Bu gün:

Ço Tae-yul Dəməşqdə: Yeni diplomatik mərhələ


10 aprel 2025-ci ildə Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yul Dəməşqə səfər edib. Cənubi Koreya mətbuatı bu səfəri “diplomatik casusluq romanından bir səhnə” ilə müqayisə edib.

Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şara və xarici işlər naziri Əsəd Şeybani ilə görüşləri əhatə edən səfər həm Seul, həm də Dəməşq üçün strateji baxımdan fövqəladə əhəmiyyətə malik bir addım kimi qiymətləndirilib.

2024-cü ilin sonunda Əsəd hökumətinin devrilməsindən sonra Şaranın rəhbərlik etdiyi keçid hökuməti Cənubi Koreya ilə rəsmi əlaqələr qurmağa çalışaraq Şimali Koreyadan uzaqlaşmağa başlayıb.

Cənubi Koreya üçün bu təşəbbüs Şimali Koreyanın diplomatik təcrid olunması istiqamətində mühüm bir irəliləyiş kimi dəyərləndirilib. Suriya Seulun diplomatik əlaqə qurmadığı Şimali Koreyadan başqa Birləşmiş Millətlər Təşkilatının sonuncu üzvü idi.

Suriyada 1960-cı illərdən bəri ilk dəfə olaraq Cənubi Koreyaya qarşı siyasi mövqenin dəyişməsi ölkənin xarici siyasətində köklü dəyişikliklərə işarə edib.

Cənubi Koreya Xarici İşlər Nazirliyi bu inkişafı “yeni əməkdaşlıq dövrünün başlanğıcı” kimi qiymətləndirərək Suriyanın yeni hökumətinin Cənubi Koreyanı “yenidənqurma üçün strateji tərəfdaş” kimi gördüyünü vurğulayıb.

Mənbə: BBC News

Tərcümə etdi: Səyyarə Mirzəyeva

Paylaş
Şərh əlavə et