Bu gün:

“Radioda işləməyin əsas müsbət cəhəti... ” - Raqif Raufoğlu ilə MÜSAHİBƏ


Bu gün paytaxtın küçə və meydanlarında "Danışır Bakı" ifadəsinin səsləndirilməsindən 94 il ötür. 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb. Həmin vaxtdan bu tarix radio işçilərinin peşə bayramı kimi qeyd edilir. Bu səbəblə də 24Media-nın bugünkü müsahibi 106.3 FM-in aparıcısı Raqif Raufoğludur.


 

Raqif bəy, necə oldu ki, radioya gəldiniz?

- Mənim radioya gəlməyim əslində bir az təsadüf nəticəsində oldu. Hədəflərimdə hələ ki, belə bir şey yox idi. Fikrimdə Amerikaya köçmək var idi. Sonra elə oldu ki, 2009-cu ildə kastinq keçirildi, mən də gedib kastinqdən keçdim. Bir az da bəxtim yaxşı gətirdi. Orada əslində radio təcrübəsi olanlar var idi, lakin gecə növbəsinə görə 400 nəfərdən 5-6 nəfər seçilsə də, onlardan yalnız ikisi qalmalı idi. Mərhələni keçmək üçün bir az şans, bir az da iddiam oldu. 1 illik gecə növbəsindən sonra artıq gündüzlər işləməyə başladım. Beləliklə, radioya daxil oldum.

10 il öncəki radio ilə indiki radionu müqayisə etsəniz nə kimi fərqləri deyə bilərsiniz?

- Son 10 ildə radio aləmində xeyli layihə dəyişiklikləri oldu. Ondan əvvəlki dövrlərdə isə radio bir az məqsədsiz görünürdü. Əsasən aparıcı bir mövzu qoyur, həmin mövzu ətrafında insanlar şərh yazırdılar. Əvvəlki dövrdə axşam saatın 9-10 radələrində romantik musiqilər eşitmək istəsək də, elə bir alternativimiz olmurdu. Radio artıq bu gün dəyişildi. İstənilən zaman, istənilən musiqini dinləmək imkanına hər kəs malik oldu. Bu gün radio daha çox lazımlı, aktual proyektlər həyata keçirməlidir və buna əməl edənlər də uğur qazanmış hesab olunur.

Radioda işləməyin müsbət cəhətləri nələrdir?

- Mənə görə bütün hallarda radio daha üstündür. Ona görə ki, mən istədiyim mövqeyə yüksələ bilirəm. Ola bilər ki: "Hazırda radioya qulaq asan kimdir?", - deyə düşünürlər. Amma bu belə deyil. Öz layihələrimdən misal gətirim. İstədiyim bir dövlət qurumu ilə hər hansı bir şirkətlə bağlı tənqidi mövzuda və ya onunla bağlı çıxış ediriksə, biz oradan geri dönüş görürük. İstənilən halda az dinlənən və çox dinlənən radio stansiyalar var. Bunu aktual edən aparıcıdır. İnsanlar səni aparıcı kimi qəbul etməlidir. Radioda işləməyin əsas müsbət cəhəti istənilən hədəfə çata bilməkdir. Bu gün radio sosial şəbəkəyə uduzmur, əksinə sosial şəbəkədən istifadə edib daha da operativ olur. Televiziya bu baxımdan sosial şəbəkəyə məğlub olur.

Radioda işləmək istəyən jurnalistlərə nə kimi məsləhətlər vermək istəyərdiniz?

-Biz tez-tez auditoriyalara gedirik, tələbələrlə tanış oluruq. Hər dəfə bunu qeyd edirəm ki, ilk olaraq radionu anlasınlar. Bu gün iddialı aparıcı olmaq istəyən, əziyyət çəkib qarşısına hədəf qoyan tələbələr azdır. Məncə, iddialı insan öz layihəsini hazırlamalıdır, təqdim etməlidir. Ola bilər ki, birinci dəfə alınmasın. İkinci dəfə cəhd etməlidir. Başqa-başqa radio stansiyalara müraciət etməlidir. Bir sözlə, radioya daxil olmalıdır. Təbii ki, radioya gələn kimi hər şey alınan deyil. İddialı insan əziyyət çəkməlidir, özünü təsdiq etməlidir. Auditoriya onu qəbul etməlidir. Düşünməsinlər ki: "Mənim yaxşı səsim, diksiyam var, mən gedəcəm, mənə xəbəri verəcəklər ki, oxu". Bu, 15 il əvvəldə qalıb.

Son olaraq, radio işçilərinin peşə bayramı ilə bağlı təəssüratlarınızı bilmək istərdik.

-Bu gün bizim üçün çox doğmadır. Bu bizim peşə bayramımızdır. Neçə ildir ki, biz təbriklər alırıq, bir-birimizi təbrik edirik. Mən istəyərdim ki, daha maraqlı layihələr olsun, bir-birimizi yaxşı mənada həyəcanlandıraq. Bir-birimizə qoşulmağa çalışaq. Mənim təəssüratlarım budur. Arzum budur ki, radiomuz həmişə uğurlu olsun, belə davam etsin. Bütün həmkarlarımı və radio dinləyicilərini bu gün münasibəti ilə təbrik edirəm.

 

Lamiyə Xəqaniqızı

Paylaş
Şərh əlavə et