Bu gün:

“Qarşıdakı yarış mənim son Olimpiada çıxışım olacaq” - Cəbrayıl Həsənovla MÜSAHİBƏ


24Media-nın budəfəki müsahibi sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü, 3 qat Avropa çempionu Cəbrayıl Həsənovdur. 

Cəbrayıl bəy, 9 yaşınızdan güləşlə məşğulsunuz. İdmana gəlişinizdə və uğurlarınızda kimlərin əməyi var?  

 - İlk növbədə, rəhmətlik atamın xüsusi rolu var. Çünki məni güləşə atam gətirib. Ondan əlavə, şəxsi məşqçim Aslan Ağayev üstümdə çox əziyyət çəkib. Mən çətin dövrümü onunla birlikdə başa vurmuşam.

 Uşaqlıqda güləş ilə yanaşı futbola da həvəsiniz olub. Bəs niyə futbol yox, məhz güləş? 

 - Uşaq vaxtı həftədə 3 dəfə güləşə gedirdim, 3 dəfə də futbola. Futbola marağım böyük idi. Rayonda öz yaşıdlarım arasında kapitan mən idim. Bizim uşaq olduğumuz həmin dövr təsadüfən elə məhz Namiq Abdullayevin güləşdiyi dövr ilə üst-üstə düşdü. Məndə də güləşə həvəs daha çox məhz bu vaxtdan Namiq Abdullayevin sayəsində yaranmağa başladı. Doğrusu, mənim güləş seçimimdə atamın da təkidi olmuşdu. O zaman mən güləşi o qədər də istəmirdim, futbolu sevirdim. Sonra atamın sayəsində güləşə gəldim və gəlməyimə də peşman deyiləm. Şükürlər olsun, elə yaxşı ki, məhz güləşi seçmişəm. 

Necə düşünürsünüz, güləşdə olduğu kimi futbolda da uğurlar qazanıb, tanınmış oyunçu ola bilərdinizmi? 

 - Qismət. Allah belə məsləhət bilib, belə də olub. Azərbaycanda mən güləş ilə qazandığım uğuru futbolçu olaraq qazana bilməzdim. Futbolçular hamısı bizim dostumuzdur. Yəni Qara Qarayev və başqaları olsun, hamısının xətrini çox istəyirəm, amma reallıq budur ki, hazırkı zirvəni futbolla əldə edə bilməzdim.  

 Avropa çempionatı, Olimpiada və Dünya çempionatında da bir neçə dəfə uğurlar qazanmısınız. Bu uğurlardan sonra həyatınızda nələr dəyişdi? 

 - Əlbəttə ki, bu həyatda daha çox tanınırsan. Artıq əvvəlki zamandan fərqli olaraq səndən daha çox məsuliyyətli olmağın tələb olunur. Bütün yarışlarda - Avropa oyunlarında, Dünya Çempionatında üzərində, həqiqətən, böyük məsuliyyət olur, hər kəs səni izləyir. İlk dəfə qalib gəlmisən, bu dəfə də qalib gəlməlisən. Deməsinlər ki "bəxti gətirdi" və s. Ona görə də əvvəlkindən daha diqqətli və məsuliyyətli olursan. 

Karyeranız boyu bir neçə dəfə erməni rəqiblərlə qarşılaşaraq qalib gəlmisiniz. Qarşılaşma zamanı hansı hisslər keçirirdiniz? 

 - Bəli, mən ermənilərlə çox qarşılaşmışam. Ermənilərlə rəqib olanda fikirləşmirsən ki, uduzaram və s. Düzdür, mən əsgərliyə getməmişəm, cəbhə xəttində, döyüş bölgəsində olmamışam, müharibədə iştirak etməmişəm, amma, həqiqətən, o anda elə bir hiss keçirirsən ki, sanki bütün xalq sənə baxır, erməni ilə güləşirsən və bu, bir döyüşdür. Onu fikirləşirsən ki, bu döyüşdə qalib gəlim, daha sonra kimə olur olsun məğlub olaram. Erməni güləşçi ilə güləşən zaman çox böyük məsuliyyət daşıyırsan. 

 Hər il təşkil olunan güləş üzrə Azərbaycan çempionatının səviyyəsini necə dəyərləndirirsiniz? 

 - Normaldır. Düzdür, əvvəlki dövrlə müqayisədə son illərdə bir az düşüş müşahidə edilir, bəzi çəkilərdə rəqabət azalıb və zəif çıxış edirlər. Amma belə deyərdim ki, əvvəlki dövrlərdən heç də geri qalmamağa çalışırlar. 

 Ən sevimli güləşçiniz kimdir?  

 - Namiq Abdullayevi qeyd edərdim. O, mənim həm də idealım olub. Mən onun vurğunuyam. Azərbaycanda sərbəst güləş deyiləndə ilk olaraq onun adı ağıla gəlir. Daha sonralar biz, yəni mən, Hacı Əliyev, Toğrul Əsgərov sərbəst güləşə start vermişik. 

