Bu gün:

“Məşhurluq bədbəxt insanların xoşbəxt görüntüsüdür” - aktyor-rejissorla MÜSAHİBƏ


24Media-nın növbəti müsahibi ssenarist, rejissor və aktyor, "Dolu" filmində canlandırdığı "Drakon" obrazı ilə tanınan Rza Rzayevdir. 

 Siz həm Hüquq, həm də İnzibati İdarəetmə fakültəsini bitirmisiniz. Niyə hüquqşünas, məmur yox, rejissor, aktyor olmağı seçdiniz? Sizi incəsənətə həvəsləndirən nə oldu? 

- Aktyor, ya da rejissor olmaq istək və ya arzum deyildi. Həvəs məsələsi heç deyil. İllərdir bilmədən üzərinə getdiyim, axtarmadığım halda qarşıma çıxan xəzinə kimi oldu kino sənəti və sonradan ehtiras halına keçdi. Çox istədim ki, uzaq durum, olmadı, rejissorluq tutacaq yerim oldu.

"Pandemiya" adlanan yeni bir film çəkdiniz. Film nə dərəcədə səmərəli oldu? Sizcə, insanlara istədiyiniz ismarıcı ötürə bildinizmi?

- Səmərəli olub-olmadığını bilmirəm, bu, mənə bağlı məsələ deyil. Bunun üçün bəzi qurumlar lazımlı addımlar atmalı idi, sadəcə rejissor kimi millətim və dövlətim qarşısında etməli olduğumu etdim. Mövcud olan problemlərə işıq tutdum. Görülməli olanları, görməzdən gəlinənləri görünən etdim.

Müsahibələrinizdən birində qeyd etmisiniz ki, 35 yaşınıza qədər özünüzdə yaratdığınız bir obraz olub. Amma o obraz haqqında konkret danışmamısınız. Bəs indi deyə bilərsinizmi, o obraz konkret olaraq kim idi və özündə hansı xüsusiyyətləri əks etdirirdi? 

- Yəqin, o obraz konkretləşmədi, nəticələnmədi deyə konkret nəsə deyə bilməmişəm. Yaratmaq istədiyim bir öz var idi, sonra anladım ki, Allahın yaratdığı daha məqbul və təkrarolunmazdır. Yəni yaradılan (Allahın yaratdığı) öz, qazanılan (özümüzün formalaşdırmaq istədiyimiz) özdən daha əhəmiyyətli, funksional və dəyişilməzdir. Dəniz olmayan ölkədə dəniz axtarırdım, yəni insanlarda olmayanları insanlarda axtarırdım. Dünyaya durduğu yerdən baxan, yerini dəyişsə də, baxışlarını dəyişməyən və dəyişməz dünyanı dəyişmək istəyən idealist, maksimalist biri idi o obraz.

İndi də özünüz üçün hansısa obrazı yaratmısınız?

- Yox. Çox sonra anladım ki, Allahın yaratdığı obrazı dəyişmək olmur, alın yazısı deyək. İstədiklərimiz olmursa, niyə sona qədər istəyək ki? Yaşadıqlarımız istəmədiklərimizdirsə...

Karyeranızda ən özəl hesab etdiyiniz iş hansı olub və nəyə görə özəl hesab edirsiniz? 

- "Dolu" filmi, "Drakon" obrazı. Çünki o filmdən sonra uzun illər uzaq qalmaq istədiyim kino sənətinə tam həyatımı bağladım.

Canlandırdığınız "Drakon" obrazı ilə izləyicilərin sevgisini qazandınız. "Drakon" obrazını bu qədər uğurlu canlandırmağınızın səbəbi nə idi? "Drakon" ilə aranızda nə dərəcədə oxşarlıq var? 

- Filmi və "Drakon" obrazını sevilən edən əvvəlcə ssenari və rejissor işi idi. Aktyor daha çox ekranda gördüyümüzü deyil, yəni baş verən hadisədən çox görmədiyimizi, hadisəni yaradan səbəblərin, proseslərin hissini yaratmalıdır. Açığı, bunu özüm üçün sonradan kəşf etdim. Filmdə öncə baş verənlər göstərilmir. "Drakon"un hərəkətləri, davranışları, mövcud hadisələrə münasibəti öncə baş verənlərin görüntüsü idi. Yəni qardaş, dost, torpaq itkisinin yaratdığı intiqam hissinin qabarıq ifadəsi... Hesab edirəm ki, daha çox obraza hiss qatmışam. Obrazın yaşadığı hisslər bəzən açıq gözə girir, bəzən isə görünməz olur.

