmayan tərəf müqabillərimi sevirəm. Aktyor qarşısında güclü və maraqlı daxili imkanları olan tərəf müqabilini görəndə və o tandem 100 faiz olanda sənət yaranır, istər yaşlı, istər gənc aktyorlarımızla.

Bir aktyor hər rolu oynamalıdır, yoxsa yeri gəldikdə hansısa rollardan imtina etməyi də bacarmalıdır?

- Əgər o rolda özünü görmürsə, mütləq imtina etməlidir. Bunu, əsasən, seriallara aid edərdim. Əgər mütəmadi olaraq eyni obrazlar aktyora həvalə edilirsə, bununla rejissorlar öz işlərini asanlaşdırmış olurlar. Yaxşısı budur ki, aktyor vaxtında imtina etsin. Çünki aktyor sənəti axtarışdır, yenilikdir. Aktyor tamaşaçı qarşısına fərqli obrazla çıxarsa, daha maraqla izlənər.

Sizcə, hansı rolunuz yaddaşlarda qalmağınıza səbəb olub?

- İnstitutun 3-cü kursunda oxuyarkən böyük rejissor, rəhmətlik Vaqif Abbasovun kurs tamaşasında Edvard Olbinin "Hər şey bağdadır" tamaşasındakı "Cenni" o zaman izləyən tamaşaçıların yaddaşında qalıb. Buna çox sevinirəm. Gənclər teatrda rəhmətlik Hüseynağa Atakişiyevin quruluşunda C.Məmmədquluzadənin "Qurbanəli bəy" tamaşasında Qurbanəli bəyin arvadını oynadığım rolum haqqında hələ də danışırlar. Emil Quliyevin "Pərdə" filmindəki ana obrazı da marağa səbəb olmuşdu. Teleməkanda isə Səyavuş Hüseynlinin "3 bacı" sitkomunda "Xədicə" obrazı yadda qaldı və mənim də ən sevdiyim obrazdır. Sadaladığım işlərdə rejissor faktoru da var, bu, danılmazdır.

Bir dəfə belə bir cümlə oxumuşdum: "Qadın ya çox yaxşı iş qadını olur, ya da çox yaxşı ana". Psixologiya da sübut edir ki, insan hər şeydə mükəmməl ola bilməz. Bəs fikrinizcə, siz yaxşı iş qadını, aktrisasınız, yoxsa yaxşı ana?

- Yaxşı aktrisa olmağa çox çalışmışam. Sevdiyin peşəmdə heç nəyin yarımçıq olmasını istəməmişəm. Amma yəqin ki, hər şeyə rəğmən mən yaxşı anayam.

Bir dəfə demisiniz ki, həyat yoldaşınız, aktyor Ədalət Əbdülsəmədov həm də sizin obyektiv tənqidçinizdir. Ədalət müəllimin tənqid edib sizin dəyişdirdiyiniz bir xüsusiyyətiniz, tərziniz varmı, varsa hansıdır?

- Əlbəttə, insan bəzən özünü kənardan görmür. Daha doğrusu, bilərəkdən və ya bilməyərəkdən gözü bağlanır, amma kənardan obyektiv bir fikir və nəzər mütləq lazımdır. Ədalət bəy də o barədə başqası deyil, doğmamdır. O, mənə nə var düzünü deyir.

Son olaraq, oxucularımıza nə demək istəyərdiniz?

- Oxucularımıza sözüm odur ki, məşğul olduqları peşəni sevsinlər, onda həyat çox rəngarəng olur. O zaman həyat çox maraqlı olur. Sevdikləri ilə uzun və mənalı ömür arzulayıram. Teatra gəlsinlər. Onların müsbət enerjisinə bizim çox ehtiyacımız var.

Aytac Əhmədova

Paylaş
Şərh əlavə et