Özünüzə Azərbaycan və dünyada kimləri rəqib görürsünüz? 

- Dünya, Olimpiya və Avropa çempionatına, bir sözlə, yarışlarda döşəyə çıxan hər bir kəsi özümə rəqib görürəm. Yarışlara gələn güləşçilərin hər biri öz ölkəsində sayılıb-seçilən, güclü, çempion güləşçilər olur. Ona görə də rəqiblərim heç də zəif olmur. Mənə görə qarşılaşdığım ən güclü rəqiblər İran, Amerika Birləşmiş Ştatları və Rusiya güləşçiləri olub. Yəni hansı çəki üzrə güləşmişəmsə, həmin çəki üzrə əsas rəqiblərim məhz bu sadaladığım ölkələrin güləşçiləri olub. 

 Professional bir idmançı üçün karyerasının zirvəsi Olimpiya oyunlarının qızıl medalını qazanmaqdır. Necə düşünürsünüz, bu, sizdə alınacaq? 

 - Çalışıram ki, alınsın. Mən 2012-ci ildə Olimpiadaya gedəndə qızıl medal qazanmaq üçün getmişdim. Qismət olmadı. 3-cü yer uğrunda mübarizəyə qoşulsam da, bir az həvəssiz yanaşdım deyə məğlub oldum və 3-cü yerin mükafatını da ala bilmədim. Amma bir müddət keçdikdən sonra çox peşman oldum ki, nəyə görə mən bürünc medal uğrunda yaxşı çıxış etmədim? Əgər bir qədər həvəsli yanaşsaydım, qalib gələ bilərdim. Həqiqətən, sonralar fikirləşirsən ki, Olimpiadada bürünc medal da medaldır. 4 ildən bir olur və burada dünyanın ən güclü idmançıları iştirak edirlər. Bu, Dünya və Avropa çempionatı deyil ki, hazırlaşasan, bu il olmazsa, gələn il uğur qazanasan. Mən 2016-cı ildə hakimlərin haqsızlığı olsa da, medalsız qalmadım. Şükür Allaha. Qarşıda həm Olimpiada, həm də Dünya Çempionatı yarışları var. Məqsədim hələlik sırf ora hazırlaşıb, qələbə qazanmaqdır. İnşallah, Olimpiada mənə də qismət olar. 

Bəzi idmançılar Olimpiya oyunlarında qızıl medal qazandıqdan sonra karyeralarına son qoyurlar. Sizin də kifayət qədər yaşınız və təcrübəniz var. Gələcəkdə Olimpiadada qalib olsanız, siz də sözügedən idmançılar kimi karyeranızı zirvədə bitirəcəksiniz, yoxsa idmana davam? 

 - Mənim az yaşım yoxdur. 24-25 yaşım olsa idi bəlkə hə, amma mənim 30 yaşım var. Düşünürəm ki, qarşıdakı yarış mənim son Olimpiya çıxışım olacaq. Bundan sonra karyeramda düşüş olsa da, olmasa da karyeramı sonlandıracam. 

 Ölkəmizdə, ümumiyyətlə, dünyada belə bir tendensiya var, idmançılar karyeralarını başa vurduqdan sonra müəyyən vəzifələri tuturlar. Elə bir çox idmançımız da hazırda müxtəlif dövlət orqanlarında çalışırlar. Sizə də bu təklif gəlsə, razı olarsınızmı? Belə bir gözləntiniz varmı? 

 - Mən hazırda Dövlət Sərhəd Xidmətində zabit vəzifəsində çalışıram. Amma Federasiyada və ya digər orqanlarda işləməyi nəzərdə tutursunuzsa, həqiqətən, çox istəyərəm ki, karyeramı bitirdikdən sonra gənclərə öz bildiklərimi öyrədim. İstəyərəm ki, gələcəkdə güləşçilərimizdən Namiq Abdullayev, Toğrul Əsgərov, Hacı Əliyev kimi idmançılar çıxsın. İnşallah, biz də gələcək nəsil üçün əlimizdən gələni edəcəyik ki, gələcəkdə yarışlarda Azərbaycanın bayrağını dalğalandıran, fəxr ediləsi güləşçilər yetişsin. 

Qarşıdakı planlarınız necədir? 

 - Mənim hazırda İranla müqaviləm var. Yəni yollar açıldıqda birinci planım İrana getməkdir. Amma əsas planım qarşıdan gələn Dünya və Olimpiya oyunlarına ciddi hazırlaşmaq və Azərbaycanın bayrağını ucaldıb, xalqımızı qələbələrimlə sevindirməkdir. 

Vurğun Mədətov

Paylaş
Şərh əlavə et