"Dolu" filmində "Drakon", "Yarımçıq xatirələr" filmində "Cavanşir" obrazını canlandırdınız, aprel şəhidlərinin xatirəsinə "Geyinilməmiş ayaqqabılar" filmini çəkdiniz. Belə bir nəticəyə gəlmək olar ki, sizi bundan sonra, əsasən, müharibə mövzusunda hazırlanmış layihələrdə görəcəyik?

- Artıq bir neçə tammetrajlı filmlərin ssenarisi üzərində 10 ilə yaxındır ki, işləyirəm. Məni cəlb edən mövzular var, müharibə mövzusunda bir neçə filmlərim olacaq. Rejissorun taleyi birbaşa millətinin taleyinə, yaşadıqlarına bağlıdır. Müharibə bizim taleyimizdir.

Hazırda filmlərə, seriallara dəvət alırsınız?

- Əvvəllər çox olurdu, son illər demək olar ki, özümüzünkülər dəvət etmir. Artıq şərtlərim hamı üçün bəllidir, yəni "Drakon" obrazına xələl gətirəcək heç bir rolu oynamayacam. Türkiyədə yaşadığım dövrdə də dəvətlər oldu və bir il öncə Bollivuddan da dəvət almışdım. Yüksək qonorar da təklif edirdilər ki, razılaşım, yenə də "Drakon" obrazına xələl gətirməmək üçün imtina etdim. Bu artıq dəyişməyən mövqeyimdir.

"Ünvansız qız" teleserialında rol aldıqdan sonra bir müddət kinofilmlərdən uzaqlaşdınız, səbəb nə idi? 

- Təkrar olacaq, amma söyləmək məcburiyyətindəyəm, 100 minə yaxın şəxsən insan tanıyırdım və tanıdığım insanların siyahısını tuturdum. Tanıdığım 100 min insandan biri də məni aktyor və sənət insanı kimi görmürdü, elə özüm də. Serialdan sonra küçəyə, ictimai yerlərə çıxa bilmirdim. Yəni bir günün içində o qədər məşhur olduq, amma imtina etdim. Məqsədlərim başqa idi. Qarşıya qoyduğum hədəfə çatmağın bir addımlığında isə yenidən kinoya özüm də bilmədən dönüş etdim. Dövlət məmuru kimi daha yüksək vəzifəyə dəvət aldığım vaxt idi. Belə deyək, vəzifə gözləyirdim. Buna görə də bir neçə ay öncə "Dolu" filminin kastinqinə dəvət alsam da, imtina etmişdim. Heç demə bəzi səbəblərdən filmin çəkilişləri dayandırılıb və aktyor seçimi də yenidən başlayıb. İki aydan çox vaxt keçmişdi, filmin ikinci rejissoru Əliqulu müəllim ilə bir tədbirdə görüşdük, onun təkidi ilə "Dolu" filminin rejissoru Elxan müəllimlə görüşdüm və hər şey yenidən başladı...

Sizin üçün reytinq önəmlidir, yoxsa hansısa bir mesajı ötürmək? 

- Daha çox insanları düşündürməyi vacib sayıram. Elə şeylər var ki, bərpa olunmur, məsələn geyinilmiş bir köynəyi yuyursan təmiz olur, amma bir daha təzə olmur. İnsan həyatında da elə şeylər var ki, onlar təkdir, ikincisi yoxdur, ya da baş verənlər birincinin təkrarıdır. Gərək tək mərmidən lazımlı və yerində istifadə edəsən, reytinq dalınca qaçanda itirdiklərini sonra bərpa etmək olmur. Reytinqə aludə olanlar sabah gülünc vəziyyətdə qalacaqlar. Rejissor həm çəkdikləri, həm də çəkmədikləri ilə, aktyor həm oynadığı, həm də imtina etdiyi rollar ilə dəyər qazanır. Reytinq üçün film çəkmirəm və çəkilmirəm.

