Qəzza zolağındakı Mülki Müdafiə İdarəsi bildirib ki, İsrailin davam edən hücumları və blokadası nəticəsində yaranan yanacaq böhranı fövqəladə hallara cavab vermə qabiliyyətini iflic edib. Qurumun məlumatına görə, mülki müdafiə vasitələrinin 75 faizi yanacaq çatışmazlığı səbəbindən fəaliyyətini dayandırıb.
İsrail martın 2-də ərzaq, dərman və humanitar yardım axınını dayandıraraq sərhəd keçidlərini bağladıqdan sonra Qəzza zolağı dərin humanitar böhranla üzləşib. Qəzzadakı Fələstin hökumətinə məxsus mənbələrin verdiyi məlumata görə, bölgədə genişmiqyaslı aclıq hökm sürür və aclıqdan həyatını itirənlərin sayı 57 nəfərə çatıb. Onların əksəriyyəti uşaqlardır.
Dünya Bankının məlumatına əsasən, son 20 ayda İsrailin hücumları nəticəsində yoxsulluq daha da dərinləşib və Qəzzada yaşayan 2,4 milyon fələstinli demək olar ki, tamamilə xarici yardımdan asılı vəziyyətə düşüb.
Mənbə:TRT HABER
Tərcümə etdi: Fidan Fərhad
