Son illərdə superqəhrəmanlar hər yerdədirlər və görünür ki, insanlar bu vəziyyətdən çox da narazı deyillər. Onlar əvvəllər əsasən komiks kitablarının səhifələrində qalsalar da, hazırda pop mədəniyyətinin ayrılmaz hissəsinə çevriliblər.
İndi, demək olar ki, hər böyük televiziya kanalında onların əsas obraz olduğu seriallar yayımlanır, üstəlik kinoteatrlarda ən çox gəlir gətirən filmlərin çoxu məhz superqəhrəman filmləridir. Təkcə 2016-cı ildə ilk ən çox gəlir gətirən on filmdən beşi (Captain America: Civil War, Batman v. Superman, Deadpool, Suicide Squad, X-Men: Apocalypse) superqəhrəmanlara həsr olunub. CW kanalı isə DC kainatını genişləndirərək Arrow, The Flash, Supergirl kimi seriallarla auditoriyanı cəlb etməyə davam edir. Bütün bunlar bir sualı gündəmə gətirir: İnsanları superqəhrəmanlara bu qədər çəkən nədir?
Müasir mifologiya
Tarix boyu insan cəmiyyəti miflərə söykənib. Mifologiya bir çox funksiyaları yerinə yetirir: toplumu birləşdirmək, ənənələri nəsildən-nəslə ötürmək və ən önəmlisi, əxlaqi model təqdim etmək. Antik Yunan mifləri insan və tanrıların əxlaqi qərarlarını və onların nəticələrini təsvir edib. Bu fiqurların qeyri-adi və idealizə olunmuş olması onları həm mənalı, həm də əyləncəli edib. Müasir dövrdə isə bu funksiyanı superqəhrəmanlar yerinə yetirir. Onlar da cəmiyyətin birləşməsinə və ortaq hekayələr vasitəsilə dəyərlərin ötürülməsinə xidmət edir. Qəhrəman güc əldə etdikdə onu pis niyyətlə istifadə edirmi, yoxsa başqaları üçünmi çalışır? Məsələn, Superman nə edərdi? Bu suallar və cavablar əxlaqi düşüncəni formalaşdırır.
Çətinliklərlə bacarma mexanizmi
Superqəhrəmanlar yalnız əyləncə vasitəsi deyil, onlar, həm də insanın çətinliklərlə necə mübarizə apardığını göstərən simvollardır. Klinik psixoloq Robin Rosenberqin fikrincə, süjetlərdə adi insanları superqəhrəman edən üç əsas yol var: travma, taleyin çağırışı və təsadüf. Batman valideynlərini itirdiyi, Supergirl isə taleyinə görə Yerə göndərildiyi üçün qəhrəmana çevrilir. Arrow serialının Oliver Queen obrazı isə bir adada sağ qalmağa çalışarkən qəhrəman olur. Hər üç halda, qəhrəmanlar yeni şəraitdə emosional, mənəvi və fiziki çətinliklərlə üzləşir və onlarla mübarizə aparırlar. Tamaşaçı olaraq bu proses insanlar üçün həm təskinlik verir, həm də nümunə olur. Başqasının çətinlikləri aşması bizə də ilham verir və göstərir ki, biz də öz problemlərimizi aşa bilərik.
Emosional dərinlik və qaçış imkanı
Çoxları hesab edirlər ki, superqəhrəmanlara olan maraq sadəcə reallıqdan qaçış üçün bir vasitədir. Bir saatlıq televiziya şousu boyu insan öz gündəlik stressindən uzaqlaşır və mümkünsüzün mümkün olduğu fantastik dünyaya dalır. Digər bir yanaşmaya görə isə superqəhrəmanların cəlbediciliyi onların real problemlərlə üzləşməsindədir. Onlar bəzən tanrılaşmış güclərə sahib olsalar da, yenə də bizim kimi şəxsi mübarizələrlə qarşılaşırlar. Məsələn, Tony Stark (Iron Man) milyarderdir, hər cür texnologiyaya sahibdir, amma buna baxmayaraq, alkoqolizmlə və münasibətlərdə çətinliklərlə mübarizə aparır. Bu onları daha insani və yaxın edir.
Superqəhrəmanlar sadəcə fantastik personajlar deyil. Onlar müasir dövrün mifoloji qəhrəmanları, əxlaqi simvolları və insan ruhunun çətinliklərlə mübarizə qabiliyyətinin aynasıdır. Həm reallıqdan qaçmaq, həm də ona dözmək üçün bu qəhrəmanlara ehtiyacımız var. Onlar bizi əyləndirməklə yanaşı, düşündürür, birləşdirir və bəzən ilham verir.
Mənbə: Smithsonian Magazine
Tərcümə etdi: Arzu Qafarova