Yaradıcılığınıza milli filmlər təsir edib, yoxsa xarici filmlərdən nələrsə götürməyə üstünlük verirsiniz?

- Həyatda mənə təsir etmək mümkün olmadığı kimi yaradıcılığıma da hansısa aktyorların və rejissorların, filmlərin təsiri olmayıb, bəyəndiyim yerli və xarici filmlər var. Sənət təkrar olunmayandır. Yaradıcılığıma həyatda baş verənlərin təsiri var, baş verən çox şeyin reaksiyası əks reaksiya və əks reaksiyanın müxtəlif formalarda ifadəsi sənət yaradır.

Bu gün sənət aləmindəki layihələrə nəzər saldıqda görülən işləri necə qiymətləndirirsiniz?

- Kino sənətində daima dəyişikliklər baş verir. Bu gün yeni olan sabah köhnədir, qəbul etdiyim və etmədiyim məqamlar var. Yersiz və yerində olan işlər var. Hələ ki, bizdə üstünlük yersizdədir. 

Siz həm də ssenaristsiniz. Ssenari yazarkən nələrə diqqət edilməlidir? 

- Sənətkar və dahi rejissor Alfred Hiçkok deyir: "Kinoteatrdan evə qayıtdığınızda ananıza izah edə bilməyəcəyiniz heç bir şeyi ssenariyə yaza bilməzsiniz". Bu düşüncə mənim üçün dəyişilməz qanundur. 

Rollarınıza necə hazırlaşırsınız? Canlandıracağınız obraz üçün əvvəldən hazırlıq görürsünüz? 

- Hər zaman söyləyirəm, aktyor birinci dinləməyi bacarmalıdır, sonra deyilənləri anlamaq üçün bilik bazası, daha sonra da xəyal gücü olmalıdır. Öncədən hazırlaşmıram, ssenarini oxuyub, rejissorla söhbət edib, fikir mübadiləsi aparıram, onun istəklərini dinləyirəm. Çünki əvvəldən hazırlıq olanda hazır etdiklərimizi dəyişmək çətin olur. Aktyor müxtəlif rollar və rejissorlar üçün xammal olmağı bacarmalıdır. Hazır gəlməməlidir.

Bir dəfə demisiniz ki, film çəkilişi zamanı atın yəhərini kəsiblər deyə atdan yıxılmısınız, yaxşılıq etsəniz də, qarşılığını hər zaman görməmisiniz. İndi də Rza Rzayevin yoluna daş qoymaq istəyənlər, problem yaradanlar varmı?

- Çəkiliş meydançasında yox, qapalı, hasarlı yerdə məşq etdiyimiz zaman atın yəhəri görünməyən yerdən kəsildiyi üçün yıxılmışdım. Açıq yer, çəkiliş meydançası olsaydı, yəqin ki, sağ qalmaq ehtimalı yox idi. Yaxşılıq borc deyil ki, qaytaralar. Yaxşılıq edəndə məqsədli olmadığım üçün əvəzini düşünmürəm. Yaxşılıq da pislik kimi nəfsin tələbatıdır, kimisi pislik edəndə zövq alır, kimisi yaxşılıq edəndə. Daş qoymaq istəyən adamlar həmişə var və olacaq. Amma bizim tutduğumuz yol, yolumuza inamımız böyükdür. Daşları da getdiyimiz, tutduğumuz yolun bir detalı kimi görürük, çətinliklərini öncədən gözə almışıq. Onlar pisliklərindən əl çəkmədikləri kimi, biz də yaxşılıqlarımızdan əl çəkən deyilik.

Dünyaya təsir edəcək bir gücdə istehsal şirkəti ilə birlikdə film hazırlamaq imkanınız olsa, necə bir film çəkmək istəyərdiniz? Filmin məzmunu necə olardı?

- Bir daha söyləyim ki, film çəkmək üçün nə kiminsə ayağına, nə də qapısına getməyəcəyəm. Belə bir təklif olsa, Qarabağ müharibəsinə aid yazdığım ssenarilərdən birinə film çəkmək istərdim. Qarabağ savaşını, erməni xislətini, düşüncəsini film dili ilə ən üst səviyyədə ifadə edib, dünya ictimaiyyətinin diqqətinə çatdırardım. Dünya görsün ki, çox yaxında onlar da bu bəlaya düçar olacaqlar, erməni xəstəliyi onlardan da yan keçməyəcək. Sadəcə bizə baxanda bəxtləri gətirib, erməni ilə qonşu deyillər. 

