Bu gün:

"Uşağın hərəkətləri dəcəllikdən deyil, xəstəlikdən qaynaqlanır"


24media.az-ın budəfəki müsahibi psixologiya üzrə fəlsəfə doktoru, musiqişünas, RİFAP MMC-nin direktoru Bahar Bəylərova-Ələkbərovadır. O, diqqət əskikliyi hiperaktiv pozuntunun simptomları və müalicəsi ilə bağlı suallarımızı cavablandırıb. 

Müsahibənin əvvəlində Bahar Bəylərova-Ələkbərova bir sıra vacib məqamlara toxunub. O, təəssüf hissi ilə qeyd edir ki, çox vaxt uşaqlara qeyri-peşəkarlıq edərək yanlış diaqnozlar qoyulur. 

Psixoloq "Diqqət əskikliyi nədir?" sualına belə aydınlıq gətirir:

"Psixi pozğunluqların diaqnostik və statistik təlimatı olaraq təyin olunan DSM-5-ə görə, sindromun adı Diqqət Əskikliyi və Hiperaktivlik Pozuntudur (DƏHP).  Genetik olaraq ötürülən bioloji xəstəlik olduğu qəbul edilir. Kriteriyalar Amerika Psixiatriya Assosiasiyası tərəfindən nəşr olunan psixi pozğunluqların diaqnostik və statistik təlimatı kimi müəyyən edilən, psixi xəstəliklərin diaqnostikası üçün meyarları müəyyən edən DSM-5-ə uyğun olaraq təyin edilmişdir. Diqqət əskikliyi əvvəllər xəstəlik olaraq təyin edilmədiyinə üçün diqqət əksikliyi olan bir çox insanlar həyatları boyu uğursuz, akademik göstəriciləri aşağı, assosial şəxsiyyətlər hesab edilirdilər". 

Daha sonra Bahar Bəylərova-Ələkbərova diqqət əskikliyinin əlamətlərindən danışır:

"Diqqət əskikliyində ən çox görülən simptom uşaqlarda aşağı səviyyəli akademik nailiyyət, diqqəti dərsə cəmləyə bilməmə, diqqətini cəmləsə də, diqqətin davamlılığında çətinlik çəkməkdir. Bu, adətən, xəyalpərəstlik, deyilənlərə qulaq asmamaq və öz aləminə qapanmaq kimi təsvir edilir. Eyni şey böyüklər üçün də keçərlidir. Diqqət əskikliyi olan insanlar təfərrüatlara fikir vermirlər, verilən əmrlərə uyğunlaşa bilmirlər və təşkilati problemlər yaşayırlar. Hiperaktiv insanlar bir yerdə dayana və uzun müddət eyni yerdə otura bilmirlər. Bu insanlar çox danışır, başqalarının nitqini bitirməsini gözləyə bilmir, gözləməyi tələb edən və ya qayda ilə edilməsi lazım olan işləri görməkdə çətinlik çəkirlər. Uşaqlarda bu əlamətlər hər zaman qaçmaq, dırmaşmaq və tullanmaq kimi  davranışlarla görülür. Yetkinlərdə görülən hiperaktivlik davamlı olaraq bir işdən digərinə qaçma şəklindədir. Amma başladıqları işi başa çatdırmırlar. Sindromun ən əhəmiyyətli əlamətlərindən biri impulsivlikdir ki, bu da hərəkətin nəticələrini düşünmədən ani davranışların edilməsi şəklində görülür. Uşaqlarda tapşırığı yerinə yetirərkən səbirsizlik, dostlarından oyuncaq alması, oyun zamanı növbə gözləməməsi, çox və yersiz yerdə danışması, qarşıdakı insan danışarkən sözünü kəsmək kimi özünü göstərə bilər. Onu da vurğulayım ki, bəzi tədqiqat nəticələrində diqqət əksikliyi hiperaktiv pozuntu olan şəxslərdə spirtli içki və narkotik maddələrdən istifadəyə çox təsadüf edilir. İmpulsiv davranışlar asılılığa meyillidir".

