Bu gün:

Alimlər kainatda qızılın yeni mənbəyini müəyyən ediblər


Yeni aparılan tədqiqatın nəticələrinə əsasən, kainatda qızıl və digər ağır elementlərin yaranmasına səbəb ola biləcək alternativ bir mənbə müəyyən edilib – maqnetarlar, yəni yüksək dərəcədə maqnitləşmiş neytron ulduzlar. Bu kəşf alimlərə uzun illərdir cavab axtardıqları bir suala qızıl kimi ağır elementlərin kosmik mənşəyi ilə bağlı yeni bir nəzəri ehtimal təqdim edir.

İndiyə qədər aparılan araşdırmalar göstərirdi ki, belə elementlər əsasən neytron ulduzlarının toqquşması nəticəsində yaranır. Neytron ulduzları partlamış ulduzların çox sıx nüvələridir və bir çay qaşığı maddələri Yer üzündə bir milyard ton çəkə bilər. Maqnetarlar isə bu ulduzların xüsusilə parlaq və güclü maqnit sahəsinə malik növləridir.

Yeni araşdırma zamanı alimlər 2004-cü ildə qeydə alınan maqnetar partlayışına dair arxiv məlumatlarında gamma şüalanmasının izlərini aşkarlayıblar. Onlar bu siqnalı əvvəllər müşahidə etmişdilər, lakin o dövrdə mənasını anlaya bilməyiblər. Kolumbiya Universitetinin doktorantı Anirudh Patel və onun həmkarları tərəfindən hazırlanan nəzəri model həmin gamma şüalanması ilə yüksək uyğunluq göstərib. Bu uyğunluq maqnetar partlayışları zamanı ağır elementlərin yarana biləcəyinə dair güclü ehtimal yaradır.

Maqnetarlarda bəzən "ulduz zəlzələsi" (starquake) adlandırılan hadisələr baş verir. Bu zaman səthdə toplanan gərginlik partlayışa səbəb olur və nəticədə rentgen və gamma şüaları yayılır. Tədqiqatçılar ehtimal edirlər ki, bu partlayışlar ulduzun qabığından maddələrin yüksək sürətlə atılmasına səbəb olur və həmin şəraitdə ağır elementlər, o cümlədən qızıl formalaşa bilər.

Bununla belə, bəzi alimlər bu nəzəriyyəyə ehtiyatla yanaşırlar. İtaliya Universitetinin professoru Eleonora Troja bu tədqiqatın nəticələrini maraqlı adlandırsada, maqnetarların qarışıq və qeyri-sabit obyektlər olduğunu bildirir. Onun fikrincə, burada qızıl əvəzinə daha çox yüngül metallar, məsələn, zirkonium və ya gümüş yaranma ehtimalı daha yüksəkdir.

Bütün bu ehtimallara baxmayaraq, alimlər düşünürlər ki, maqnetar partlayışları Süd Yolu qalaktikasındakı dəmirdən ağır elementlərin 10 faizinin yaranmasına cavabdeh ola bilər. 2027-ci ildə NASA tərəfindən orbitə buraxılması planlaşdırılan COSI teleskopu bu ehtimalları daha dəqiq araşdırmağa imkan verəcək. Yeni teleskop maqnetar partlayışlarını müşahidə etməklə həmin ağır elementlərin yaranmasını daha yaxından izləyə biləcək.

Mənbə: CNN

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et