Sizcə, yaxşı rejissorsunuz, yoxsa yaxşı aktyor?

- Yaxşı aktyor, ya da rejissor olmaq uğrunda mübarizə aparmıram. Əsas məsələ yaradıcılıq prosesində alınan zövqdür ki, həmin vaxt dünya gözümdən düşür, dünyaya başqa gözlə baxıram, başqa dünya yaradıram. Əsas yaratdığım dünyanın mövcud dünyadan yaxşı olmasıdır, buna çalışıram.

Bir filmin uğurlu alınmasının əsas səbəbi nədir: aktyorun məharəti, yoxsa rejissor işi? 

- Birmənalı olaraq rejissor işi. Aktyoru aktyor edən rejissordur, film rejissorundur. Bir filmdə aktyor yaxşı oynayıbsa, deməli aktyoru rejissor yaxşı oynadıb. Çox nadir hallarda yaxşı rejissor işi olmayan filmdə yaxşı aktyor oyunu olur. Belə aktyorlar azdır, bizdə bunu bacaran tək aktyor Fuad Poladov idi. Adını çəkmək istəmədiyim bir neçə məşhur aktyorumuz var ki, yaxşı rejissor işində yaxşı oynayıblar, yaxşı rejissor işi olmayan filmlər də pis gündədirlər, çünki fərdi göstəriciləri çox aşağıdır.

Ailənizdə incəsənətlə məşğul olan başqa insanlar var? 

- Yox, olmayıb, amma atam çox gözəl rəqs edirdi. Toylarda "Kəsmə" havası ifa ediləndə bütün kənd, rayon əhalisi bilirdi ki, atam rəqs edir. Nəinki ailəmiz, nəslimiz, hətta doğulduğum bölgədə incəsənət sahəsini seçənlər elə də çox deyil.

Çətinlikləri və bir çox insanın bilmədiyi xüsusiyyətləri ilə aktyorluq necə bir peşədir?

- Bütün sahələrdə çətinlik var. Aktyor olmaq üçün əvvəlcə Tanrı sənə istedad verməlidir, sonra bu istedadı üzə çıxarmaq üçün bilik qazanmalısan. Bir də bəxtin gətirməlidir ki, daha böyük, əhali sayı çox olan ölkədə doğulmalısan. Bizim nə ölkəmizin böyüklüyü, nə də əhali sayımız imkan vermir dünyaşöhrətli aktyor olmağa. Çayda dəniz heyvanları doğulmur, çətinliyi budur.

Son olaraq, kino aləminə, incəsənətə gəlmək istəyən gənclərimizə nə məsləhət verərdiniz?

- Məsləhət vermək mənə görə deyil, öyrəndiklərimi, bildiklərimi ürəklə hər kəsə söyləyirəm, hər kəslə bölüşürəm. Kino sənəti həvəs və arzu ilə tutulacaq yer deyil, yəni istedad qazanılmır. Kimsə özündə istedad hiss edirsə, bu sənətin əsaslarını ya fərdi öyrənməlidir, ya da təhsilini almalıdır. Sonrakı mərhələ isə fərdin özündən asılı olacaq deyil, bu sənətə yaşadığın ölkədə tələbatın olmasından asılıdır. Sənət ehtiras məsələsidir. Hiss edirsənsə ki, yaşaya bilmirsən, sənə heç nə zövq vermir, hansısa başqa aləmdəsən, başqa işlə məşğul ola bilmirsən, obrazlı desək, heç dadını bilmədiyin tiryəkin tüstüsünə düşmüş kimisən, onda əzm və iradə ilə yoluna davam etməlisən. Kino sənəti insanları cəmiyyətdə daha çox tanıdır, məşhurluq an məsələsidir, buna görə də daha çox cəlbedicidir. Amma bir sözü qəti olaraq deyəcəm, sənət xoşbəxt olmaq istəyən insanların məkanı deyil. Məşhurluq bədbəxt insanların xoşbəxt görüntüsüdür.

 Aytac Əhmədova.

Paylaş
Şərh əlavə et