Bu gün:

Duolingo AI ilə podratçıları əvəzləyir: Yaradıcılıq təzyiq altındadır


Duolingo bu həftə süni intellekti ön planda saxlayaraq podratçı işçiləri əvəz etməyi planlaşdırdığını açıqlayıb. 

Şirkət “AI-öncəli” modelə keçdiyini elan edib. Jurnalist Brian Merchant bu addımı süni intellektin iş bazarında yaratdığı böhranın artıq başladığını göstərən əlamət kimi dəyərləndirib.

Merchantın danışdığı keçmiş Duolingo podratçısı isə bu siyasətin yeni olmadığını bildirib. Məlumata görə, Duolingo artıq 2023-cü ilin sonunda podratçı heyətinin 10 faizini ixtisar edib. 2024-cü ilin oktyabr ayında isə daha bir ixtisar dalğası həyata keçirilib. Hər iki mərhələdə əvvəlcə tərcüməçilər, sonra isə yazıçılar AI ilə əvəz olunublar.

Brian Merchant, The Atlantic-də yayımlanan araşdırmalara istinad edərək, yeni məzunlar arasında qeyri-adi dərəcədə yüksək işsizlik səviyyəsinin də AI texnologiyalarının təsiri ilə əlaqəli ola biləcəyini bildirib. Onun fikrincə, şirkətlər başlanğıc səviyyəli “ağ yaxalı” işləri AI ilə əvəz edir və ya süni intellektə ayrılan xərclər yeni işə qəbul üçün nəzərdə tutulan vəsaiti sıxışdırır.

Merchant bu böhranı “rəhbərlik səviyyəsində alınan qərarların nəticəsi” kimi dəyərləndirərək bildirir ki, icraçılar əmək xərclərini azaltmaq və təşkilatlarda nəzarəti mərkəzləşdirmək məqsədilə AI-yə üstünlük verirlər. Bu tendensiya yaradıcılıq sənayesində iş itkilərinə, freelancer sənətçilər, yazıçılar və illüstratorların gəlirlərinin azalmasına səbəb olur.


Mənbə: Techcrunch 

Tərcümə etdi: Zeynəb Yunuszadə



Paylaş
Şərh əlavə et