Bunun ardından müsahibimiz diqqət əksikliyinin səbəblərinə toxunur:

"Diqqət əksikliyinin səbəbləri araşdırılarkən beyin anatomiyasında və funksiyalarında pozğunluqlar aşkar edilmişdir. Xüsusilə, diqqəti təmin edən beyin bölgələrində digər fərdlərə nisbətən, daha aşağı funksiya və ya daralma müşahidə edilir. Bundan başqa, genetik faktorlar da bu xəstəliyin səbəbləri arasındadır. Valideynlərində, bacı-qardaşda DƏHP olan uşaqların, digər insanlar ilə müqayisədə, DƏHP olma ehtimalı daha yüksəkdir. Vaxtından əvvəl doğuş və ağır kəllə-beyin travması, ananın hamiləlik dövründə spirt və siqaret qəbulunun da DƏHP-ya səbəb ola biləcəyi bildirilmişdir".

Müsahibimiz diqqət əksikliyi və hiperaktiv pozuntunun üç əsas əlamətini də vurğulayır: 

"DƏHP-nun üç əsas əlaməti var: Diqqətsizlik, hiperaktivlik və impulsivlik. Diqqət əskikliyi bu üç simptomun ortaya çıxma tərzinə görə üç fərqli alt tipə bölünür. Ən çox yayılmış tip hər üç simptomun mövcud olduğu birləşmiş tipdir. Hiperaktivliyin müşahidə olunmadığı və yalnız diqqət əskikliyinin müşahidə olunduğu tipə diqqət əskikliyi deyilir. Daha nadir bir növ olan hiperaktiv impulsiv tipdə isə diqqət əskikliyi müşahidə edilmir".

Psixoloq Bahar Bəylərova-Ələkbərova diqqət əksikliyi diaqnozunun qoyulmasından da söz açıb:

"Xüsusilə, uşaqlarda diaqnoz qoyulmazdan əvvəl yaxın zamanlarda boşanma, ailə üzvlərindən birinin ölümü və ya digər bu qəbildən davranış pozuntularına səbəb ola biləcək hadisələrin olub-olmadığı sorğulanmalıdır. Qıcolmalar, qalxanabənzər vəzi problemləri, yuxu pozğunluğu, narahatlıq, depressiya və zəhərlənmə də diqqət əskikliyinə bənzər davranışlara səbəb ola bilər. Buna görə diaqnoz qoymazdan əvvəl bu xəstəliklər və ya şərtlər istisna edilməlidir. Diaqnozun qoyulması üçün altı və ya daha çox simptom, 17 yaşdan yuxarı olanlarda isə ən azı beşi olmalıdır.

Bundan əlavə, diqqət əskikliyi diaqnozunda tətbiq edilə bilən müxtəlif testlər var. DƏHP diaqnozunda qəti nəticə verən tək bir test olmadığı üçün bir çox institutlar öz şkalalarını yaradıblar: Uşaqlar üçün - Vanderbilt şkalası, Conners şkalası. Yetkin insanlar üçün - Conners (CAARS), Wender Utah, Moxo diqqət testi və sairə".

Müsahibimiz diqqət əksikliyinin müalicə formalarından da danışıb:

"Diqqət əskikliyi diaqnozu qoyulan şəxsin müalicəsi onun yaşına, cinsinə, mövcud olan digər xəstəliklərə uyğun olaraq təşkil edilir. Diqqət əksikliyi ilə müşayiət olunan hiperaktivlik halında müxtəlif müalicə üsulları tətbiq oluna bilər. Diqqət əksikliyi zamanı, adətən, iki müalicə üsulu birlikdə tətbiq edilir: dərmansız və dərmanlı. Dərmansız müalicədə əqli və fiziki məşqlər mühüm rol oynayır. Psixoloji dəstək kimi terapiya da proses boyu tətbiq oluna bilər. Bununla belə, həkim müalicəni dəstəkləmək üçün bəzi dərmanlar təyin edə bilər. Müalicənin davamlılığı və effektivliyi üçün dərmanların müntəzəm və tövsiyə edilən istifadəsi ilə yanaşı, müalicə prosesi boyunca ailənin müəllimlərlə, həkimlə daim əlaqədə olması vacibdir. Bu prosesdə valideynin maariflənməsi ən önəmli faktorlardandır. Müalicə prosesində ailə anlayışlı və səbirli olmalıdır. Yadda saxlamaq lazımdır ki, uşağın hərəkətləri dəcəllikdən deyil, xəstəlikdən qaynaqlanır".

Müsahibənin sonunda psixoloq tövsiyə edir ki, əgər valideynlər uşaqlarında diqqət əskikliyinin simptomlarını müşahidə edərlərsə, peşəkar mütəxəssislərə müraciət etməlidirlər.

Amin Həsənli

Paylaş
Şərh əlavə et